Tarix : 2009 Mar 13
Kod 11089

AZƏRBAYCAN-İRAN ƏLAQƏLƏRİ DAHA DA GÜCLƏNİR

İlham Əliyev: “Biz heç bir xarici ölkəyə İranla Azərbaycanın dostluq əlaqələrinə təsir göstərmək icazəsi verməyəcəyik”
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İrana səfər etdi. Bu səfər həm ikitərəfli münasibətlərə dair danışıqlar aparmaq, həm də Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə qatılmaq məqsədi daşıyırdı.
İqtisadi Əməkdaşlıq Təşkilatının 10-cu Zirvə Toplantısı İranın paytaxtı Tehranda keçirilirdi. Sadabat Sarayındakı toplantıya Azərbaycanla birlikdə ev sahibi İran, Türkiyə, Pakistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və Tacikistan təmsil olunurdu. Zirvədə təşkilat üzvü ölkələr arasındakı ticarət və iqtisadiyyat başda olmaqla digər bütün sahələrdəki əlaqələrinin inkişafı müzakirə edilib. Ən əsas məsələ isə təşkilata üzv ölkələr arasındakı sərbəst ticarətin qurulması olub.

Görüşdə qlobal maliyyə maliyə böhranı və nəticələrinə qarşı İqtisadi Əməkdaşlıq Təşkilatın nəzdində aparılacaq tədbirlər də ələ alınıb. Zirvəyə Azərbaycanı, İranı, Türkiyəni, Pakistanı, Əfqanıstanı, Türkmənistanı, Tacikistanın ölkə prezidentəri, Qazaxıstanın baş nazir, Özbəkistanın Palrmanent sədri İlgizar Sabirov və Qırğızıstanı baş nazirin müavini Ömürbek Babanov təmsil edib. Bundan başqa zirvəyə İraq dövlət başçısı Cəlal Təlabani, Qətər Əmiri Şeyx Həmad Bin Xəlifə Əl Tani, habelə Suriya prezidentinin müavini Fərrux Şara da qonaq kimi qatılıblar.

Müxtəlif görüşlər keçirmək üçün İranda olan BMT Baş Assambleyasının rəhbəri Miquel D'Escoto da zirvədə çıxış edib. Zirvənin sonunda təşkilata rəhbərlik Azərbaycandan İrana keçib. Zirvəni yerli və əcnəbi olmaqla 500 jurnalist izləyib.

Qeyd edək ki, ölkə prezidentinin İran İslam Respublikasına səfəri dünya mediyasında da çox maraqla izlənilib. Bir çox dairələr isə Azərbaycan-İran arasındakı yaxınlaşmadan narahatlıq belə keçiriblər. Buna səbəb isə prezident İlham Əliyevin İranın ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei ilə olan görüşü olub. Beləki, Martın 10-da prezident Tehranda İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.

AzərTAc-ın məlumatına görə, tərəflər Azərbaycan-İran münasibətlərinin genişlənməsi perspektivlərindən danışıblar. Həmçinin Cənab Ayətullah Xamenei söhbət zamanı iki ölkə arasında özünəməxsus müştərək nöqtələrin olduğunu, Azərbaycan və İran arasında hər hansı yaxınlığın Amerika və İsraili qıcıqlandırdığını bildirib. O, Amerikalılar və Sionist İsraillilərin İran ilə Azərbaycan Respublikası arasındakı əlaqələrin inkişaf etdirilməsindən narahat olduqları və buna görə qarşı çıxışlar və qıcıqlandırmalarla iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsinə maneə törətməyə çalışdıqlarını xatırladaraq, "Bu cür təxribat cəhdlərinə qarşı qəti və ciddi tədbir görmək və İran-Azərbaycan arasındakı imkanlara arxalanaraq, aradakı qardaşlıq əlaqələrini daha da inkişaf etdirmək gərəkdir" deyə vurğulayıb. İran rəsmiləri ilə görüşlərin uğurlu olduğunu vurğulayan İlham Əliyev isə iki ölkə arasında münasibətlərin genişlənməsi üçün bütün imkanlardan yararlanacağını vurğulayıb: «Biz münasibətlərin bütün sahələrdə genişləndirilməsinə səy göstəririk. Bəziləri ölkələrimizin əlaqələrinə təsir göstərməyə çalışır. Lakin biz heç bir xarici ölkəyə İranla Azərbaycanın dostluq əlaqələrinə təsir göstərmək icazəsi verməyəcəyik» deyib. Daha sonra Azərbaycan prezidenti İlham Əliyev İran inqilabının rəhbəri Ayətullah Xomeyninin məqbərəsini ziyarət edib. AzərTAc-ın məlumatına görə, hərbi orkestrin ifasında Azərbaycanın və İranın dövlət himnləri səslənib. İ.Əliyev İran inqilabı rəhbərinin məqbərəsinə əklil qoyub və xatirə kitabına ürək sözlərini yazıb.

Sammit zamanı prezident İlham Əliyev ECO-nun dünyada əhəmiyyətli bir təşkilata çevrildiyini vurğulayıb. "Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı regionda və dünyada tanınmış bir quruma çevrilib". Dövlət başçısı deyib ki, təşkilat nə qədər inkişaf edərsə, bu, bir o qədər təşkilata üzv ölkələrin xeyrinədir. Azərbaycan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında aparılan müzakirələri müsbət qiymətləndirib. İlham Əliyevin sözlərinə görə, indiyədək enerji təhlükəsizliyi, yük daşımaları və digər sahələrdə təşkilata üzv ölkələr arasında əməkdaşlıq məqsədilə səmərəli müzakirələr aparılıb.

İran prezidenti Mahmud Əhmədinejad isə bildirib ki, beynəlxalq "ədalətsiz iqtisadi sistem" öz yerini millətlərin haqlarına riayət edən sistemə verməlidir. O, iclasda təşkilata üzv ölkələr arasında vahid valyutanın seçilməsi, ECO adı altında bank yaradılması, ölkələr arasında idxal-ixrac əməliyyatlarında rüsum və vergilərin ləğv olunması, mal dövriyyəsinin həcminin artırılması təşəbbüsü ilə çıxış edib. İran prezidenti Birləşmiş Ştatlar rəsmilərini dünyanın digər ölkələrinin iqtisadi güclərini zəiflətməkdə ittiham edib. Dünyada olan iqtisadi siyasəti "faydasız və ədalətsiz" adlandıran Əhmədinejad deyib ki, dünyada yürüdülən iqtisadi siyasət digər xalqların ziyanınadır.

Sammitdə iştirak edən Türkiyə prezidenti Abdullah Gül təşkilata üzv dövlətlərin birgə səylərinin bölgədə sülh və istiqrara xidmət edəcəyini bildirib. Türkiyə prezidenti onu da vurğulayıb ki, quruma üzv ölkələr tez bir zamanda öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. "Qloballaşan dünyada bir çox problemlərin həlli təkbaşına mümkün deyil. Buna görə də dövlətlər bir çox sahələrdə və o cümlədən iqtisadi sahələrdə bir-biri ilə əməkdaşlıq etməlidirlər",- deyə Gül bildirib. Türkiyə prezidenti onu da əlavə edib ki , ECO-ya üzv ölkələr öz aralarında gömrük xərclərini azaltmalıdırlar.

Xatırladaq ki, İƏT hökumətlərarası regional təşkilat hazırki formatında 1992-ci ilin noyabrında yaradılıb. Həmin vaxt artıq mövcud olan İran-Pakistan-Türkiyənin daxil olduğu üçtərəfli iqtisadi ittifaqa keçmiş SSRİ-nin 6 dövləti-Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan qoşulub.
  • Yazılıb
  • da (də) 2009 Mar 13