Azərbaycan servisi/Aran Agentliyi
Artiq neçə illərdir parlamentin martda keçirilən plenar iclaslarında gərginliklər baş verir, deputatlar əlbəyaxa savaşmaq həddinə çatırlar. Ancaq bu, təbiət və fəsillə bağlı məsələ deyil, ölkədaxili siyasətlə bağlıdır. Çünki hər il bu vaxt hökumət parlament qarşısında hesabat verir. Xatırladaq ki, iki il öncə Hüseyn Abdullayev və Fəzail Ağamalının əlbəyaxa davaya çıxması da hpkumətin hesabatının üstündə olmuşdu. Bu dəqiqələrdə parlament müxbirimizdən aldığımız xəbərə görə, parlamentdə yenə də əsəblər gərilib.
Buna səbəb deputatlar arasına qoyulan ayrı-seçkilik olub. İsrarla söz istəyən, ancaq heç cür sədarətdən çıxış imkanı ala bilməyən Pənah Hüseyn YAP-çı həmkarı Siyavuş Novruzovun başqa deputatın yerinə çıxış etdiyini görüncə, buna etiraz edib.
Bundan sonra Siyavuş Novruzovla onun arasında söz dueli baş verib. Spiker Oqtay Əsədov münaqiəşəyə müdaxilə edərək deputatları sakitləşdirib. Ancaq çıxışına davam edən Novruzov sönməkdə olan ocağın üstünə yenidən benzin çiləyib, deyib ki, korrupsiya və rüşvətxorluğu Azərbaycana Pənah Hüseyn və onun təmsil olunduğu iqtidar komandası gətirib.
Bu haqsız sözdən olduqca möhkəm əsəbiləşən Pənah Hüseyn ayağa qalxaraq bildirib ki, o, 3 dəfə həbsdə olub və barəsində səslənən bütün ittihamlar dəfələrlə araşdırılıb, hakimiyyətin əlinə onu ittiham edə biləcək fakt keçməyib. P.Hüseyn deputat həmkarını məsuliyyətli olmağa, ağzına gələni danışmamağa çağırıb.
Spiker yenə də onları sakitləşdirməyə çalışıb.
Müxbirimizin verdiyi xəbərə görə, fasilədə jurnalistlərə açıqlama verən Pənah Hüseyn deyib ki, iclasları bu cür apardığına, deputatların iştirakına imkan yaratmadığına görə nəvbəti iclasda spiker Oqtay Əsədovun istefa məsələsini qoyacaqlar.
Daha sonra deputat müxbirimizlə söhbətində “dəhşətli korrupsiya faktları”ndan (ifadə P.Hüseynə məxsusdur) da bəhs edib. Buraya ölkəyə avtomobil, yağ gətirilməsi və sair sahələrdə yol verilən maxinasiyalar daxildir.
“Yeni Müsavat”ın sabahkı sayında parlamentdə baş verən insidentin təfərrüatlarını, habelə Pənah Hüseynin çarpıcı açıqlamalarını oxuya biləcəksiniz.