Tarix : 2009 Mar 13
Kod 11116

MƏKTƏBLƏRDƏ PUL VƏ HİCAB «ƏMƏLİYYATI» DAVAM EDİR

Bakının 23, 36, 258 saylı məktəblərindən şikayətlər çoxalıb
Azərbaycan servisi/Aran Agentliyi
Təhsil Nazirliyinin bütün cəhdlərinə baxmayaraq, Bakının 23, 36 və 258 saylı məktəblərində şagirdlərə qarşı pul və hicab «əməliyyatı» davam edir.

Bu barədə məlumatı Qaynar.info-ya sözügedən məktəblərdə təhsil alan şagirdlərin adının çəkilməsini istəməyən valideynləri veriblər. Valideynlərin sözlərinə görə, Nərimanov rayonunda yerləşən 36 və 258 saylı məktəblərdə 8 mart bayramı münasibətilə şagirdlərdən külli miqdarda rüşvət yığılıb: «Müvafiq olaraq 8-ci sinifə qədər olan siniflərdən 20, 8-dən yuxarılardan isə 50 manat pul tələb olunub. Rüşvət verməkdən imtina edən yuxarı sinif şagirdlərini isə attestat qiymətləri ilə hədələyirlər».

Valideylərin dediklərinə görə, adıçəkilən iki məktəbdə hicablı qız şagirdlərinə qarşı da diskriminasiya davam edir. Övladı 258 saylı məktəbdə təhsil alan valideynin dediklərindən: «Mənim qızımla hicablı bir qız oxuyur. Direktor Sədaqət Hüseynova ondan dəfələrlə həm şagirdlərin arasında, həm də öz kabinetində ya hicabı çıxarmağı, ya da məktəbi dəyişməyi tələb edib».

23 saylı məktəbi təmsil edən bir qrup valideyn isə Qaynar.info-la əlaqə saxlayaraq, məktəbdəki rüşvət yığımından narazılıq etdi. Valideyn, Qadınlar günü münasibəti ilə şagirdlərdən 50 manata yaxın rüşvət yığıldığını və bayram bitməsinə baxmayaraq, bu işin hələ də davam etdirildiyini bildirdi: «Şagirdlərin hədiyyə vermədiyi müəllimlər gəlib uşaqlara deyirlər ki, niyə başqasına vermisən, mənə yox?! Mənim də payımı gətir».

Qaynar.info olaraq məsələni dəqiqləşdirmək üçün yazıda adıkeçən məktəblər, Təhsil Nazirliyi və şəxsən nazir Misir Mərdanovla əlaqə yaratmaq cəhdlərimiz baş tutmadı. Nazirliyin mətbuat xidmətinin və məktəblərin telefonlarının dəstəklərini qaldıran olmadı. Yalnız 23 saylı məktəbdə dəstəyi qaldıran katibə xanım direktorun yerində olmadığını bildirdi.
  • Yazılıb
  • da (də) 2009 Mar 13