Tarix : 2009 Mar 14
Kod 11135

ÜÇ DÖVLƏT APRELİN 24-NÜ GÖZLƏYİR

Türkiyə-Ermənistan razılaşması 40 gündən sonra faş olacaq
Türkiyə servisi/Aran Agentliyi
Bu gün Türkiyə iqtidarına bağlı mənbələr Ankaranın İrəvanla diplomatik münasibətlər qurmağa və sərhədləri açmağa yaxın olduğu haqda daha bir xəbər yayıblar. Baş nazir Rəcəb Tayyib Ərdoğanın kürəkəninə məxsus “Sabah” qəzetində yer alan məlumatda deyilir ki, Ermənistanla 2007-c ilə İsveçrənin Bern şəhərində başlayan gizli danışıqlar sona çatmaq üzrədir. Tərəflər qarşılıqlı münasibətlərin yaradılması və sərhədlərin açılması barədə razılaşma əldə ediblər, indi bu razılaşmanın nə zaman açıqlanacağı haqda müzakirələr gedir.
Bir gün əvvəl AKP-yə bağlı “Star” qəzeti xəbər vermişdi ki, razılaşmanın ermənilərin “soyqırım” günü kimi qeyd etdikləri 24 apreldən əvvəl açıqlamaq və bununla da Amerikanın “soyqırımı” tanımasını önləmək nəzərdə tutulur. Ancaq “Sabah” yazıb ki, razılaşmanın elan edilməsi üçün aprelin 24-dən sonranı gözləmək daha münasib hesab edilir. Əks halda Türkiyənin ABŞ-ın və erməni lobbisinin təzyiqlərinə boyun əydiyi haqda görüntü ortaya çıxacaq. Bu isə AKP iqtidarı üçün məqabul hesab edilmir.
Bildirilir ki, aprelin 24-dən sonra elan olunacaq sənəddə rəsmi İrəvan və Ankara arasında diplomatik əlaqələrin qurulması, Ermənistanın Türkiyədə, Türkiyənin Ermənistanda səfirliklərinin açılması, ortaq tarix komissiyasının yaradılması, 1915-ci il hadisələrinin araşdırılmasının həmin komissiyaya həvalə edilməsi nəzərdə tutulub. Bundan başqa, sənəddə Qarş Müqaviləsinin müzakirə edilməsi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, sərhədlərin açılması və ticari əlaqələrin qurulması göstərilib.
Bunların bəziləri birbaşa, bəziləri isə mərhələli şəkildə həyata keçiriləcək. Bu prosesə paralel olaraq, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları da davam etdirəcək. Bildirilir ki, Türkiyə paralel şəkildə Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində də danışıqları davam etdirəcək. Bu məsələləri prezident Abdulla Gülün Tehranda Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə etdiyi bildirilir.
“Amerikanın səsi” radiostansiyasının Türkiyə bürosuna müsahibə verən xarici işlər nazirinin müavini, Türkiyənin Bakıdakı keçmiş səfiri, Ermənistanla gizli danışıqlar prosesinə başçılıq edən Ünal Çeviköz də təsdiq edib ki, Ankara İrəvanla normal münasibətlər qurmağa hazırlaşır. Bununla belə, Çeviköz hesab edir ki, Azərbaycanın narahatlığı üçün ortada hər hansı səbəb yoxdur. Onun sözlərinə görə, Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyində dəyişiklik yoxdur. Lakin diplomat Türkiyənin münaqişə həll edilmədən Ermənistanla sərhədlərin açıb-açmayacağı məsələsinə aydınlıq gətirməyib. Çeviköz hesab edir ki, Türkiyə bölgədə vasitəçilik rolunu üzərinə götürməkdən daha çox “asanlaşdırıcı rol” oynayır və bütün tərəflərin etibarını qazanmağa çalışır.
  • Yazılıb
  • da (də) 2009 Mar 14