Tarix : 2009 Mar 17
Kod 11174

Azərbaycanda Referendumla bağlı təşviqat kampaniyası başa çatdı

Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi çərçivəsində aparılan təşviqat kampaniyası başa çatdı
Azərbaycan servisi/Aran Agentliyi
Martın 18-də Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsi çərçivəsində aparılan təşviqat kampaniyası başa çatdı. Martın 17-də təbliğatın aparılması qadağındır, bununla məşğul olan mətbuat vasitələri və təşviqat qrupları cəzalandırıla bilər. Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyevin sözlərinə görə, Seçki Məcəlləsinə görə qanundan kənar təşviqat aparanlar barəsində hətta cinayət işi də qaldırıla bilər: “Burda inzibati cəza ola bilər. Seçki Məcəlləsində elə maddələr var ki, qanunvericiliyə görə hətta cinayət məsuliyyəti də yaradır. Ancaq bütün hallarda buna hüquq müstəvisində qiymət verilir. Sadəcə olaraq, biz özümüz cəza tətbiq etmrik. Biz məhkəməyə müracət edərək, buna hüquqi müstəvidə qiymət veririk”.
Azər Tağıyev bildirir ki, təşviqata ayrılmış vaxt bitəndən sonra referendumun lehinə və ya əlehinə, səsvermədə iştirakı dəstəkləyən və boykot fikrinə əsaslanan bütün çıxışlar və çağırışlar qanun pozuntusu sayılacaq. MSK üzvünün fikrincə, qeydiyyata alınmış təşviqat qrupuna təbliğatın icazə verildiyi dövrdə öz fikirlərini söyləmək üçün lazımi şərait yaradılıb. MSK, bu qruplardan daxil olan şikayətlərə də baxılmasını təmin edilib: “Bütün qrpular on minlərlə insanla görüşlər keçirib. İstər qapalı, istər açıq şəraitdə onlara lazımi şərait yaradılıb. Yalnız bir şikayət daxil olub. "Xalq qəzeti"ndə başlıq səhv getmişdi. Onunla bağlı bizə müracət oldu və məsələ səhəri gün dərhal həll edildi”.
Xatırladaq ki, MSK respublika ərazisində 9, dairə seçki komissiyalarının ərazilərində isə 124 təşviqat qrupunu qeydiyyatdan keçirib. Artıq respublika üzrə səsverməni müşahidə etmək istəyən 2220 müşahidəçi qeydə alınıb və müvafiq vəsiqə ilə təmin olunub. Müşahidəçilər 23 qeyri-hökumət təşkilatını, 5 təşviqat qrupunu və 1 siyasi partiyanı təmsil edir. Dairə seçki komissiyalarında isə müşahidəçi qismində 18 mindən çox vətəndaş qeydiyyatdan keçib.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 17