Tarix : 2009 Mar 17
Kod 11176

AZƏRBAYCANIN REFERENDUMU XARİCİ MƏTBUATDA

“Javno” qəzeti: “Böhranin Azərbaycanı da dişləməyə başladiği bir vaxtda İlham Əliyev hakimiyyətinin ömrünü uzatmağa çalışır
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanda sabah keçiriləcək referenduma xarici mətbuatda diqqət çox azdır. İndiyədək eyni şəxsin məhdudiyyətsiz prezidentliyinə yol açan bu siyasi kampaniya ilə bağlı Qərb mətbuatında ara-sıra xəbərlər gedib, həm də tənqidi notlarda. Son günlər isə Avropa mediasında referendumla bağlı Azərbaycanda insan haqları və demokratiyanın durumu haqda az da olsa geniş məqalələr yer alır. Xorvatiyanın ingilisdilli “Javno” qəzetində dərc edilmiş məqalədə deyilir ki, neft ölkəsi Azərbaycanda prezident İlham Əliyevin 2013-cü ildən sonra da hakimiyyətdə qalmasına yol açan referendum keçiriləcək.
“Onilliklər ərzində Azərbaycanda Əliyevlər ailəsi hakimiyyətdə olub. İndi isə hakim YAP hesab edir ki, İlham Əliyevin iki dəfədən çox prezident seçilməsini məhdudlaşdırmaq demokratik deyil və referendumda bu məhdudiyyəti aradan qaldırmaq istəyir. Hakim partiya hesab edir ki, Əliyev seçkilərdə nə qədər qalib gələ bilsə, o qədər də hakimiyyətdə olmalıdır”.
Qəzet xatırladır ki, müxalifət xalqı referendumu boykot etməyə çağırır, lakin analitiklər konstitusiya düzəlişlərinin təsdiqlənəcəyinə şübhə etmirlər. Bildirilir ki, ötən ilin oktyabrında keçirilən və xarici müşahidçilər tərəfindən demokratik hesab edilməyən seçkilərdə Əliyevə 89 faiz səs yazılıb. Məqalədə xarici işlər nazirinin müavini Araz Əzimovun “Röyter” agentliyinə müsahibəsindən də sitat gətirilir: “O, ölkəni idarə edir, uğur qazanır, nəyə görə də xalq onu dəstəkləməməlidir? Əgər bizim əhalimizin prezidenti dəstəkləmək üçün səbələri varsa, qoy o yenidən hakimiyyətdə qalsın”. Bununla belə, qəzet qeyd edir ki, bəzi Qərb analitikləri Əliyevin öz hakimiyyətini indidən möhkələndirmək istəməsini qlobal iqtisadi böhranın təsirləri ilə izah edirlər. Belə ki, neftin qiymətlərinin aşağı düşməsi hökuməti bir sıra proqramlar üzrə xərcləri azaltmağa məcbur edib.
Neft indiyədək ölkədəki sürətli iqtisadi inkişafın əsas mənbəyi idi. Neft pulları hesabına Bakının hər yerində infrastruktur obyektləri və binalar inşa edilirdi. “Hökumət hesab edir ki, bu tikintilər Əliyevi populyar edir. Lakin Bakıdakı Qərb diplomatları bu fikirlə razılaşmırlar və deyirlər ki, hakimiyyət ölkədə demokratiyanı, söz və mətbuat azadlıqlarını ciddi şəkildə məhdudlaşdırır. Korrupsiya hər yeri bürüyüb və neftdən əldə edilən gəlirlərinin bir hissəsinin mənimsənilməsinə səbəb olur. Paytaxtdan kənarda pis vəziyyətdə olan şəhər və kəndlər görmək olar. Musavat partiyasının başqanı İsa Qəmbər deyir ki, bu referendumla Azərbaycan avtoritar ölkələrin arasında yerini daha da möhkəmləndirəcək. Müxalifət genişmiqyaslı etiraz aksiyaları keçirmək iqtidarında deyil. Referendumda isə cəmi 25 faizlik kvorum var. Gözlənilir ki, neftin qiymətlərinin düşməsi nəticəsində ilin əvvəlində büdcəyə yenidən baxılacaq. Ölkəyə xaricdən pul köçürmələrinin azalması və dayanan tikinti layihələri göstərir ki, böhran Azərbaycanı da dişləməyə başlayıb. Ancaq Bakıdakı yüksək rütbəli Qərb diplomatı deyir ki, hakimiyyət etirazları yatırmaq üçün kifayət qədər güclüdür, buna baxmayaraq pul xərcləmək də lazımdır”.
Londonda yerləşən “Eurasia Group”un analitiki Anna Jelenkoviç də hesab edir ki, gəlirlərin azalması hökumətin narahatlığının artmasının əsas səbəbidir. “Mən hesab edirəm ki, biz stabilliyin təhlükə altında olduğu haqda şübhələrin artdığını görə bilərik. Ancaq bu qısamüddətli narahatlıq deyil, ona görə də Əliyev situasiyanı indidən görür və onu nəzarət altında saxlamaq istəyir. Hələ məlum deyil ki, Azərbaycanda iqtisadi böhranın təsirləri nə dərəcədə ciddi olacaq, hər şey neftin qiymətlərindən asılıdır”, - deyə Jelenkoviç bildirib. (Şəkil "Javno" qəzetindən götürülüb).
  • Yazılıb
  • da (də) 2009 Mar 17