Ağcabədidə büllütenləri qutuya topa ilə atırlar, jurnalisti seçki məntəqəsinə buraxmayıblar və s
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Az R-da ümümxalq səsverməsi, referndum keçirilir. Artıq, səhər saatlarından referenduma start verilib.
Azadlıq radiosunun verdiyi xəbərlərə görə artıq referendumda ilk pozuntular qeydə alınıb.
AĞCABƏDİDƏ BÜLLETENLƏRİ QUTUYA TOPA İLƏ ATIRLAR
«Burada total saxtakarlığa indidən başlayıblar. Rayonun bütün büdcə təşkilatının işçiləri seçkinin başlamasından bir saat sonra artıq səs veriblər».
Bunu «Azadlıq» radiosuna 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı seçki məntəqəsində müşahidəçisi Rüfət Hacıbəyli deyib. Onun sözlərinə görə rayonun su idarəsinin rəhbərliyi, onbaşı və yüzbaşılar əhalinin zorla seçkiyə getməsini təşkil edirlər.
Rüfət Hacıbəyli bildirir ki, müşahidəçiləri saya salmadan bülletenləri qanuna zidd halda topa ilə qutuya salırlar və deyirlər ki, «nə bilirik onu da edəcəyik».
«Gələn seçicilərə «hə» bəndini işarələmək göstəriş verirlər. Şəxsiyyət vəsiqəsi olmayanlar səs verirlər».
82 saylı Ağcabədi seçki dairəsində komissiya üzvi Abdulla Hüseynov isə «Azadlıq» radiosuna bildirib ki, onlara bununla bağlı nə yazılı, nə də şifahi şikayət daxil olmadığından bu məsələdən xəbərdar deyillər.
JURNALİSTİ SƏSVERMƏ MƏNTƏQƏSİNƏ BURAXMAYIBLAR
«Azadlıq» radiosunun müxbiri Babək Bəkir xəbər verir ki, 84 saylı Fizuli seçki dairəsinin 68 saylı məntəqəsi, 118 saylı Ağdam seçki dairəsinin 44 saylı məntəqəsi, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 35 saylı məntəqəsinə seçicilər avtobuslarla gətirilir.
Avtobusların sürücüləri deyib ki, onları 82 saylı marşrutun rəhbərliyi göndərib ki, seçiciləri çatdırsınlar. Onlara bildirilib ki, bu gün xəttə çıxmayacaqlar və lazım olan yerlərə seçiciləri aparacaqlar.
MSK sözçüsü Azər Sarıyev deyib ki, seçicilərin uzaqda yerləşən məntəqələrə daşınmasını təşkil etmək qadağan deyil. İcra strukturları bu vəzifəni həyata keçirə bilər.
118 saylı Ağdam seçki dairəsinin 44 saylı məntəqəsinin sədri Arzu Mövsümova «Azadlıq» radiosunun əməkdaşına deyib ki, avtobusların onlara aidiyyəti yoxdur.
120 Cəbrayıl-Qubadlı 34 saylı məntəqəsinə isə Babək Bəkiri buraxmayıblar qapını bağlayıblar.
GƏNCƏDƏ İLK POZUNTU
«Azadlıq» radiosunun müxbiri Gülnur Raqifqızı Gəncədə 39 saylı dairənin 20 saylı məntəqəsində ilk pozuntu ilə üzləşib.
Qeydiyyatdan çıxarış vərəqəsi olmayan bir şəxsə səs verməyə imkan verilib. Seçki komissiyasının üzvü deyib «eybi yoxdur, gəl səs ver. Bu bizə sərf edir».
Bəzi adamların bildirişlərinə ştamp vurulur. Komissiya üzvləri bunu niyə etdiklərinin səbəbini açıqlamırlar.
ASTRARANIN BİR ÇOX MƏNTƏQƏLƏRİNDƏ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR YOXDUR
77 saylı Astara seçki dairəsinin bir çox məntəqələrində beynəlxalq müşahidəçilər yoxdur. 4 məntəqədə kamera var. Seçici aktivliyi hiss olunmur.
1 saylı seçki məntəqəsində sərhədçilər səs verib. Adamlar seçki kabinəsində çox qısa vaxt sərf edir.
12 seçki məntəqəsi dağ kəndlərində yerləşir.
15-CI DAİRƏNİN 2 SAYLI MƏNTƏQƏSİNƏ MÜŞAHİDƏÇİLƏR HƏLƏ GƏLMƏYİB
«Azadlıq» radiosunun əməkdaşları xəbər verirlər ki, Xətai rayonu 15-ci dairənin 2 saylı məntəqəsində müşahidəçilər hələ yoxdur. Səsvermənin ilk dəqiqələrində onun müşahidələrinə görə, pozuntu qeydə alınmayıb.
Həmin rayonun 36 saylı Xətai 4-cü seçki dairəsinin 2 saylı məntəqəsində artıq 20-dən artıq seçici səs verib.
Məntəqənin qarşısında çevik polis alayının maşınında polislər və yerli mənzil istismar işçiləri var. Məntəqənin içində müşahidəçilər gözə dəymir.