Azərbaycan servisi/Aran Agentliyi
Bismillahir-Rəhmanir-Rəhim.
Sizin fərəhli gününüzdə şənlənərik, qəmli günlərinizdə qüssələnirik. O cümlədən Azərbaycan və İran xalqlarının müqəddəs bayramı sayılan Novruz təbiətlə bərabər qəlblərdə sevgini oyadıb təzələmək üçün gözəl bir fəsildir. Həqiqətən də xalqımızın ən gözəl milli və mənəvi dəyərlərini aşkar şəkildə bütün dünyaya nümayiş etdirən sevinc bayramıdır. Bu günlərdə uşaqdan böyüyədək hər kəs biri-birinin evinə gedərək əhdlərini təzələyər və bir-birlərinə xoş gəldin deyərlər. Kimisi bu bayramı öz əzizləri ilə birgə ata-baba ocağında qeyd edir, kimisi isə illər boyu bu bayramı birgə keçirdikləri əzizlərini ata-baba ocağında deyil yeni mənzilləri olan qəbristanlıqlarda ziyarət edərlər. Bu bayram özündə yoxsullara əl tutmaq və pənah gətirəni əli boş qaytarmamaq kimi insaniyyətin ən ali hədəflərini əks etdirir. Bu bayram xalqımızda o qədər gözəl və xoş təsir buraxmışdır ki, baharın gəlişinə sevinənlər öz evlərini təmir edib, yeni paltarlar alıb bayrama tədarük görərlər. Bayram süfrəmizə gəlincə, onun gözəlliyini sözlə ifadə etmək mümkün deyil. Məhz buna görə də bu gözəllik qarşısındaki emosiyalarımızı biruzə vermək üçün "bəh-bəh" ifadəsi ilə kifayətlənirik. Belə gözəllik və ədəblə dolu həyat tərzini əks etdirən bu müqəddəs bayramımıza bütün dünya bayramlarınn kənaradan həsrətlə baxması təbiidir. Çünki, doğrudan da il boyunca birlik və ünsiyyətin zəiflədiyi bir məqamda novruzun bu meyarlar üzərinə yeni bir təravət gətirməsi bu bayramın dəyərini bir qədər də artırır. "Novruz" sözünün mənası "yeni gün" deməkdir. Mənası fars sözündən götürülən və dini kitablarımızda "Novruz günü" adı altında qeyd olunan bu bayram həqiqətən də ayın 19 və 21-ci günlərində qeydə alınmışdır. (Sərair ibni İdris əl-Hilli .c1. s 315). Dini kitablarda "Novruzu" müxtəlif mənalarda qeyd etmişlər: "niyruz sultanı", "zinət günü", "qədr cəlalətli gün" və bunun kimi çox gözəl adlara da rast gəlmək olar. Bu bayram Nuh və Suleyman (ə) peyğəmbərin dövründə də qeyd olunmuşdur. Bu bayramın digər əlamətdar bir səbəbi də kainatın məhz bu gündə canlılıq qazanmasıdır. Seyyid Rəziyuddin Əli bin Tavus yazır: "madam ki aləmin başlanğıcı bu günə təsadüf edir, bu gün niyə də sevinc və bayram günü kimi qeyd olunmasın.! Ona görə də bu bayram ərəfəsində adəm övladına ona bəxş edilən nemətlər müqabilində Allaha şükr etmək, bu günü oruc və ibadətlə keçirmək müstəhəb olmuşdur." Əl Məali ibni Xənis İmam Sadiqdən (ə) rəvayət edir: "Həqiqətən Novruz günü o gündür ki, Peyğəmbər (s) Əmirul-Muminin Əli (ə) üçün Ğədir Xumda (Allahdan) əhd götürmüşdür və onun vilayətinə iqrar edilmişdir. Xoş o şəxslərə ki (və ya Tuba ağacı) onun (ə) vilayətində sabit qaldılar, veyl (cəhənnəmdəki isti xəndək) olsun onu inkar edənlərə.! Bu həmən gündür ki Allah Rəsulu (s) Əlini (ə) cinlərin vadisinə əhd-peyman almaq üçün göndərmişdir. Bu həmən gündür ki (Əli (ə)), nəhrəvanlılara qələbə gəlmişdir və Za Sədiyəni (lə) (xəvariclərin rəhbəri) qətlə yetirmişdir. Bu həmən gündür ki, Əhli-Beytdən olan Əl-Qaim (əc) (İmam Mehdi) zuhur edəcəkdir, onunla birgə (əc) şiələri meydana çıxacaqdır. (İmam Əl-Qaim (əc)) dəccalı Kufə kilsəsində çarmıxa çəkəcəkdir. Sizlərdən kim novruz günü oruc tutarsa biz onun üçün çətinlikdən asanlığa doğru düzəlməyini Allahdan istəyərik. Çünki bu günlər bizim günlərimizdir. Farslar bunu qorumuş siz isə (ərəb) itirmisiniz (unutmusuz). Sonra da (bu gündə) Öz diyarlarını tərk edərək çıxan minlərlə insanlar, Rəbbi tərəfindən qəzəbə düçar olaraq öldürülmüşdür. Bu qövmün dirilməsinə Bəni İsrail Peyğəmbəri Allahdan diləmişdir və Allah da (peyğəmbərə (ə)) vəhy etmişdir ki bu gündə onların üzərinə su səpsin. Bununla da onlar (su səpmə nəticəsində dirilən qövüm) 30 min il yaşamışlar. Novruz günündə su səpmək keçmişdən qalan sünnət olmuşdur. Bununda səbəbini heç kəs anlamaz illa elmdə möhkəm onlardan başqa .... bu gün farslarda ilin ilk günü sayılar. Məal deyir: İmam (ə) mənə imla edirdi. Məndə hamısını qələmə alırdım. Yenədə Məali deyir: (bir gün) Novruz səhəri Əbu-Əbdullah (Sadiq) (ə) huzuruna daxil oldum. O (ə) mənə buyurdu: "Ey Məali heç bilirsən mi bu gün hansı gündür?" Dedim yox. Lakin bilirəm ki əcəmilər (ərəb olmayan) bu günü əzəmətli tutar, bərəkətlli bilərlər. İmam (ə) buyurdu: "Xeyr and olsun Beytul-Ətiqəyə ki (Kəbə) Məkkənin ortasındadır. Bu gün qədimdən bəri olan bir işdir. İstəyirsən mi bunu açıqlayım? Dedim, sizdən elm almaq mənə yaşamaqdan daha üstündür......İmam (ə) buyurdu: Novruz günü Allah öz bəndələrindən ona ibadət etmələri və şərik qoşmamaları barədə əhd almışdır. Onun risaləti, bəndələrinin huccətlərinə, övliyalarına iman etmələri üzərində qurulmuşdur. O gündə ilk dəfə gün çıxmış, ilk dəfə külək əsməyə başlamış və yer üzündə gözəllik başlanğıca qədəm qoymuşdur. Həmən gündə Nuhun (ə) gəmisi "cudi" yə (dağına) yanaşıb durmuşdur......Bu gündə Allah təala ilk dəfə Cəbraili öz Rəsuluna (ə) endirmişdir. Bu gündə İbrahim (ə) bütləri sındırmışdır. Bu həmən gündür ki, Peyğəmbər (s) Əlini (ə) öz çiyninə alıb Kəbənin üstündəki bütləri yıxıb tikə-tikə etmişdir." Mənsur İmam Kazim (ə) haqqında deyir: "Novruz günü o (ə), evdə oturub ona gələn bayramlıq hədiyyələrini qəbul edərdi." Bir nəfər Əmirul-Muminin Əlinin (ə) yanına novruz hədiyyəsi ilə gəlir. Ağa (ə) soruşur bu nədir? Bu novruz hədiyyəsidir Əmir! deyərək cavab verir. (İmam Əli (ə) demişdir) Belə isə hər günü bizim üçün novruz bayramı edin. (mustədraku-safinə. Şeyx Əli Namazi Şəhrudi c-10. s-26). Bu da novruz bayramında hədiyyə etməyin gözəl əməllərdən olduğuna dəlalət edir. Muhaqqiq Bəhrani "Əl-hədiqə nazira" kitabının 3-cü cild 254 səhifəsində qeyd etdimşdir ki, "Mübahilə" hadisəsi novruz günündə baş vermişdir.
Əlbəttə peyda olan "yeni Azərbaycanlılar" bizim novruz bayramımızı bidət və kafirlərin bayramı kimi elan edirlər. Bizi bu bayramdan əl çəkməyimizi tələb edirlər. Yenədə savadsızlığın son həddində yaşadıqlarını və müqəddəsliyimizin günbəgün aşkar şəkildə aradan getməsini istədiklərini görürük. İndiyədək şəkərbura, paxlava yeyib, vətənin suyunu içib böyüyən cocuqlar, bu gün Azərbaycanın milli dəyərlərindən olan Novruz bayramını bəyənmirlər. Gəlin əzizlərim bu qədər xəyanətkar və vicdansız olmayaq!
Əvvəllərdə dediyim kimi biz din və ənənəmizi müşriklərdən götürmərik. Bayramımızın daha da şən keçməsi üçün bu barədə zamanın ağalarına müraciət edək:
Sual-390: Sizin novruz bayramı haqqında rəyiniz nədir. Qurban və fitr bayramları kimi şəri cəhətdən sabit olmuşdurmu? Müsəlmanların bayramlarından sayılır yoxsa yalnız cümə günü kimi mübarək bir gün sayılır?
Cavab: Xüsusi olaraq dini bayram kimi şəriətimizdə özünə yer tapmamışdır. Amma bayram və ziyarətlərin heç bir eybi yoxdur.
Sual-396: Novruz haqqında rəvayət olunan fəzilət və əməllər düzgündürmü? Rəvayətlərdə göstərilən müstəhəblərə əməl etmək olarmı?
Cavab: Göstərilən əməllər haqqında bir az işkal vardır, bəli müstəhəb əməlləri tələb olunmuş niyyəti ilə yerinə yetirməyin heç də eybi yoxdur .
(Dünya Müsəlmanların Rəhbəri Ayətullah Uzma Seyyid Əli Huseyn Xamenei)
Sual-1628: Dinin novruz bayramı haqqında rəyi nədir?
Cavab: Rəvayətlərdə bu bir bayram kimi qeyd olunmamışdır. Lakin bu günün özünə məxsus əhəmiyyəti olduğunu göstərən rəvayətlərin bəzisindən istifadə etmək olar.
Sual-1629: Novruz bayramı dinimizdə bidət sayılırmı?
Cavab: Xeyr bidət sayılmır.
(Ayətullah Uzma Seyyid Əli Huseyni Sistani)
Sual-1331: Novruz bayramı haqqında rəvayət olunmuş namaz və digər əməlləri qəsdi vurud (yəni gözəl əməl kimi yerinə yetirmək) niyyəti ilə yerinə yetirmək olarmı?
Cavab: Olar.
Ayətullah Uzma Şeyx Cavad Təbrizi))
Belə olduğu təqdirdə bayram gününün müstəhəb olan əməllərinə nəzər salaq.
Ayətullah Uzma Seyyid Burucerdi "Cəmiul-əhadis şiə" kitabının c.7 s.420-də novruz gününün müstəhəbliyi fəslində namaz, oruc, qusl, gözəl ətirli libas və su səpmək kimi əməllər qeyd olmuşdur. Həmin kitabda 6895 ci hədis (misbahul-Şeyx 599) Əl-Məali bin Xənis oda Movlana İmam Sadiqdən (ə) belə rəvayət edir: "Əgər novruz günü oldusa qusl alın, ən təmiz paltarları geyin, ən gözəl ətirlə ətirlənin və həmin günü oruc tutun. Zöhr və əsr nafilələrini qılandan sonra (yəni zöhr və əsr namazlarından sonra, çünki onların nafilələri namazdan öncə qılınır) 4 rəkət namaz qılın (yəni 2 sübh namazı kimi 2 rəkət) birinci rəkətdə fatihədən sonra (həmd surə) 10 dəfə inna ənzəlna (qədr), ikinci rəkətdə həmddən sonra 10 dəfə qul ya əyyuhəl kafirun deyin. (ikinci 2 rəkətli namazın) 1-ci rəkətində fatihədən sonra 10 dəfə qul huvəllah (ixlas), 2-ci rəkətdə həmddən sonra 10 dəfə muəvvizəteyn (10 dəfə fələq dərhal sonra 10 dəfə nas) oxuyun. Namazı bitirdikdən sonra isə şükür səcdəsi edib bu duanı oxuyun. Allah sənin 50 illik günahlarını bağışlayar. :
اللهم صل على محمد وآل محمد الأوصیاء المرضیین ، وعلى جمیع أنبیائك ورسلك بأفضل صلواتك ، وبارك علیهم بأفضل بركاتك ، وصل على أرواحهم وأجسادهم ، اللهم بارك على محمد وآل محمد ، وبارك لنا فی یومنا هذا ، الذی فضلته وكرمته وشرفته ، وعظمت خطره ، اللهم بارك لی بما أنعمت به على حتى لا اشكر أحدا غیرك ، ووسع على فی رزقی یا ذا الجلال والاكرام ، الدعاء .
Son söz. Novruz barəsində 50 dən artıq dini kitablara müraciət edib sizə fayda verən məlumatı qısa şəkildə çatdırdım. Novruz bayramı nə xalqımıza nə də dinimizə heç də qərib bir bayram deyil. Əksinə bu bayram xalqımızın qonaqpərvərliyini və mərdliyini özündə əks etdirən bir ehsandır. Hər bir günahsız günümüz qoy bizə bayram olsun. Allah bizə bu bayramı, nə vaxtdan bəri yolunu gözlədiyimiz Ağamız İmam Mehdiylə (əc) bahəm keçirməyi ehsan etsn. Amin!
BAHAR
Bahar gəldi ki candan qəm aparsın, qəlbdə qəm çoxaldı
O qəddi sərv dərdindən ürək, can laxta qan oldu
Sevənlər dəstə-dəstə bağlayıb yük köçdülər, amma
Bizim əhvalımız, qaldıq geri, xeyli yaman oldu.
Gülün hicrində bülbül, bülbülünsə gül fərağında
Gülüstanda hərə öz şivəsi ilə nəğməxan oldu.
Səba deldarımın gül çöhrəsindən örtüyü aldı
Mənim tək döndüm Məcnuna ona hər kim baxan oldu.
Bahar gəldi gülüstandan, soyuq qaçdı, sarı getdi
Günəşdən bağ yaşıllandı, çəmən gülgün liqa oldu.
Bahar gəldi, bahar gəldi növbəhar gəldi
De aşiqlər mey içsinlər, xumar qalmaq fəna oldu.
İmam Xomeyninin şerindən