Əli Kərimli : müxalifətin mövcud birliyi konkret olaraq antireferendum kampaniyası ilə bağlı yaranıb
Azərbaycan servisi/Aran Agentliyi
Müxalifətin birləşməsi məsələsi gündəmə gəlir. Bu gün keçirilən mətbuat konfransında müxalifətin birliyinin nə dərəcədə real olması məsələsinə münasibət bildirən Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, 18 mart referendumu ərəfəsində müxalifətin birliyi uğurlu bir əməkdaşlıq idi: «Biz ümumi əməkdaşlığın tərəfdarıyıq. Əminəm ki, bu, realdır və faydalı olar». İ.Qəmbər qeyd edib ki, qarşıdan bələdiyyə seçkiləri gəlir və bu ərəfədə müxalifətin əməkdaşlığı məntiqi və faydalı olar.
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət də bildirib ki, getdikcə müxalifətin birliyi aktuallaşır. Azərbaycan Xalq cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli isə bildirib ki, müxalifətin mövcud birliyi konkret olaraq antireferendum kampaniyası ilə bağlı yaranıb. «Bir gördük ki, respublika və Qarabağ prinsiplərinə təhlükə yaranıb. Biz ona görə də bir araya gəldik. Və bizim bir araya gəlməyimiz Azərbaycan xalqı tərəfindən yaxşı qarşılandı. Biz konkert bir qərara gəlməmişik. Bundan sonrakı mərhələni biz məsləhətləşəcəyik. Azərbaycan xalqı da bizim bir yerdə olmadığımı təqdir edir», deyə Ə.Kərimli qeyd edib.