Tarix : 2009 Mar 20
Kod 11244

BİRLƏŞMİŞ MÜXALİFƏT REFERENDUMU SAXTA ELAN ETDİ

İsa Qəmbər: “Bu referendum rejimin ömrünü qısaldacaq”
Azərbaycan servisi/Aran Agentliyi
Dünən Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının liderləri 18 mart referendumu ilə bağlı mətbuat konfransı keçirdilər. Hərəkata daxil olan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva iki dəfədən artıq prezident seçilməyə qoyulan qadağanın ləğvi üçün keçirilən referendumu YAP-ın feodal təfəkkürünün məhsulu sayaraq, imzatoplama kampaniyasından tutmuş təbliğat-təşviqat kampaniyası dövrünədək, bütün mərhələlərdə müxalifətin hüquqlarının məhdudlaşdırıldığını bildirdi.
“İmza toplayanlarımıza və hətta imza verənlərə qarşı təzyiqlər baş alıb gedirdi. Televiziyada hər təşviqat qrupuna həftədə 10 dəqiqə vaxt ayrılmışdı. Mitinqlərə imkan verilmədi. Bütün bunlar əvvəlcədən onu göstərirdi ki, hakimiyyət xalqa alternativ fikrin çatdırılmasında maraqlı deyil. Çünki referendumu saxtalaşdıracaq. Belə də oldu. Bu, bizim üçün gözlənilməz deyildi. Bu referendum onu ortaya çıxardı ki, kölə kimi yaşamaq istəyən insanların miqdarı çox azdır. Mənim üçün bu fakt sevindiricidir. Azərbaycan xalqı kölə kimi yaşamaq istəmir. Məhz buna görə referenduma gəlmədi. Hakimiyyətin bütün inzibati resursları işə salmasına baxmayaraq referenduma gələnlərin sayı 15 faizdən yuxarı olmadı. Xalqın böyük əksəriyyəti kral istəmədiyini referenduma gəlməməklə bəyan etdi və bu iqtidara ”yox" dedi".
AXCP sədri Əli Kərimli referendumun əvvəldən qanun pozuntusu ilə başlandığını və Konstitusiya Məhkəməsinin saxtakarlığı ört-basdır etdiyini dedi: “Təşviqat dövründə də Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun kobud pozuldu. Efir vaxtı görünməmiş şəkildə azaldıldı, mitinqlərə icazə verilmədi. Təbliğat kampaniyası dövründə hakimiyyət vətəndaşlarda qorxu, xof yaratmaq üçün ən müxtəlif qanunsuzluqlara əl atdı. Çoxlu sayda fəal müxalifətçi polis və prokurorluq orqanlarına aparıldı və onlara təzyiq edildi. İki nəfər müxalifətçinin cibinə narkotik atıb həbs elədilər və barələrində ittiham hökmü çıxarıldı. Təşviqat kampaniyasının geniş aparılmasına imkan verməmək hakimiyyətin tutduğu əsas xətt oldu. Referendum günü isə indiyə qədər bütün seçkilərdə müşahidə etdiyimiz saxtakarlıqların hamısı birlikdə və daha həyasız formada tətbiq olundu”.
Ə.Kərimli referendumda geniş mənada beynəlxalq müşahidəçilərin olmadığına da diqqət ayırmağı vacib saydığını dedi: “MDB müşahidəçilərini saya salmağa ehtiyac yoxdur. Onlar MDB məkanında saxtakarlığa dəstək vermək missiyasını həyata keçirirlər. Avropadan gələn müşahidəçilərin də əksəriyyəti müəyyən şəxsi maraqlara və əlaqələrə görə gəlmişdilər. Avropadan geniş və ciddi heyət gəlməmişdi. Ona görə də Azərbaycan hakimiyyəti hesab etdi ki, beynəlxalq diqqət çox böyük deyil. Belə şəraitdə hakimiyyət ən biabırçı saxtakarlığı özünə rəva gördü. Bizim müşahidəçilərin gözü qarşısında topa-topa bülletenlər qutulara doldurulub, karusel əməliyyatı daha geniş miqyasda tətbiq olunub. Xalqın böyük əksəriyyəti referenduma gəlmədi”.
Ə.Kərimli referenduma gələnlərin real sayının 15 faizdən yuxarı olmadığını vurğuladı: “Seçki komissiyasının elan etdiyi rəqəmlər saxtadır. Əlimizdə bunu sübut edən çoxlu sayda faktlar var. Bütün bunların hamısı referendumun legitimliyini şübhə altına alıb. Biz məmnunuq ki, növbəti dəfə xalqla müxalifətin mövqeyi üst-üstə düşdü. Müxalifətin boykot çağırışı xalq tərəfindən eşidildi. Əlbəttə, o iddiada deyilik ki, bütün insanlar yalnız bizim çağırışımıza görə gəlməyiblər. Onların bir çoxu ölkədə seçkilərə inanmadıqları üçün hətta biz çağırış etməsəydik də referenduma gəlməyəcəkdilər. Amma xeyli insanlar da müxalifətin mövqeyini nəzərə aldı. Bu referendum bir daha onu sübut elədi ki, hakimiyyətin sosial bazası ildən-ilə məhdudlaşır, artıq xalq bu hakimiyyətdən üz döndərib. Həmçinin məlum oldu ki, hakimiyyətin təmsilçiləri daha da aqressivləşir və xalqın mövqeyini zərrə qədər də nəzərə almır. Hətta Avropa Şurasının Venesiya Komissiyasının referendumu təxirə salmaq çağırışları qulaqardına vurulur. Hakimiyyət nümayiş etdirir ki, nə Azərbaycan xalqının, nə də dünya birliyinin mövqeyi ilə hesablaşmaq fikrində deyil”.
AXCP sədrinə görə, saxta referendum heç də ölkədə demokratiya uğrunda mübarizəyə son verməyib: “Mübarizə bundan sonra daha aktiv olacaq. Bu sülalənin əbədi hakimiyyəti üçün yol açılmayacaq”.
ADP sədri Sərdar Cəlaloğlu da faktlara əsaslanaraq bildirdi ki, xalq referendumu boykot edib və referendum baş tutmayıb: “Formal olaraq referendumun baş tutması ilə bağlı elan edilən rəqəmlər ciddi məna daşımır. Sadəcə, bir qrup adam səlahiyyətlərindən sui-istifadəyə yol verərək xalqa qarşı növbəti dəfə qəsd elədi. Azərbaycanı çox mürəkkəb bir yola itələdilər. Bu da ondan ibarətdir ki, artıq Azərbaycanda bu gündən konstitusion böhran başlayır. Çünki konstitusiyaya saxta yolla edilən əlavə və dəyişikliklər konstitusiyanın bir sıra tələblərinə və beynəlxalq hüquq normalarına, o cümlədən Avropa Şurası qarşısında götürülən öhdəliklərə ziddir. Digər bir konstitusion böhran ondan ibarətdir ki, bir nəfərin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddə faktiki olaraq referenduma çıxarılmayıb. Yəni həmin maddənin qüvvədən düşüb-düşmədiyi müəyyən deyil. Həmin maddəyə, sadəcə olaraq, əlavələr edilib. Hakimiyyət gələcəkdə iddia edəcək ki, məlum qadağa aradan qalxıb. Amma faktiki olaraq hüquqi cəhətdən həmin maddə konstitusiyadan çıxarılmayıb”.
S.Cəlaloğlu mübarizəni davam etdirəcəklərini bildirdi: “İlk növbədə bu məsələnin hüquqi sonluğa çatmasına nail olmalıyıq. Konstitusiyaya saxta yolla əlavə edilən dəyişikliklər və əlavələr həm də insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. O cümlədən Avropa İnsan Hüquqları Xartiyasının bəzi tələblərinə cavab vermir. Ona görə də biz Avropa Məhkəməsinə müraciət edəcəyik”.
ADP sədri vurğuladı ki, 18 martda xalqın öz müdrikliyini hələ ki saxladığı sübut olunub: “Xalqın böyük əksəriyyəti monarxiya, şah rejimi istəmədiyini referenduma gəlməməklə nümayiş etdirdi. Bir ovuc insanın konstitusiya ilə bağlı oynadıqları oyundan ruhdan düşməməliyik”.
Ümid Partiyasının sədri İqbal Ağazadə ondan əvvəl çıxış edən həmkarlarının fikirlərini bölüşdüyünü bildirdi: “Qısaca olaraq onu demək istəyirəm ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı referendumun baş tutmadığı barədə ciddi rəyə malikdir. Vətəndaşların referendumu boykot etməsi faktdır və göz önündədir. Bizim müşahidəçilərin və müstəqil müşahidəçilərin izlədiyi proses referendumun baş tutmadığını sübut eləyir”.
İ.Ağazadə referendumun saxtalaşdırılması və real nəticələrdən fərqli nəticələrin elan olunmasından ruhdan düşməyə ehtiyac olmadığını dedi: “Düşünmək lazım deyil ki, bununla da ölkədə demokratik proses, mübarizə bitdi. 1991-ci ilin 17 mart referendumunda - xalq hərəkatının ən güclü olduğu vaxtda saxtakarlığın qarşısı alına bilmədi. Amma saxtakarlıq edilib SSRİ-nin saxlanması təsbitlənsə də, qısa zaman keçdi və SSRİ kimi nəhəng imperiya çökdü, referendumun saxta nəticələri heç nəyi həll etmədi. Bu referendum da demokratik qüvvələr olaraq bizlərin mübarizəsi nəticəsində nəticəsiz referenduma çevriləcək. Bunu yaxın zamanlarda hamımız hiss edəcəyik”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev referendumun Əliyev hakimiyyətinə xalqın etimadının olmadığı faktını açıq şəkildə ortaya çıxardığını söylədi: “Hakimiyyətin bütün səyləri nəticəsində səsverməyə gələn və gətirilənlərin sayı 15 faizdən yuxarı olmayıb. Rəsmi açıqlanan rəqəmlər tam saxtadır. Xalqın referendumu boykot etməsi və hakimiyyətdən üz döndərməsi demokratik qüvvələri növbəti mərhələdə mübarizəyə daha da ruhlandırmalıdır. Referenduma xalqın gəlməməsi məndə bir daha ümid yaradıb ki, bu hakimiyyətin ömrü elə də uzun deyil”.
Sonra söz alan Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, referendum Azərbaycan xalqının ləyaqətli xalq olduğunu bir daha subut edib: “Xalqımız bizim sülalə hakimiyyətinə ”yox" demək çağırışımızı qəbul etdi. Hətta bizim gözlədiyimizdən daha böyük faizlə əməl etdi. Mən düşünürdüm ki, referendumda xalqın iştirakı 20 faizdən bir qədər aşağı olacaq. Ancaq bu rəqəm 15 faizdən az oldu. Xalq bu dərəcədə aydın mövqe nümayiş etdirdi. Vətəndaş Hərəkatının minlərlə fədakar üzvü referendum günü seçki məntəqələrində müşahidə sistemi qurdular. Hakimiyyətin qanunsuzluqlarını qeydə aldılar. Gün ərzində bizim birləşmiş seçki qərargahımız fəaliyyət göstərdi. Referendum saxtakarlığını, xalqın səsverməyə gəlmədiyini sübuta yetirən minlərlə fakt ortaya çıxdı. Saxtakarlığı sübut edən konkret protokollar var. Kim istəsə götürüb baxa bilər. Məsələn, 33 saylı Seçki Dairəsinin 17-ci məntəqəsində referenduma 124 seçici gəlib. Ancaq protokolda 790 rəqəmi qeyd olunub (əlindəki möhürlü protokolu nümayiş etdirir - E.S). Bu cür faktlar yüzlərlədir". İsa Qəmbər Vətəndaş Hərəkatının referendumla bağlı ilkin rəyinin hazırlandığını və onun ingilis dilinə də tərcümə etdirilib yayıldığını söylədi (Qeyd edək ki, rəydə referendum prosesinin qanun pozuntuları və saxtakarlıqla keçirildiyini təsdiqləyən çoxlu sayda faktlar göstərilir və referendumun baş tutmadığı bəyan olunur).
Müsavat başqanı Əliyev rejiminin ömrünü uzatmağa yönəlmiş referendumun əks-effekt verəcəyinə əmindir: “Bu referendum rejimin ömrünü qısaldacaq. Bu, sadəcə, söz deyil, təhlil nəticəsində ortaya çıxan məsələdir. Referendum Əliyev hakimiyyətinin sosial bazasını ciddi şəkildə daraltdı və hakimiyyəti beynəlxalq birliyin gözündən daha da saldı. Biz Vətəndaş Hərəkatının nümayəndələri olaraq mübarizəmizi davam etdirəcəyik. Əminəm ki, bu mübarizə çox qısa zamanda xalqın qələbəsi ilə yekunlaşacaq”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı referendum saxtakarlıqlarını sübut edən əyani vasitələrin, protokolların bəzilərini jurnalistlərə nümayiş etdirdi: “Bu protokol 8 saylı Binəqədi dairəsinin məntəqələrinin birinindir. Burada göstərilir ki, 864 nəfər seçkidə iştirak edib. Və 29 maddə arasında bu səslər bölünüb. Təlimatı düzgün başa düşməyiblər və səsləri 29 maddəyə bölüblər. Bölünən rəqəmləri toplayanda da 864 alınmır. Bu, onu sübut edir ki, seçki qutularında olan səslərin heç bir əhəmiyyəti olmayıb. Tamamilə uydurulmuş rəqəmləri protokola yazıblar. Bu protokolda məntəqə seçki komissiyası üzvlərinin hamısının və sədrinin imzası, möhürü var”. A.Hacılı saxtakarlığın açıq göründüyü daha bir neçə protokolu da nümayiş etdirdi.
Əli Kərimli isə karusel əməliyyatlarını həyata keçirən avtomobillərin fotoşəkillərini, həmçinin qutulara topa-topa bülleten atıldığını təsdiqləyən fotoşəkilləri nümayiş etdirdi: “Referendum saxtakarlığının 31 mindən yuxarı canlı şahidi var. Həmin şahidlər seçki komissiyalarının üzvləridir. Onların tam əksəriyyəti iş yerlərini itirməmək naminə məcburiyyət qarşısında qalıb saxtakarlıqda iştirak edirlər”. 
Sonda jurnalistlərin sualları cavablandırıldı. “Referendum prosesində ortaya qoyduğunuz birliyi davam etdirmək planınız varmı” sualına liderlərdən Əli Kərimli və İsa Qəmbər cavab verdi. Əli Kərimli dedi ki, onların bir araya gəlməyi xalqı tərəfindən yaxşı qarşılanır: “Bundan sonrakı mərhələ ilə bağlı məsləhətləşəcəyik və qərar verəcəyik. Nə qədər ki, respublikaya və Qarabağa təhlükə qalır, xalq da bizim bir yerdə olmağımızı təqdir edir, bundan sonrakı addımlarımızda biz bunları nəzərə almalıyıq”.
İsa Qəmbər əməkdaşlığın kifayət qədər uğurlu alındığını qeyd etdi və bu əməkdaşlığın davam etməsini istədiyini bildirdi: “Referendumla bağlı mübarizə hələ bitməyib. Yeni mərhələ başlayır”. İsa Qəmbər bələdiyyə seçkilərində də bu əməkdaşlığın uğurlu ola biləcəyindən danışdı: “Biz bələdiyyə seçkisini çox böyük siyasi aksiyaya çevirə bilərik”.
  • Yazılıb
  • da (də) 2009 Mar 20