AZ R-nın Xarici işlər nazirinin müavini Araz Əzimov Londonda verdiyi müsahibədə belə deyib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan xarici işlər nazirinin müavini, prezidentin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi səlahiyyətli nümayəndəsi Araz Əzimov Böyük Britaniyada işgüzar səfərdə olub. Onun səfəri Azərbaycanda konstitusiya dəyişikliklərinə dair ötən həftə keçirilən referendumdan sonraya təsadüf edir. Diplomatın səfərinin məqsədi haqda məlumat olmasa da BBC radiostansiyası onun müsahibəsini yayımlayıb.
Əzimov Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırda hansı mərhələdə olduğu haqda suala belə cavab verir: “Danışıqlarda biz həmişə münaqişənin həlli üçün formalaşmış prinsiplərdən irəli gəlmişik. Konkret məqsədə nail olmaq üçün bu danışıqlarda iştirak edirik. Bu məqsəd isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməkdir. Və ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ regionunda yaşayacaq iki icmanın birgə sülh və əmin-amanlıq şəraitində yaşamlarını təmin edəcək bir statusun işlənilməsi üçün konkret tədbirlərin görülməsi kimi görürük. Hazırda biz olduğumuz mərhələ ondan ibarətdir ki, həmsədrlər vasitəsilə aparılan təmaslar və görüşlər zamanı əsas problemlərə toxunan prinsipial yanaşmaları aydınlaşdırmalıyıq. Bu yanaşmaların aydınlaşdırıldığı bir halda, onun əsasında münaqişənin həlli üçün xidmət edəcək sazişin işlənilməsinə keçəcəyik. Saziş təmin ediləndən sonra onun reallaşması və icrası nəticəsində dediyim konkret məqsədlərə nail olacağıq”.
Əzimov onu da deyib ki, Azərbaycanda Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah verməsi ilə bağlı narahatlıqları qalır. O xatırladıb ki, Rusiyanın hakimiyyət nümayəndələri, Xarici İşlər Naziri faktları təkzib edir: “ Aydındır ki, biz rəsmi mənbələrdən başqa bir reaksiyanı gözləyə də bilməzdik. Lakin Xarici İşlər Naziri rəsmi olaraq Rusiya Müdafiə Nazirliyi tərəfindən Ermənistanın Müdafıə Nazirliyinə hansısa bir silahın ötürülməsini rədd edirsə, yəqin ki, belə bir rəsmi formada belə təhvilvermə baş tutmayibdır. İstənilən formada bu silahların ötürülməsi baş verə bilər ki, bəlkə də Xarici İşlər Nazirinin xəbəri də olmadan”. Nazir müavini Rusiyanın öz ordusunu yenidən silahlandırmaq planlarına da münasibət bildirib. O deyib ki, Rusiya Azərbaycana bilavasitə qonşu ölkədir. Rusiya böyük bir dövlətdir və beynəlxalq səhnədə müxtəlif öhdəliklərə razılığını vermiş, müvafiq öhdəlikləri daşıyan bir ölkədir. Və əlbəttə ki, beynəlxalq öhdəlikləri çərçivəsində əməl edən bir ölkədir. Başqa tərəfdən Rusiya hər hansı bir suveren dövlət kimi öz ordusunun silahlanmasına dair qərarlarını qəbul etmək və reallaşdırmaq iqtidarındadır: “Ona görə də, bu bir növ, Rusiyanın daxili siyasətinin elementidir. Eyni zamanda Rusiyanın beynəlxalq səhnədə cərəyan edən inkişaflara təsir potensialı və həqiqi rolu çox böyükdür, güclüdür. Və ümidvaram ki, bu silahlanması beynəlxalq səviyyədə hansısa mənfi nəticələrə gətirib çıxarmayacaq”.