Seçicilərin 15 faizdən azı iştirak etdiyindən yetərsay alınmayıb və referendum baş tutmayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan müxalifətinin aparıcı partiyalarının təmsil olunduğu antireferendum koalisiyası 18 mart referendumunda yol verilmiş qanun pozuntuları və saxtakarlıq faktları ilə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət ünvanlayıb. “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qrupunın səlahiyyətli nümayəndəsi Həsən Kərimovun və “Respublikaçılar” referendum üzrə təşviqat qrupunın səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının imzaladığı həmin müraciəti olduğu kimi saytımızda dərc edərək nəzərinizə yetiririk:
“Hörmətli cənab Pənahov
Diqqətinizə çatdırırıq ki, beynəlxalq standartlara cavab verməyən, ciddi qanun pozuntuları və saxtakarlıqlarla keçirilən 15 oktyabr 2008-ci il Azərbaycan Respublikası prezidentinin seçkilərindən dərhal sonra hakimiyyət partiyasının rəhbərliyində olan bəzi şəxslər Azərbaycan Respublikası Konstitusiyasının bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qoyan 101-ci maddəsinin dəyişdirilməsi zərurəti ilə bağlı referendum keçirilməsi ideyası ilə çıxış etmiş, qısa müddətdən sonra cəmiyyətdə ətraflı müzakirələr aparılmadan Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi ilə bağlı məsələ parlamentin gündəliyinə çıxarılmışdır.
Bu məsələ parlamentdə də ətraflı müzakirə edilməmiş, hətta müxalifətdən olan deputatlara bu məsələ ətrafında çıxış etmək üçün söz verilməmişdir. Layihə dərhal səsə qoyularaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərilmişdir.
Hakimiyyətin nəzarəti altında olan Konstitusiya Məhkəməsi parlamentin 29 maddədə 41 dəyişiklik edilməsi ilə bağlı təklifinə Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin 2-ci hissəsini pozaraq müsbət rəy vermiş, dərhal sonra yenə də ətraflı müzakirələr aparmadan Azərbaycan Respublikasının Milli Məclisi 18 mart 2009-cu il tarixə referendum təyin etmişdir.
Referendumun cəmiyyətin deyil, hakim zümrənin maraqlarını əks etdirdiyini, mahiyyət etibarilə avtoritar sistemin möhkəmləndirilməsinə xidmət etdiyini, bir nəfərin qeyri-məhdud müddətdə hakimiyyətdə qalmasına imkan yaratdığını nəzərə alan Azərbaycanın müxalifət partiyaları (Azərbaycan Demokrat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası, Müsavat Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası) bəzi ictimai təşkilatlarla birgə “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” adlı təşkilat yaradaraq, referendumda müzakirəyə çıxarılan bir sıra dəyişikliklərin əleyhinə çıxdı.
“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”na daxil olan siyasi partiyaların və ictimai təşkilatların yaratmış olduğu və Mərkəzi Seçki Komissiyasında qeydə alınan “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” referendum üzrə təşviqat qruplarına daxil olan mütəxəssislərin və bəzi müstəqil hüquqşünasların rəylərinə görə, referendum Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə, Azərbaycan dövlətinin beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəliklərə zidd olaraq təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsində deyilir:
“Maddə 156. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası.
I. Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 95 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir.
II. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur. İkinci səsvermə birincidən 6 ay sonra keçirilir”.
Buna baxmayaraq, ümumxalq referendumunda səsverməyə çıxarılmış layihədə Konstitusiyaya bir sıra əlavələr edilməsi nəzərdə tutulur.
Konstitusiyanın 158-ci maddəsində deyilir:
“Maddə 158. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü.
Azərbaycan Respublikasının Konstitusiyana əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması bu Konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar Azərbaycan Respublikası Konstitusiyasına əlavələr təklif edilə bilməz”.
Buna baxmayaraq, ümumxalq referendumunda səsverməyə çıxarılmış layihədə Konstitusiyanın 1-ci bölməsinə 4 əlavənin edilməsi nəzərdə tutulur.
“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”nın “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının Azərbaycan Respublikası Konstitusiyasının bəzi maddələrinə zidd olaraq təyin edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə və Azərbaycan Milli Məclisinə müraciətləri bu günə kimi cavabsız qalmışdır.
Azərbaycan hakimiyyəti Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə zidd olaraq qanunvericilikdə edilən əsaslı dəyişikliklər barədə Avropa Şurası Venesiya Komissiyasına rəy bildirmək üçün müraciət etməmişdir.
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin rəyinə görə, bələdiyyə strukturları üzərində dövlət nəzarətinin tətbiq edilməsi, həmin strukturların parlament qarşısında hesabat verməsi kimi absurd müddəa yerli özünüidarəetmənin demokratik prinsiplərinə uyğun gəlməməklə yanaşı, həm də Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.
Avropa Şurası Venesiya Komissiyası referendumda müzakirəyə çıxarılan bir çox müddəaların demokratiyanın inkişafı prinsiplərinə uyğun gəlmədiyini, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinin Avropa praktikasına zidd olduğunu bəyan etmişdir.
“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendumu ölkədə seçicilərin öz iradəsini azad surətdə ifadə etməsi üçün normal demokratik şəraitin olmadığı, müxalifət partiyalarının, müstəqil KİV-lərin təqib və təzyiqlər altında olduğu dövrdə elan edilmişdir.
Bütün seçki komissiyaları yenə də hakimiyyətin nəzarəti altında olmuşdur. Belə ki, hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri bütün seçki komissiyalarında mütləq əksəriyyət təşkil edir.
Mərkəzi Seçki Komissiyası tərəfindən təşviqat qruplarının yaradılması üçün çətin prosedurlar müəyyənləşdirilmiş, müxalifət tərəfindən elan olunmuş “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının yaradılmasına ciddi maneçiliklər törədilmişdir. Ölkənin bir çox regionlarında (Sabirabad, Sumqayıt, Salyan, Neftçala, Zaqatala, Xaçmaz, Cəlilabad və s.) bu təşviqat qrupları üçün imza toplayan şəxslər təzyiq və təqiblərə məruz qalmış, müxtəlif müddətlərdə həbs olunmuşlar. Həmin dövrdə iki nəfər haqqında qondarma cinayət işi açılmış, onlar haqqında qeyri-qanuni məhkəmə hökmü çıxarılmışdır.
İmza toplayan şəxslərlə yanaşı, müxalifət təşviqat qruplarının qeydiyyatı üçün imza vermiş bəzi şəxslər təqib və təzyiqlərə, hədə-qorxulara məruz qalmışlar.
Hakimiyyət dairələri müxalifətin təşviqat qruplarının yaradılmasına mane olmaqla yanaşı, inzibati resursdan istifadə etmə və saxtakarlıqla faktiki olaraq öz nəzarəti altında olan 7 təşviqat qrupu yaratmışdır.
Bərabər hüqüqlu təbliğat imkanları prinsipi kobud şəkildə pozulmuşdur. Bütün seçki kampaniyası dövründə ölkədə fəaliyyət göstərən televiziya kanallarının əksəriyyəti referendumla bağlı hakimiyyətin mövqeyinin təbliği və müxalifətə qarşı təbliağtla məşğul olmuşdur.
Təşviqat aparılması üçün yalnız İctimai TV-də vaxt ayrılmışdır. Xüsusi qeyd etmək lazımdır ki, referendum kampaniyası dövründə ayrılan pulsuz efir vaxtı bundan əvvəlki bütün seçkilərdə olduğundan az, əhalinin az qisminin televiziya verilişlərinə baxdığı zamanda, həftədə cəmi 90 dəqiqə olmuş və bu vaxt yalnız teledebatlar üçün ayrılmışdır. Beləliklə, müxalifətdən olan təşviqat qruplarının hər birinin bütün kampaniya dövründə yalnız 40 dəqiqə ərzində pulsuz efir vaxtından istifadə imkanı olmuşdur.
Bir sıra televiziya kanalları pullu efir vaxtı üçün tarifləri elan etməyi belə lazım bilməmişlər. Elan edilmiş tariflər isə Azərbaycan reallığı üçün çox yüksək olmuşdur.
Təşviqat materiallarının geniş yayılmasına maneçilik törədilmişdir. Belə ki, ötən seçkilər ərəfəsində təşviqat materiallarının yalnız xüsusi ayrılmış yerlərdə yerləşdirilməsi ilə bağlı Seçki Məcəlləsində edilmiş dəyişiklik təşviqat materiallarının nümayiş etdirilməsinin səmərəliliyini xeyli azaltmış, bu məqsədlə xüsusi ayrılmış lövhələrdə yapışdırılan “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qruplarına məxsus olan plakatlar polis və icra hakimiyyəti strukturları işçiləri tərəfindən çırılmış, həmin təşviqat qruplarının vətəndaşlara bukletlər paylayan nümayəndələri polis təzyiqinə məruz qalmışlar.
Təşviqat kampaniyası dövründə kütləvi aksiyaların keçirilməsi üçün şərait yaradılmamışdır. Belə ki, Bakı şəhərində müxtəlif dövrlərdə və müxtəlif məkanlarda kütləvi aksiyaların keçirilməsi ilə əlaqədar müraciətlərin hamısına qeyri-qanuni olaraq rədd cavabı verilmişdir. Şəhər və rayon mərkəzlərində seçicilərlə açıq havada görüşlər üçün müəyyən edilmiş yerlər, bir qayda olaraq, bu görüşlər üçün şəraiti olmayan və rayon mərkəzində deyil, ucqarlarda yerləşən yerlər müəyyənləşdirilmişdir. Heç təsadüfi deyil ki, hətta iqtidarı dəstəkləyən təşviqat qrupları belə, ayrılmış bu yerlərdə bir dəfə də olsun kütləvi tədbirlər keçirməmişdir.
“Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupları nümayəndələrinin Bakı şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalarla əlaqədar qeyri-qanuni qərarlarından məhkəməyə edilən şikayətlərə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan müddətdə baxılmamışdır.
Ölkənin regionlarında, o cümlədən Sumqayıt, Gəncə, Cəlilabad, Lənkəran, Sabirabad, İmişli və Şəkidə “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı”na daxil olan siyasi partiya və ictimai təşkilatların, həmçinin “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının seçicilərlə açıq havada görüş məqsədilə müraciət etdiyi yerlərin heç birində belə aksiyaların keçirilməsinə imkan verilməmişdir.
Referendum kampaniyası dövründə “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupları tərəfindən icra hakimiyyəti strukturlarının, polisin, bələdiyyə üzvlərinin və büdcə təşkilatı rəhbərlərinin yol verilmiş olduğu qanun pozuntuları haqqında Mərkəzi Seçki Komissiyasına edilmiş 40-dək şikayətin mütləq əksəriyyəti əsassız olaraq təmin edilməmiş və nəticədə cəzasızlıq mühitində qanun pozuntuları daha geniş vüsət almışdır.
Seçki Məcəlləsinin və beynəlxalq hüququn tələblərinə zidd olaraq administrativ resurs referendum kampaniyasında hakimiyyətin mövqeyinin müdafiəsində fəal iştirak etmişdir.
Təşviqat kampaniyası dövründə əvvəlki seçkilərdən fərqli olaraq Seçki Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə zidd olaraq qeydə alınmış təşviqat qruplarına dairə və məntəqə seçki komissiyalarına məşvərətçi səs hüquqlu komissiya üzvü təyin etmək hüququnun verilmədiyi məlum olmuş, bununla da müxalifətin referendum günü bilavasitə seçki komissiyalarında səsvermə prosesinə nəzarət üçün heç bir mexanizm qalmamışdır.
“Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının daxil olduqları “Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı” qeyd edilənləri nəzərə alaraq, referendum kampaniyasını dayandırmağı təklif etmişdir. Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin də Azərbaycan hakimiyyətinə etdiyi oxşar təkliflərə hakimiyyət dairələri məhəl qoymamışlar.
Referendum günü qanun pozuntuları və saxtakarlıqlar kütləvi xarakter almışdır.
Yerli icra hakimiyyəti strukturları Yeni Azərbaycan Partiyası nümayəndələrinin əksəriyyət təşkil etdiyi seçki komissiyaları ilə birlikdə bu qanun pozuntuları və saxtakarlıqların əsas təşkilatçısı olmuşdur.
Bəzi televiziya kanallarında təşviqat kampaniyası referendum günü də davam etmişdir.
Seçki məntəqələrinin mütləq əksəriyyətində seçki bülletenləri müşahidəçilərin iştirakı ilə sayılmamış, seçki qutuları onların iştirakı ilə möhürlənməmişdir.
Müxalifəti təmsil edən müşahidəçilər müxtəlif bəhanələr gətirilməklə bir çox seçki məntəqələrinə buraxılmamış, bəzi seçki məntəqələrində təzyiqlərə məruz qalmış, aktivlik göstərən müşahidəçilər isə iqitardan olan komissiya üzvləri və müşahidəçilərin imzaladıqları akta əsasən seçki məntəqəsindən kənarlaşdırılmışdır.
Müşahidəçilərə effektiv müşahidə imkanları yaradılmamış, bir qayda olaraq, onlardan seçki qutusundan xeyli kənarda yerləşən xüsusi yerlərdə əyləşmələri tələb olunmuş, səslərin sayılması zamanı isə onlar prosesdən tamamilə kənarlaşdırılmışlar.
Seçici fəallığının olmamasından narahat olan yerli icra hakimiyyəti orqanlarının nümayəndələri seçki məntəqələrinin əksəriyyətində “karusel” əməliyyatı həyata keçirmişlər. Bu məqsədlə Dövlət Neft Şirkətinə məxsus avtomobillərdən və marşrut avtobuslardan geniş istifadə olunmuşdur.
Əvvəlcədən yaradılmış ayrı-ayrı “seçici” qrupları avtobus və digər maşınlarla məntəqələri gəzdirilərək, onların müxtəlif məntəqələrdə səs verməsinə şərait yaradılmışdır. Həmin “seçici” qrupları bəzi seçki məntəqələrində bir neçə dəfə olmuş, bir çox hallarda həmin “seçicilərə” iki və daha artıq seçki bülleteni verilmişdir.
Seçki bülletenlərinin seçki qutularına topa şəklində atılması geniş tətbiq olunmuş, bu prosesdə məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin fəal iştirakı aşkar edilmişdir.
18 yaşına çatmamış şəxslərin, litsey tələbələrinin və şagirdlərin səsverməyə cəlb olunması kütləvi hal almışdır.
Bir sıra seçki məntəqələrində səs verən şəxslər nəinki həmin seçki məntəqələrinin, hətta müvafiq seçki dairəsinin ərazisində yaşamayn şəxslər olmuşlar.
Məntəqə seçki komissiyalarının yerləşdiyi binalarda çalışan büdcə təşkilatının işçiləri, dövlət qulluqçuları, müəllimlər, həkimlər, tibb işçiləri, ali məktəb müəllimləri bu binada yerləşən seçki məntəqələrinin hər birində bir neçə dəfə səs verməyə cəlb edilmişlər.
Ali məktəb tələbələri qeydiyyatdançıxma vəsiqəsi ilə təhsil aldıqları ali məktəblərdə təkrar-təkrar səs verməyə məcbur edilmişlər.
Bir çox seçki dairələrində seçki bülletenləri əvvəlcədən seçki komissiyası üzvləri tərəfindən işarələnərək seçki qutularına doldurulmuşdur.
Əksər seçki komissiyaları səslərin sayılması prosesini ümumiyyətlə həyata keçirməmiş və əvvəlcədən tapşırılmış rəqəmləri protokollarda qeyd etmişlər.
Məntəqə seçki komissiyalarının mütləq əksəriyyətində seçki protokolları seçki məntəqələrində deyil, dairə seçki komissiyalarında hazırlanmışdır.
Seçki məntəqələrində müşahidəçilərə verilən seçki protokollarının heç bir tənqidə sığmayan şəkildə hazırlandığı məlum olmuşdur.
Referendum günü “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” təşviqat qrupları birgə müşahidə həyata keçirmiş, 1000-dək məntəqə seçki komissiyasında olan müşahidəçilərin məlumatı əsasında 12 press-reliz yaymışlar.
Sadalanan faktlara söykənən “Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və bu təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvləri qeyd edir ki:
1) 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər haqqında referendum Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrinə zidd olaraq keçirilmişdir.
2) Azərbaycanda fəaliyyət göstərən ictimai və siyasi təşkilatların, bütövlükdə Azərbaycan cəmiyyətinin, eyni zamanda, beynəlxalq qurumların ölkəmizdə demokratik hüquq və azadlıqların təmin edilməsi üçün siyasi islahatların həyata keçirilməsi istiqamətindəki bütün səylərinə baxmayaraq, ölkədə referendumun azad və ədalətli keçirilməsi üçün normal demokratik şərait olmamışdır.
Referendum ərəfəsində ölkədə
- müstəqil KİV-ə qarşı təzyiq və təqiblər davam etmiş;
- referendumun demokratik keçirilməsini təmin edəcək müvafiq qanunvericilik bazası yaradılmamış;
- bütün seçki komissiyalarında hakim partiya nümayəndələri mütləq əksəriyyət təşkil etmiş;
- təşviqat qruplarına bərabərhüquqlu təbliğat imkanları yaradılmamış;
- təbliğat və təşviqat imkanları, hətta əvvəlki seçkilərlə müqayisədə məhdudlaşdırılmışdır.
Seçki məntəqələrində referendum günü saxtakarlıqlar və qanun pozuntuları davam etdirilmişdir. Bir çox seçicilərin seçki məntəqələrinə müxtəlif qeyri-qanuni üsullarla gətirilməsinə, demək olar ki, bütün seçki məntəqlərində “karusel” əməliyyatlarının həyata keçirilməsinə baxmayaraq, referendumda iştirak edənlərin ümumi sayı 15 faizdən az olmuş, referendumda iştirak edənlərin sayı seçki komissiyaları tərəfindən təqribən 5 dəfə şişirdilmişdir.
3) 18 mart 2009-cu il tarixli Azərbaycan Respublikası Konstitusiyasına əlavələr və dəyişikliklər haqqında referendumu azad və ədalətli olmamışdır.
“Qarabağ və Respublika Uğrunda Hərəkat” və “Respublikaçılar” təşviqat qruplarının müşahidəçilərinin və bir çox müstəqil müşahidəçilərin verdiyi məlumatlara əsasən referendumda seçicilərin yalnız 15 faizdən azı iştirak etdiyindən yetərsay alınmamış və referendum baş tutmamışdır.
Qeyd: Qanun pozuntuları və saxtakarlıqlarla bağlı sənədlər təqdim ediləcəkdir.”