Tarix : 2009 Mar 24
Kod 11291

ABŞ QƏBƏLƏ RLS MƏSƏLƏSİNƏ QAYIDIR

Senator Karl Levin: “Biz Rusiya ilə Irana qarşi birləşməliyik”
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ Senatında demokratların lideri Karl Levin bəyan edib ki, Birləşmiş Ştatlarla Rusiya İrana qarşı öz səylərini birləşdirməlidir. “Assoşieyted press” agentliyinin məlumatına görə, Vaşinqtonda təhlükəsizlik məsələlərinə həsr edilmiş konfransda çıxışı zamanı senator Levin bildirib ki, raketdən müdafiə sistemləri məsələsi Vaşinqtonla Moskva arasında təhlükəsizlik danışıqlarında mərkəzi mövzu olacaq. Onun sözlərinə görə, bu məsələ Amerika-Rusiya münasibətlərinə maneə yox, münasibətləri daha da yaxşılaşdırmaq üçün müsbət siyasi alət ola bilər.
“Əgər ABŞ və Rusiya raketdən müdafiə məsələsindəki fikir ayrılıqlarını aradan qaldıra və İrana qarşı əməkdaşlıq edə bilsələr, o zaman onlar İranın mümkün raket təhlükəsini zəiflətmək üçün əhəmiyyətli addım ata bilərlər”, - deyə Senatın silahlara nəzarət üzrə komitəsinin rəhbəri bildirib.
Bununla belə, Levin Obama administrasiyasının Avropada raketdən müdafiə elementlərini yerləşdirmək planlarından imtina edib-etməyəcəyini deməyib. Əvəzində o diqqəti ABŞ-la Rusiyanın İranın mümkün ballistik raket hücumlarına qarşı əməkdaşlığının əhəmiyyətinə yönəldib. ”Hətta əgər biz bu məsələ ilə bağlı ciddi müzakirələrə başlaya bilsək, o zaman İrana güclü siqnal göndərmiş olardıq”, -  deyə Levin bildirib. Onun fikrincə, əgər ABŞ-la Rusiya raketdən müdafiə sistemlərinin qurulmasında əməkdaşlıq edə bilsə, İran onun təhlükəli nüvə proqramlarına qarşı bu cür birlik qarşısında dramatik vəziyyətdə qala bilərdi. Levin ABŞ-la Rusiyanın bu sahədə əməkdaşlıq edə biləcəyi iki məsələni göstərib. Bunlardan birincisi Rusiyanın Azərbaycan ərazisindəki Qəbələ RLS-dən birgə istifadə haqda verdiyi təklifə qayıtmaqdır. Levin bu stansiyanın bilavasitə İran sərhədləri yaxınlığında yerləşdiyinə diqqəti cəlb edib. “Bizim raketdən müdafiə sistemləri məsələsində Rusiya ilə birgə yanaşma axtarmaq imkanlarımız var və bu imkanlardan istifadə edilməlidir”, - deyə o bildirib.
Lakin Konqresin Nümayəndələr Palatasının üzvü, demokrat, tezliklə dövlət katibinin silahlara nəzarət üzrə müavini təyin ediləcəyi gözlənilən  Ellen Tauçer konfransdakı çıxışında deyib ki, İranın mümkün raket təhlükəsi ABŞ-ın Avropada raketdən müdafiə sistemləri yerləşdirməsi üçün tutarlı səbəb deyil. Onun fikrincə, Buş administrasiyasının təqdim etdiyi bu plan İranın raket təhlükəsinə qarşı “zəif müdafiə”ni təmin edir. İran ABŞ və Avropanı vura biləcək uzaqmənzilli raketlərə malik deyil. Konfransda çıxış edən general, Amerika ordusunun qərargah rəisləri komitəsinin sədr müavini Ceyms Katurayt isə deyib ki, raketdən müdafiə sistemlərini quranlar bu faktı diqqətə almalıdır ki, düşmənlər Amerikaya mümkün hücum zamanı təkcə ballistik raketlərdən yox, digər vasitələrdən də istifadə edə bilərlər.
  • Yazılıb
  • da (də) 2009 Mar 24