ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskudero Nardaran torpaqlarına iddiasından geri çəkilməyi
Azərbaycan servisi/Aran Agentliyi
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskudero Nardaran torpaqlarına iddiasından geri çəkilməyib. O, qəsəbədə 30 hektar torpaq sahəsində müasir tipli istirahət mərkəzi tikmək niyyətindədir. Artıq mərkəzin layihəsi də hazırdır. Qarşı tərəfin torpaq mübahisəsi ilə bağlı məhkəmələrə müraciətləri isə cavabsız qalıb: “Hətta məsələ Ali Məhkəmənin plenumuna da çıxarılıb. Bundan əlavə, Ali Məhkəmənin sədri Ramiz Rzayev Nardaran sakinlərini qəbul edib və onlara öz sözünü deyib. Sabunçu Rayon Məhkəməsi isə sakinlərin şikayətini baxılmamış saxlayıb”.
Qeyd edək ki, keçmiş səfir bir neçə il öncə Nardaranın “Səfixani” deyilən ərazisində 30 hektar torpaq sahəsini vərəsəlik yolu ilə alıb. Belə ki, kənd sakini Salman Cəbrayılov (hazırda dünyasını dəyişib) özünə məxsus torpaq sahəsini səfirin gəlini Nigar Nadirovaya vəsiyyət edib. Vəsiyyətnamə isə yerli məhkəmənin qərarı ilə qüvvəyə minib. Amma kənd sakinləri bununla razılaşmayıb və hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Mübahisəli torpaq sahəsinin üstündə isə qəsəbədə bir neçə dəfə xoşagəlməz hadisələr baş verib. Ötən ilin yayında Nardarana gedən 200-ə yaxın polis əməkdaşı ərazidəki tikililəri uçurub və onun sahiblərini döyərək ərazidən uzaqlaşdırıb. Nardaran sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadənin sözlərinə görə, S.Eskuderonun hərəkətləri ilə bağlı martın 31-də saat 14:00 radələrində “Səfixani” deyilən ərazidə kənd sakinlərinin etiraz aksiyası keçiriləcək.