İqtisadi böhran Ermənistanda sosial gərginliyi artırıb. Böhran nəticəsində əhalinin alıcılıq qabiliyyəti düşüb və bu ticarətin azalmasına səbəb olub
Türkiyə Servisi/Aran Agentliyi
İqtisadi böhran Ermənistanda sosial gərginliyi artırıb. Böhran nəticəsində əhalinin alıcılıq qabiliyyəti düşüb və bu ticarətin azalmasına səbəb olub. Kəskin alıcı qıtlığı ilə üzləşən mağaza sahibləri yarmarkalarda aylıq icarə haqqlarının azaldılmamasına etiraz əlaməti olaraq mağazalarını bağlamağa başlayıb. İrəvanın ən iri tiracət mərkəzlərindən biri olan Surmalu yarmarkasında satıcılar piştaxtaları boşaldıb, dükanların qapılarına qıfıl vurub. Ermənistanın arminfo saytı yarmarkada baş verənləri qiyam adlandırıb. Etirazçılar bildirib ki, müqavilələrdə aylıq icarə haqqı 100 min dram, yəni 270 dollar civarında göstərilsə də, onlar artıq bir neçə aydır ki, 175 min dram, yəni 200 dollar artıq - 470 dollar ödəməli olurlar. Artıq kütləvi şəkildə müflisləşdiklərini bəyan edən xırda sahibkarlar yaranmış vəziyyəti dözülməz adlandırıblar. Eyni vəziyyət 2000-ə qədər işçisi olan İrəvanın Razdan yarmarkasında da yaranıb. Burada mağazalar bağlanıb, ticarətçilər isə artıq 3 gündür ki, paytaxtın mərkəzində hökümət evinin qarşısında davamlı etiraz aksiyası keçirir. Erməni sahibkarları 285 min dram, yəni 800 dollar civarında olan yarmarkadakı aylıq icarə haqqlarının 50 faiz azaldılmasını tələb edir. Mağaza sahibləri deyib ki, onların vəziyyəti getdikcə pisləşir. Belə ki, əksəriyyəti mənzillərini kredit götürdükləri banklara girov qoyub ki, bu da ödənişlərin vaxtında verilmədiyi təqdirdə mənzillərin itirilməsi deməkdir. Etirazçılar topdansatış mərkəzlərinin işçilərini də onlara qoşulmağa çağırıb. Qeyd edək ki, beynəlxalq valyuta fondu Ermənistanı hümanitar böhranla üzləşən ölkələr siyahısına salıb. 4 gündən sonra Ermənistanda kommunal xidmətlərin və enerji daşıyıcılarının qiymətləri xeyli artırılacaq. Aprelin 1-dən ermənistanda ayda 10 min kubmetr qaz istehlak edən sakinlər, qazın hər min kubmetrinə görə, 253 dollar, elektrik enerjisinin hər 1 kilovat saatı üçün günorta saatlarında 7 sent, gecə isə 6 sent, suyun hər 100 kubmetri üçün 47 dollar ödəyəcəklər. Ekspertlərin fikrincə kommunal xidmətlərin qiymətinin artması növbəti dəfə bahalaşmaya səbəb olacaq.