Tarix : 2009 Mar 28
Kod 11318

Saakaşvili rəqiblərini həbs etdirdi

Gürcüstan qanunlarına görə ittiham olunan şəxsləri 7-15 il, 12-17 il həbs cəzası gözləyir
Gürcüstan Servisi/Aran Agentliyi
Tiflis Şəhər Məhkəməsində “Gürcüstanın azadlığı uğrunda Xalq Hərəkatı”nın martın 23-də saxlanılmış üzvləri - Laşa Çxenkeli, Malxaz Qvelukaşvili, David Qorqaçadze, Zurab Avaliani, Roin Buğaşvili, Vaxtanq Narsia, Georgi Tcercvadze, Georgi Vasilyeviç Bulaşvili, Georgi Gioyeviç Bulaşvili və Mamuka Şenqeliyanın məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, adı çəkilən şəxslər dövlət çevrilişinə hazırlıqda, hökuməti öz əllərinə almaq məqsədi ilə üsyana hazırlıqda, qanunsuz silah əldə etməkdə ittiham edilirlər. Laşa Çxenkeli və Malxaz Qvelukaşvili həm də terror aktı törətmək üçün hazırlıq görməkdə təqsirli bilinirlər. Gürcüstan qanunlarına görə ittiham olunan şəxsləri 7-15 il, 12-17 il həbs cəzası gözləyir. Məhkəməyə saxlanılan şəxslərin əməllərini təsdiq edən müxtəlif materiallar - video, audio görüntülər, gizli telefon danışıqları, cinayət-axtarışı üzrə protokollar təqdim olunub. Saxlanılan şəxslərdən Laşa Çxenkelinin və Malxaz Qvelukaşvilinin vəkili Zaza Vaşakmadze mətbut nümayəndələrinə bildirib ki, onun müdafiə etdiyi şəxslərin terror aktı və silah ilə heç bir əlaqəsi yoxdur. “Əldə silah yoxdursa, necə terror akt hazırlamaq və üsyan qaldırmaq olar?”
Məhkəmə adı çəkilən şəxslərin barəsində iki aylıq həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Məhkəmədə qeyd olunub ki, həmin şəxslər azadlıqda qalarlarsa, istintaqın gedişinə mane ola bilərlər.
 
 
  • Yazılıb
  • da (də) 2009 Mar 28