Tarix : 2009 Mar 28
Kod 11321

TÜRKİYƏ-ERMƏNİSTAN BARIŞ SƏNƏDİ APRELİN 16-DA AÇIQLANACAQ

Qərb mənbələri Ankaranin “soyqırım” məsələsini hökumətlərarası komissiyada araşdırmağa hazır olduğunu bildirir
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin Ermənistanla münasibətlər qurmağa və sərhədləri açmağa yaxın olduğu haqda son günlər yayılan məlumatları Qərb mənbələri də təsdiqləyir. İrlandiyanın “İrish Times” qəzetinin yazdığına görə, tərəflər tarixi razılaşma ərəfəsindədirlər və iki ildir davam edən məxfi danışıqlardan sonra Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasına dair sənəd hazırlanıb.
Danışıqlar prosesi ilə bağlı məlumatlı olan analitiklər deyiblər ki, geniş paketdə sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması, qarşılıqlı gömrük, vergi, səhiyyə və tarix məsələlərini araşdırmaq üçün hökumətlərarası komissiya qurulması haqda razılaşma əldə ediblər. Qəzetin yazdığına görə, Türkiyə həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair “yol xəritəsi”nin də razılaşdırılacağına ümid edir. Beynəlxalq Böhran Qrupunun Türkiyə proqramları direktoru Hyuq Pope qəzetə açıqlamsında deyib ki, Türkiyə ilə Ermənistan arasında razılaşma çox yaxındır. İrəvanla Ankara arasında danışıqlar prosesi haqda məlumatlı olan Pope deyib ki, hazırda razılaşmanın imzalanmasını ləngidən yeganə səbəb əsəblərdir.
İrəvandakı mənbələr isə iki ölkə arasında münasibətlərin qurulmasını nəzərdə tutan paketin ilk dəfə aprelin 16-da, Türkiyənin xarici işlər naziri Əli Babacanın İrəvana səfəri zamanı açıqlanacağını bildirib. Lakin Türkiyə XİN-dəki yüksək rütbəli mənbələr Babacanın İrəvana hansı tarixdə səfər edəcəyini dəqiqləşdirməyiblər və şərh verməkdən yayınıblar. Ermənistan XİN-dən də şərh almaq mümkün olmayıb.
Türkiyənin xarici siyasət idarəsindəki mənbə isə qəzetə deyib ki, danışıqlar olduqca həssas mərhələdədir və hər iki tərəf indiki mərhələyə gələ bilmək üçün uzun yol keçib. Mənbə deyib ki, Ermənistanla münasibətlərdə radikal dəyişiklik AKP-nin hakimiyyətə gəlişindən sonra baş verib. Türkiyə prezidenti Abdullah Gülün İrəvana səfərndən sonra münasibətlərdə əsaslı dönüş yaranıb. Qafqaz üzrə ekspert, təhqiqatçı jurnalist Tomas de Vall bildirib ki, Türkiyənin Ermənistana münasibətinin dəyişməsi Rusiyanın Cənubi Qafqaz siyasəti il birbaşa bağlıdır. Çünki Rusiya ötən il Gürcüstana qarşı hərbi əməliyyatlara başlayandan sonar gördü ki, onun regiondakı hərbi müttəfiqi yeganə ticarət marşrutundan məhrum oldu. “Rusiya gördü ki, Gürcüstan ərazisində bir körpünün partladılması belə kifayətdir ki, onun müttəfiqi Ermənistan günlərlə xaricdən mal idxal edə bilməsin. Üstəlik, Ermənistan iqtidsadiyyatı hazırda Rusiyaya məxsusdur. Əgər Ermənistanda telekommunikasiya sektorundan tutmuş dəmiryola qədər hər şey sizin əlinizdədirsə, o zaman Türkiyə ilə sərhədlərin açılmasında ən çox maraqlı olmalısınız”, - deyə Tomas de Vall bildirib.
Qəzetin yazdığına görə, analitiklər Türkiyə-Ermənistan razılaşması paketinə Azərbaycandan ciddi etirazların eşidildiyini qeyd edirlər. Azərbaycan hesab edir ki, Türkiyənin sərhədləri açması Qarabağ məsələsində onun mövqelərinə zərbə vuracaq. Lakin üfüqdə görünməyən daha bir məhək daşı var. Bu da ABŞ prezidenti Barak Obamanın Türkiyəyə aprelin 6-da planlaşdırılan səfəridir. Obamanın səfəri hər şeydən əvvəl ABŞ-ın mühüm regional müttəfiqi ilə münasibətləri yaxşılaşdırmağa yönəlib. Lakin onun səfəri həm də bu baxımdan həssasdır ki, ermənilərin soyqırım günü kimi qeyd etdikləri 24 aprel yaxınlaşır və Obama 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri “soyqırım” kimi tanımaq haqda vəd verib. Türkiyə isə bu terminin istifadə olunmasına qarşı çıxır. “Əgər səmimi danışsaq, mən hesab etmirəm ki, bu səfər zamanı erməni məsələsi ilə bağlı anlaşma əldə olunacaq”, - deyə ABŞ-ın Türkiyədəki keçmiş səfiri Mark Perris qəzetə bildirib. Dövlət Departamentindəki mənbə isə bildirib ki, Vaşinqton Türkiyə ilə Ermənistan arasında danışıqlar prosesini yaxından izləyir və anlaşma əldə olunmasını asanlaşdırmağa çalışır. “Bəzi analitiklərə görə, Ankara Ermənistanla razılaşma paketini ABŞ-ın soyqırımı tanımasına əngəl olmaq üçün aprelin 24-dən əvvəl açıqlaya bilər. Lakin digərləri hesab edirlər ki, əgər Ankara ağıllı olsa, o zaman paketin açıqlanmasını uzada və bu təsir rıçaqından istifadə edə bilər” Tomas de Vall isə qeyd edib ki, Türkiyə-Ermənistan anlaşmasının ən böyük təsiri Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına ola bilər. Onun fikrincə, bu anlaşma danışıqlara müsbət təsir edə bilərdi. “Dağlıq Qarabağ münaqişəsi türk-erməni münasibətlərinin fonunda kiçik mübahisə kimi görünür”, - deyə o bildirib. “Əgər Türkiyə Ermənistana güzəştə gedirsə, o zaman Ermənistan və Azərbaycan üçün konstruktiv danışıqlar aparmamağa heç bir səbəb ola bilməz”. Bu sözləri isə Mark Perris deyib.
  • Yazılıb
  • da (də) 2009 Mar 28