Hər il milyonlarla manat əldə edən beynəlxalq şəbəkənin tərkibinə səfirliklər, rəsmi dövlət qurumları, idman federasiyaları da daxildir
Azərbaycan Servisi/Aran Agentliyi
Son illərdə dünya üzrə özlərinə yeni sığıncaq axtaran insanların sayı artıb. “Azadlıq” radiosunun məlumatına görə, bu barədə BMT-nin Qaçqınlarla İş üzrə Agentliyinin hesabatında bildirilir. Sənəddə 2008-ci ildə belə insanların sayının 12 faiz artdığı deyilir. Məlum olur ki, 2008-ci ildə 383 000 adam dünyanın 51 ölkəsinə sığınacaq üçün müraciət edib. Son 20 il ərzində yalnız 2006-cı ildə bu cür insanların sayı az olub. 2001-ci ildə isə rekord sayda - 623 000 nəfər sığınacaq axtarmışdı.
Yaşamağa qürbət ölkə?
Sığınacaq üçün ən çox 9 ÿölkəyə müraciət edilir. Bunlar ABŞ, Kanada, Fransa, İtaliya, İngiltərə, Almaniya, Yunanıstan, İsveçrə və Norveçdir.
Ötən il İraqdan 40 500 nəfər, Somalidən 21,800 nəfər, Rusiyadan 20,500 nəfər, Əfqanıstandan 18,500 nəfər və Çindən 17,400 nəfər sığınacaq üçün başqa ölkələrə üz tutub.
2008-ci ildə İraqın sığınacaq axtaran vətəndaşlarının sayı azalıb. Amma hələ də iraqlılar dünyada ən çox sığınacaq axtaranlardır.
2008-ci ildə ABŞ-dan 49 000 nəfər sığınacaq istəyib. ABŞ-dan sonra Kanada (36 900 müraciət), Fransa (35 200 müraciət), İtaliya (31 200 müraciət) və İngiltərə (30 500 müraciət) gəlir.ÿ
BMT-nin Qaçqınlarla İş üzrə Agentliyi Azərbaycandan da sığınacaq alan adamların sayının artdığını bildirir. Agentliyin məlumatına görə, 2007-ci ildə 1506 nəfər, 2008-ci ildə isə 1834 nəfər Azərbaycan vətəndaşı 44 sənayeləşmiş ölkədə sığınacaq alıb.
Hazırda sığınacaq alıb Hollandiyada yaşayan Eldəniz Yusifov bildirib ki, Azərbaycanda keçirilən hər seçkidən sonra Avropaya üz tutan azərbaycanlıların sayı artır: “Hər seçkidən sonra Avropaya üz tutanlar artır. Məncə, bu yaxınlarda keçirilən referendumdan sonra da yaşamaq üçün başqa ölkələrə gedənlər çoxalacaq”.
Azərbaycanın özü də başqa ölkələrin vətəndaşlarına sığınacaq verən dövlətlərdəndir. Amma hökumət rəsmiləri bildirirlər ki, ölkənin özünün ərazisi işğal olunan rayonlardan çox sayda məcburi köçkünü var. Ona görə də başqa ölkələrdən sığınacaq üçün müraciət edənlərə müsbət cavab vermək həmişə mümkün olmur.
Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevin verdiyi məlumata görə, son illər Azərbaycan başqa ölkələrdən gəlmiş cəmi 40 nəfərə qaçqın statusu verib. 2008-ci ildə isə 100-dən artıq adam müraciət etsə də cəmi bir nəfərə belə status verilib.
Ə.Əliyev müraciət edənlərlə bağlı tez qərar qəbul olunmadığından hazırda Azərbaycanda 30 mindən çox xarici ölkə vətəndaşının sənədsiz miqrant kimi yaşadığını deyir. Onların əksəriyyəti Gürcüstandan, İrandan olan soydaşlarımızdır.
Qeyd edək ki, BMT-nin Qaçqınlarla İş üzrə Agentliyi 2008-ci ildə 1834 nəfər Azərbaycan vətəndaşının müxtəlif ölkələrdə sığınacaq aldığını bildirsə də, əslində ölkədən gedənlərin sayı daha çoxdur.
Azərbaycandan xaricə axın güclənir
Qeyri-rəsmi məumatlara görə, son illərdə Rusiya və başqa MDB ölkələri istisna olmaqla, 10 minlərlə Azərbaycan vətəndaşı dünyanın müxtəlif dövlətlərinə üz tutub.
Bəs Azərbaycan vətəndaşları xarici ölkələrə necə gedirlər?
Son illər Azərbaycanda həm siyasi, həm də iqtisadi cəhətdən vəziyyətin pisləşməsi insanları, xüsusən də gəncləri kütləvi şəkildə ölkədən getmək məcburiyyətində qoyur. Araşdırmalarımız zamanı məlum oldu ki, hazırda 18-35 yaşları arasındakı kişi cinsindən olan azərbaycanlıların təxminən 45 faizə qədəri ölkədən getmək barədə yollar arayırlar. Hər il onların 15-20 faizi Azərbaycanı tərk etməyə nail olurlar. Digərləri isə maddi problemlərə görə istəklərini reallaşdıra bilmirlər. Azərbaycanı tərk edən insanların əksəriyyəti bu addımı yalnız və yalnız normal yaşamaq imkanı qazanmaq üçün atırlar. Amma hələ 7-8 il bundan öncə müxtəlif ölkələrə üz tutan azərbaycanlı mühacirlərin ordakı vəziyyəti ilə bağlı araşdırma apararkən məlum olmuşdu ki, heç də mühacirətə yollanan azərbaycanlıların hamısı orada özlərinə yaxşı təminatlı həyat qura bilmirlər. Bu barədə bir qədər sonra.
Hələlik isə azərbaycanlıların ölkəni hansı yollarla tərk etmələri barədə.
Burax gedim, ay konsul...
Azərbaycan Avropa Birliyinin üzvü olmadığına və əsas Avropa ölkələrinin birləşdiyi Şengen zonasına aid edilmədiyinə görə vətəndaşlarımızın dünyanın inkişaf etmiş ölkələrinə getməsi elə də asan olmur. Əksər hallarda istənilən Azərbaycan vətəndaşı hansısa səfirliyə üz tutub sənədlərini təqdim edib, pulunu ödəyib viza ala bilmir. Bu, həm səfirliklərin viza sənədləşdirilməsi üçün tətbiq etdikləri şərtlərin ağırlığı, həm də bəzi hallarda bürokratik əngəllərin ortaya çıxması ilə bağlıdır. Əgər hansısa Azərbaycan vətəndaşı turist kimi Avropa ölkələrindən birinə getmək istəyirsə, səfirliklərə müraciət edən kimi ondan o qədər sənəd tələb edirlər ki, başını tutub qaçır. Vətəndaşlardan getmək istədikləri ölkədə əvvəlcədən haqqı ödənilmiş hotel otağı üçün çek, bank hesabında təxminən 10 min avroya qədər pul olması barədə sənəd, iş yerindən arayış və digər sənədlər istəyirlər. Odur ki, əksər hallarda Azərbaycan vətəndaşları bu şərtlərə əməl edə bilmirlər, ona görə də çox asanlıqla işbazların müştərilərinə çevrilirlər.
Səfirliklərin işini işbazlar görür
Azərbaycanda viza düzəldən və vətəndaşların Avropa ölkələrinə gedişini təmin edən işbazlar böyük bir beynəlxalq şəbəkənin tərkibində fəaliyyət göstərirlər. Bu şəbəkəyə hətta Azərbaycanın rəsmi qurumları, turizm şirkətləri, idman federasiyaları (onlar xaricə yarışa aparılan idmançıların siyahısına bəzi hallarda idmançı olmayanların da adını yazdırırlar), səfirliklərin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, iri beynəlxalq şirkətlərin təmsilçiləri, ən müxtəlif ölkələrin su və dəmiryol nəqliyyat sistemlərində çalışan yüksək vəzifəli şəxslər, ölkələrarası yükdaşıma ilə məşğul olan qurumlar, hotel işçiləri və digəriləri daxildir. Belə işbazlar hətta hansısa səfirliyin viza verməkdən imtina etdiyi şəxsə uzağı 1 həftəyə viza düzəldirlər.
Şengen vizalarının qiyməti 1500 manatdan 3000 manata qədərdir
Apardığımız araşdırmalar zamanı onu da öyrəndik ki, viza işinə baxan şəxslərə cəmi iki şəkil və 1500 manatdan 3000 manatadək pul verirsən; cəmi bir neçə günə, uzağı 1 həftəyə sənə Şengen vizası düzəldirlər. Amerika və Kanadaya vizaların da qara bazarda öz qiymətləri var. Təxminən 10 min dollar. Bəs bu əməliyyat necə həyata keçirilir?
Əvvəlcə vətəndaşın adına hansısa dövlət qurumunda çalışması və təxminən 450 manatdan 1000 manatədək maaş alması barədə saxta sənəd hazırlanır. Sonra onun adına bank hesabı açılır və ora uzağı 10 min avroya qədər pul keçirilir. Həmin pul viza düzələn kimi də geri çəkilir. Vətəndaşın gedəcəyi ölkədəki hotellərdən birindən guya bir həftəlik, 10 günlük hotel otağı üçün ödəniş edilməsi barədə qəbz alınır. Sonra bu sənədlər toplanıb səfirliklərdən birinə verilir, sənədlər elə hazırlanır ki, tam qaydasında olur və konsulluqların sənədləri yetərli olan şəxslərə viza verməmək üçün heç bir formal əsası qalmır. Beləliklə, viza alınır və əgər vətəndaş özü sərbəst şəkildə getmək istəyirsə, bu, ona təxminən 1500-2000 min manata başa gəlir. Yox əgər həmin işbazlar onun Avropa ölkələrindən birinə aparılmasını da öz üzərlərinə götürürlərsə, məbləğ 3000 manatdan 4000 manatadək artır. Məsələn, məlum olub ki, bir müddət əvvələdək xaricə getmək istəyən azərbaycanlıların bir qisminə Polşa vizası düzəldilirmiş. Həmin şəxslər Varşavada bir neçə gün qaldıqdan sonra Polşadan Hollandiyaya, Fransaya, Almaniyaya meyvə aparan maşınlarla həmin ölkələrə keçirilirmişlər. Polşa Şengen zonasına daxil olduqdan sonra bu ölkənin səfirliyi viza verilməsi qaydalarını sərtləşdirdiyindən işbazlar indi başqa vasitələrə əl atırlar. Mühacirətə yollanmaq istəyənələri burdan Ukraynaya aparırlar, ordan ən müxtəlif üsullarla Polşa ərazisinə keçirirlər, Polşadan isə başqa ölkəyə yola salırlar. Bu əməliyyatlarda ən xırda iş görənin belə öz payı var. Ən səthi araşdırma zamanı məlum olur ki, həmin beynəlxalq şəbəkə təkcə Azərbaycandan mühacirətə yollanmaq istəyən şəxslərin istəklərini reallaşdırmaqla hər il 30 milyon avrodan çox para əldə edir.
İnternet mühacirliyi
Xaricə üz tutmaq istəyən azərbaycanlıların bir çoxu maddi imkansızlıqdan işbazlar vasitəsilə viza əldə edə bilmirlər və başqa yollara baş vururlar. Bu zaman onların köməyinə İnternet gəlir. Araşdırmalarımız zamanı o da məlum oldu ki, 26-32 yaş arasındakı kişi cinsindən olan vətəndaşlarımız tanışlıq saytları vasitəsilə ən müxtəlif ölkələrdə olan qadınlarla tanış olurlar. Avropaya bələd olanlar bilirlər ki, bir sıra ölkələrdə 35 yaşdan yuxarı olan xanımlar, xüsusən də həyat yoldaşından ayrılmış qadınlar ətraflarındakı kişilərin onlara biganəliyindən şikayətlənirlər, həyatlarında bir boşluq olduğunu hiss edirlər. Bu zaman onların həyatındakı boşluğu əhalisi iqtisadi baxımdan problemlər içərisində yaşayan ölkələrdən olanlar doldurur. Əksər hallarda 23-26, 30-35 yaşlı vətəndaşlarımız 32-35, 38-42, hətta 45-50 yaşlı qadınlarla tanış olurlar. Uzun müddət onlarla yazışdıqdan sonra Azərbaycana dəvət göndərilir və konsulluqlarda problemlərlə üzləşməsələr vətəndaşlarımız yaxşı yaşamaq üçün normal ölkələrə getmək arzularını reallaşdırırlar. Xaricə getdikdən sonra isə hərə orda həyatını bir cür qurur.
İdman təkcə sağlamlıq deyil, həm də tanışlıqdı
Bir dəfə Almaniyada olarkən təsadüfən bir soydaşımızla rastlaşdıq. Xoş-beşdən sonra məlum oldu ki, o, bir dostumun tanışıdır. Dediyinə görə, əvvəlcə İnternet vasitəsilə bir xanımla tanış olaraq Almaniyaya köçmək istəyib. Amma İnternet tanışılığı onun üçün uğurlu olmayıb. Bundan sonra Bakıda keçirilən bütün beynəlxalq səviyyəli yarışlara bilet alıb turnirləri canlı izləyib ki, bəlkə xaricdən gələn hansısa xanımla tanış ola bildi. Elə olub da. Özünün dediyinə görə, “Azərreyl” voleybol komandasının Bakıda əcnəbi klublarla keçirdiyi qarşılaşmaların birində Almaniyadan gələn bir xanımla tanış olub. Bu tanışlıq sonradan onu xəyallarının ölkəsinə - Almaniyaya aparıb. Dediyinə görə, həmin xanımla tanışlıqdan əvvəl alman dili kursuna da gedibmiş. Elə bu da tanışlıq məsələsində onun köməyinə gəlib. Onunla bir neçə il əvvəl rastlaşmışdım, özünü çox xoşbəxt hiss edirdi, deyirdi ki, ən azından iş tapmaq, çörəkpulu qazanmaq barədə düşünmür. Həmin vaxt cəmi iki il idi ki, Almaniyadaydı, amma artıq həm ailəsi, uşağı, həm də normal işi var idi.
Ancaq qürbət heç də hamıya bu həmyerlimiz kimi yaxşı həyat vəd eləmir. Oranın da öz çətinlikləri, öz şərtləri var. Növbəti saylarımızın birində məhz Avropada mühacirətdə olan soydaşlarımızın bəzilərinin oradakı həyat tərzi, üzləşdikləri problemlər, uğurları barədə yazacağıq.