Tarix : 2009 Mar 28
Kod 11323

“ERGENEKON” İŞİNDƏ DAHA 3 GENERAL İSTİNTAQA CƏLB OLUNA BİLƏR

Hərbi hava, dəniz və jandarma qüvvələrinin keçmiş komandanları çevriliş cəhdində şübhəli bilinirlər
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyədə “Ergenekon” işində ikinci ittiham aktının açıqlanmasından sonra daha 3 ordu generalı üçün istintaqa cəlb olunmağın yolu açılıb. Hərbi hava qüvvələrinin keçmiş komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, istefada olan ordu admiralı Özdən Örnək və Jandarma Qüvvələrinin keçmiş komandanı Aytac Yalman AKP hökumətini devirmək üçün hərbi çevriliş planı hazırlamaqda şübhəli hesab edilirlər.
Qeyd edək ki, ikinci ittiham aktında Türkiyə Silahlı Qüvvələrinin ən yüksək rütbəli komandanları haqqında ağlasığmaz və kifayət qədər ağır ittihamlar yer alır.
Xəbər verildiyi kimi, “Ergenekon”un “bir nömrəlisi” hesab edilən istefada olan ordu generalı Şener Eruyğur və Xurşud Tolon çoxsaylı ağır cinayətlərlə yanaşı narkotik ticarətində də ittiham olunurlar. İttiham aktının açıqlanması ilə siyasi baxımdan olduqca mühüm bələdiyyə seçkilərinə bir neçə gün qalmış ölkə gündəmi büsbütün dəyişib və növbəti dəfə “Ergenekon”a cəmlənib. Ekspertlər ittiham aktının məhz indi açıqlanmasını təsadüfi hesab etmirlər və belə güman olunur ki, dünyəvi dövlət tərəfdarlarının, dünyəvi rejimin müdafiəçisi olan silahlı qüvvələrin mənsublarının bu cür səs-küylü ittihamlar qarşısında qalması islamçı hakim partiyanın seçkilərdə səslərinin artmasına təsir göstərə bilər.
Xəbərlərə görə, ikinci ittiham aktında dörd mərhələdən ibarət hərbi çevriliş planlarından söz açılır. Prokurorlar göstəriblər ki, ordu generallarının başçılıq etdiyi qrup “Sarıkız”, “Ayişığı”, “Yakamoz” və “Eldivən” olaraq dörd mərhələdə hərbi çevriliş planı həyata keçirmək istəyiblər. Türkiyə Cümhuriyyəti tarixində ilk dəfədir ki, baş tutmamış hərbi çevriliş planı üzrə cinayət işi başlanıb və istintaq aparılır. İttiham aktına görə, silahlı qüvvələrin keçmiş baş qərargah rəisi, ordu generalı Hilmi Özkökün demokratik dəyərlərə sadiq olması bu planın həyata keçməsinə mane olub. Çevriliş hazırlayan generallar isə onu istefaya məcbur etmək, yerinə müvəqqəti olaraq jandarma qüvvələrinin komandanı Aytac Yalmanı gətirməyi planlaşdırıblar. Prokurorlar bu cür ağır ittihamları irəli sürmək üçün dəlil olaraq ötən il bəzi İnternet saytlarında yayılan və dəniz qüvvələrinin keçmiş komandanına aid olduğu deyilən gündəliklərdən çıxış edib. Bildirilir ki, Aytac Yalman və İbrahim Fırtına çevriliş planlarından xəbərdar olub, ancaq bu plana birmənalı şəkildə dəstək verməyiblər.  İttiham aktına görə, çevriliş planları 2004-cü ildə hazırlanıb. Həmin vaxt jandarma qüvvələrinin komandanı olan Şener Eruyğur zəif fiqur hesab etdiyi Yaşar Böyükanıtın Baş Qərargah rəisi olmasının yolunu kəsə bilmək üçün ona qarşı kampaniya təşkil etdirib. Bu kampaniya nəticə vermədikdə isə Böyükanıtın yeməyinə zəhər qatmağa cəhd edilib.
Üç qoşun növünün keçmiş komandanları barəsində rəsmi ittiham irəli sürülməsə də onların istintaqa cəlb edilməsi istisna deyil. Xatırladaq ki, AKP-yə bağlı media neçə vaxtdır silahlı qüvvələrin keçmiş baş qərargah rəisləri İsmayıl Haqqı Qaradayı və Hüseyn Kıvrıkoğlunun da “Ergenekon”la bağlı olması haqda kampaniya aparır. Onların da istintaqa cəlb ediləcəyi istisna edilmir. Görünən odur ki, “Ergenekon” işi Türkiyədə hələ çox səs-küylü hadisələrə səbəb olacaq.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 28