Tarix : 2009 Mar 28
Kod 11324

AZƏRBAYCAN HÖKUMƏTİNIN HESABATINDA SƏHVLƏR VAR

Pənah Hüseyn: “Real fəaliyyətin üzə çıxması hökumətə sərf etmir”
Azərbaycan Servisi/Aran Agentliyi
Hesablama Palatasının Milli Məclisdə verdiyi hesabat müzakirə obyekti olaraq qalır. Belə ki, sənəddə sistemli heç bir şey yoxdur. Çoxlu sayda iş yerlərinin açılmasından danışılsa da bağlanan iş yerlərindən, sahibkarlara törədilən maneələrdən, saxta sənədlərlə işləməyə məcbur edilən iş adamlarının düşdüyü vəziyyətdən bir kəlmə söz açılmır. Digər tərəfdən, hesabat ayrı-ayrı dövlət strukturlarının fəaliyyət məlumatlarının toplusu xarakteri daşıyır. Ekspertlərin rəyinə görə, hökumətin son hesabatı daha çox sovet dövründə beşillik qurultaylardakı çıxışlara bənzəyir. Sənəd “analoqu olmayan” kimi ifadələrlə doludur.
Nəzərə çatdıraq ki, artıq bir neçə ildir Azərbaycan hökuməti (Nazirlər Kabineti) öz fəaliyyəti barədə Milli Məclisdə məlumat verir. Qanunvericilikdə bu, hesabat adlansa da, reallıqda prosesi yalnız məlumatvermə kimi qiymətləndirmək olar. Çünki hər ilin martında Milli Məclisdə baş verənlərin “hesabat”, “hesabatvermə” anlayışlarına heç bir aidiyyəti yoxdur.    
Milli Məclisin üzvü Pənah Hüseyn hesab edir ki, hökumətin ötənilki fəaliyyəti ilə bağlı 500 səhifəlik hesabata ehtiyac yox idi: “Bunu 5 dəfə azaldıb konkret məsələlərə toxunmaq, işlər barədə məlumat vermək lazım idi. İkincisi də hesabatda hökumətin böhranla bağlı fəaliyyəti geniş işıqlandırılmalı idi. Bu, nəsə savadsızlıqdan irəli gələn məsələ deyil. Nazirlər Kabinetində kifayət qədər təcrübəli, ixtisaslı şəxslər var. Sadəcə, real fəaliyyətin üzə çıxması hökumətə sərf etmir. Xüsusən, 2008-ci ilin ikinci yarısı ilə bağlı. Ona görə də həqiqi mənzərənin hələ görünməməsinə nail olmaq üçün belə məzmun, forma hazırlanıb. Daim biz 2003, 2004-cü illə bağlı müqayisələri görəcəyik. Halbuki konstitusiyada Nazirlər Kabinetinin səlahiyyətləri konkret göstərilib. Görməli olduğu işin ümumi istiqamətləri müəyyən edilib. Bu istiqamətlər üzrə də hesabat verilməli, məsələ sistemləşdirilib ümumiləşdirilməlidir”.
P.Hüseyninin fikrincə, hökumət fəaliyyətinin və ölkədəki real vəziyyətin konturlarının görünməməsi üçün qəsdən analoji mətnli sənədlər hazırlayır: “Bir sıra məsələlərə aydınlıq gətirilməlidir. Məsələn, 2009-cu ilin yanvar ayında 1,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Halbuki 2008-ci ildə orta aylıq ümumi daxili məhsul istehsalı 3,2 milyard idi. Bu da onu göstərir ki, iki dəfəyə yaxın azalma baş verib. Artım tempinə gəlincə, ötən il Nazirlər Kabineti tərəfindən 20,8 faiz planlaşdırılırdı. Halbuki iki dəfə az oldu. Ciddi göstəricilərdən biri  inflyasiya dərəcəsidir. 12-14 faiz, hətta bir rəqəmli inflyasiya olacağına dair məsələlər səsləndirilir. Halbuki 21 faiz inflyasiya olub. Buna izahat verilməlidir”.
P.Hüseyn deyir ki, bu gün açılan iş yerlərindən artıq sayda iş yeri bağlanıb: “İri istehsal müəssisələri artıq bağlanmaqdadır. İşçilər isə məcburi qaydada öz hesablarına məzuniyyətə göndərilirlər. Hesabatda çoxlu sayda iş yerlərinin açılmasından danışılsa da bağlanan iş yerlərindən söz açılmır. Konstitusiyada Nazirlər Kabinetinin vəzifələrindən biri kimi qəbul olunan məsələ konkret ünvanlı proqramların həyata keçirilməsidir. Bunların hər biri barədə ayrıca hesabat verilməlidir. Hərçənd ki, həmin hesabat 500 səifəlik hesabatın ən axırıncı bölümündə xülasə edilərək əlavə kimi verilmişdi. Əslində hökumətin hesabatının mahiyyəti qəbul edilən proqramların ötənilki icrası ilə bağlı vəziyyət olmalı idi. Korrupsiya barədə yalnız qanunvericilik xarakterli məsələlərin qəbul edilməsi göstərilir. Ölkədə korrupsiyanın dövlət idarələri və hökumət səviyyəsində təşkil olunaraq ifrat dərəcəyə çatması prosesi gedir. Hesabatda bu barədə də hansısa ciddi araşdırma yoxdur”.
Hesabatda ötən ilin büdcəsinin yerinə yetirilməsinə dair müəyyən yekun müddəaların əks olunduğunu deyən millət vəkilinin sözlərinə görə, yerli, o cümlədən beynəlxalq təşkilatların ekspertlərinin bir sıra iradları, sualları da burada öz cavabını tapmayıb: “Ötən il ilin ikinci yarısında investisiya xərclərinə yönəldilən vəsaitin həcmi büdcədə iki dəfə artırıldı. Bunun özünün mənimsənilməsi ümumiyyətlə texniki cəhətdən problemli məsələ idi. Dövlət büdcəsinin yerinə yetirilməsi, konkret onun xərc hissəsi ilə bağlı rüblük hesabatlar dərc edilməlidir. Mənim və bir sıra digər deputatların da konkret tələblərinə, sorğularına baxmayaraq, həmin hesabatlar ümumiyyətlə dərc olunmur. O cümlədən hökumətin hesabatında da bu yöndə hər hansı izahat yoxdur. Builki hesabat həcm etibari ilə əvvəlki hesabatlardan böyük olsa da mənfiyə doğru geriləmələr var. Məsələn, yazılıb 800 kilometr yol çəkilib, bərpa olunub və sair. Amma əvvəlki hesabatlarda göstərilmişdi ki, hansı istiqamətdə neçə kilometr yol çəkilib. Ora konkret nə qədər vəsait ayrılıb. Son hesabatda belə konkret rəqəmlər yoxdur”.
Müstəqil ekspertlər belə fikir səsləndirirlər ki, keçən il ayrılan vəsaitin yarısının ünvanı məlum deyil. P.Hüseynə gəlincə, “investisiya layihələrinə ayrılan vəsaitin hamısı  guya dekabrda xərclənib qurtarıb. Hətta borclanmalar yaranıb. Yəni iş görülüb, amma vəsait ödənməyib. Belə halda milyardlarla vəsaitin yarısının naməlum istiqamətə getməsi, oğurlanması, mənimsənilməsi barədə iddialar irəli sürülür. Bunların da cavabları hələ ki verilmir. Reaksiyanın olmaması səsləndirilən iddiaların həqiqət olmasına sübutdur”.
Yeri gəlmişkən, dövlət maliyyə nəzarəti tədbirləri barədə hesabata məlumat daxil edilməyib. Burada söhbət Maliyyə  Nazirliyinin həyata keçirdiyi nəzarət tədbirlərindən gedir. Əvvəlki illərdə nazirlik tərəfindən aşkarlanan büdcə vəsaitlərinin təyinatından yayındırılması, yaxud israf edilməsi və sair üzrə faktlara dair Milli Məclisdə məlumat verilirdi. Bu dəfə isə maliyyə naziri çıxış belə etmədi. P.Hüseynin sözlərinə görə, hökumətin 2008-ci ildəki  fəaliyyəti ilə bağlı hazırladığı hesabat geriyə doğru addım idi: “Bu da ümumi sistemin böhranının əlamətidir. Hesabat, iclasın özü, baş nazirin gəlməməsi, sualların cavablandırılmaması və sair ölkədə ümumi sistem xarakterli kompleks geriləməni göstərir”.
 
 
 
  • Yazılıb
  • da (də) 2009 Mar 28