Tarix : 2009 Mar 28
Kod 11325

“QƏRB AZƏRBAYCANI ERMƏNİSTANLA ƏLAQƏYƏ VADAR EDƏ BİLMƏZ”

Vəfa Quluzadə: “İndiki halda Ermənistanla yaxınlaşma Türkiyənin yox, Rusiyanın xeyrinədir”
Azərbaycan Servisi/Aran Agentliyi
“Bu mərhələdə Türkiyə Ermənistanla sərhədləri açmağa tələsməməlidir. Ən azı rəsmi Ankara bu məsələnin həllini bir müddət uzatmalıdır”. Politoloq Vəfa Quluzadə bu fikirləri Türkiyənin aprel ayında Ermənistanla sərhədlərini açacağı ilə bağlı mətbuat yazılarını şərh edərkən söylədi. Ekspert bildirdi ki, Ermənistan müstəqil dövlət olmadığı, Rusiyanın quberniyası kimi mövcud olduğu üçün Türkiyənin addımlarına normal münasibət sərgiləyəcəyinə şübhə edir.
“Ermənistan heç vaxt müstəqil siyasət aparmayıb. Türkiyə Ermənistanla sərhədləri açsa, Rusiya ilə mürəkkəb oyuna girmiş olacaq. Əgər Rusiya Federasiyası qərbyönümlü kurs götürsə, NATO-ya istiqamətlənsə, imperiya sözündən imtina etsə, o zaman Ermənistanla əlaqələri gücləndirməyə dəyər.
Çünki onda Ermənistan Rusiyadan ayrılıb Türkiyəyə yaxınlaşacaq. Yox, əgər Rusiya bu böhrandan da salamat çıxsa, imperiya iddialarından əl çəkməsə, ordusunu yenidən silahlandırsa, o zaman Türkiyəni yaxşı perspektiv gözləmir. O halda Rusiya Ermənistan vasitəsilə Türkiyəni çökdürməyə çalışacaq. Yəni bu, mürəkkəb oyundur və bunun aqibətini indidən demək çətindir".
Ancaq indiki halda Vəfa Quluzadə hesab edir ki, bu yaxınlaşma Türkiyənin yox, Rusiyanın xeyrinədir: “Düzdür, Türkiyə Rusiyadan ticari məsələlərdə mümkün qədər faydalanmalıdır. Amma siyasi yaxınlaşmadan söhbət gedə bilməz. Birincisi, Türkiyə müsəlman dövlətidir və Rusiya tarix boyu antitürk, antimüsəlman dövləti olub. Türküstan deyilən bütün Mərkəzi Asiyanı məhz Rusiya işğal edib və özünün bir hissəsinə çevirib. Hazırda Rusiyada 40 milyon müsəlman yaşayır. Ona görə də Türkiyə düşünülmüş addım atmalıdır ki, sonra peşman olmasın. Türkiyə o vaxt Türkiyə olaraq qalacaq ki, öz əqidəsinə və oriyentasiyasına sadiq qalsın, öz mənliyini saxlasın. Türkiyəni 50-ci illərdən bəri salamat saxlayan NATO olub. Bu mənada Ankarada kimsə düşünməməlidir ki, Türkiyə NATO-dan kənarda müsəlman dövlətləri ilə müqavilə bağlayıb salamat qala bilər. O halda Türkiyəni dağılmaq təhlükəsi gözləyir. Fakt budur ki, İslam Konfransı və EKO-nun çoxsaylı qərarları kağız üzərində qalıb”.
Bəs Azərbaycan qardaş ölkənin atacağı addımlara hansı reaksiya verməlidir? V.Quluzadə bildirdi ki, Türkiyə müstəqil dövlətdir. Azərbaycan Türkiyənin müstəqilliyini həmişə sayıb, indi də saymalıdır: “Təbii ki, sərhədlərin açılıb-açılmaması barədə qərarı Türkiyə verəcək. Ancaq gərək bu qərar Azərbaycanın mövqelərinə zərər vurmasın. Fakt budur ki, sərhədlərin açılması ilə Ermənistanın mövqeyi möhkəmlənəcək. Əgər Rusiya Ermənistanı silahlandırsa və Türkiyə də onun iqtisadiyyatını quracaqsa, onda Ermənistan güclənib antitürk dövlətinə çevriləcək. Yox, əgər Rusiya təcavüzkar dövləti silahlandırmaqdan əl çəksə, o halda Ermənistan Türkiyənin təsiri altında normal dövlətə çevrilib təcavüzkarlıq niyyətlərindən uzaqlaşa bilər”.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 28