Tarix : 2009 Mar 29
Kod 11348

AZƏRBAYCAN “NABUKKO”DAN ƏLİNİ ÜZDÜ

ARDNŞ-lə “Qazprom” qaz memorandumu imzaladılar
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanla Rusiya arasında qaz alqı-satqısına dair danışıqlara başlamaq haqda memorandum imzalanıb. “Frans press” agentliyinin xəbərinə görə, sənədi martın 27-də Moskvada ARDNŞ prezidenti Rövnəq Abdullayev və “Qazprom”un idarə heyətinin sədri Aleksey Miller imzalayıblar.Sənədə görə, Azərbaycanla Rusiya arasında qaz alqı-satqısı 2010-cu ildən başlamalıdır. Tərəflər qarşıdakı danışıqlarda qaz alqı-satqısının kommersiya tərəflərini və texniki şərtlərini müzakirə edəcəklər.
Bu razılaşma Avropanın Xəzər regionunun qaz ehtiyatları hesabına öz enerji təhlükəsizliyini təmin etmək strategiyasına zərbə hesab edilir. Xəbər verildiyi kimi, Rusiya Avropa üçün alternativ qaz təminatı mənbəyi olan “Nabukko”ya qarşı Azərbaycanın bütün ixrac qazını Avropa qiymətərinə almaq haqda ötən il Bakıya təklif verib. Bu təklif kommersiya baxımından çox sərfəli görünsə də, Azərbaycan tərəfi “Nabukko” layihəsinə qoşulmaq marağını ifadə etmişdi və bu istiqamədə səylər göstərirdi.
Rusiya Elmlər Akademiyası yanında enerji araşdırmaları institundan Tatyana Mitrova “Frans press” agentliyinə bildirib ki, bu razlaşmadan sonra “Nabukko” qaz kəməri əsas qaz təminatçısını itirə bilər. Çünki Azərbaycan hazırda “Nabukko” üçün əsas qaz təminatçısı hesab olunurdu. “Bu anlaşma göstərir ki, Azərbaycan “Nabukko” nun iqtisadi, siyasi baxımdan qeyri-müəyyən və riskli layihə olduğunu başa düşür. Bu layihə ətrafında hazırda tranzit marşrutu, maliyyə və tikintinin ləngiməsi kimi ciddi problemlər mövcuddur”, - deyə ekspert xatırladıb.
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Avropa İttifaqı “Nabukko”nu özünün prioritet layihələr siyahısından çıxarıb. Bu xəbər Qərbdə geniş rezonansa səbəb olub və belə fikirlər doğurub ki, artıq “Nabukko”nun perspektivlərinə Avropa İttifqaında da inanmırlar. Ancaq bir neçə gün sonra Avropa İttifaqı “Nabukko”nu yenidən prioritet layihələr sırasına qaytarsa da, ona maliyyə ayırmaqda tərəddüdlər qalır. Belə ki, bu ilin yanvarında Budapeştdə keçirilən toplantıda Avropa Komissiyası “Nabukko”ya 250 milyon avro ayırmağı vəd etmişdi, ancaq indi bu məbləğ 50 milyon avroya endirilib. Avropa İttifaqının Fransa və Almaniya kimi ağırçəkili üzvləri “Nabukko”da maraqlı deyillər, digər tərəfdən, layihənin reallaşması məsələsində tranzit ölkələrlə təminatçı ölkələr arasında ciddi problemlər yaşanır. Söhbət ilk növbədə Türkiyə ilə Azərbaycan və Avropa İttifaqı arasında “Nabukko”ya dair problemlərdən gedir. Xəbər verildiyi kimi, Türkiyə “Nabukko” ilə bağlı həm Azərbaycan, həm də Avropa üçün qəbuledilməz hesab edilən bir sıra şərtlər irəli sürür. Bura “Nabukko” ilə nəql edilən Azərbaycan qazının 15 faizinin daxili tələbat üçün ucuz qiymətə Türkiyədə istifadə edilməsi, Türkiyənin təkcə tranzit yox, eyni zamanda Azərbaycan qazını alıb-satan ölkə olmaq istəyi və nəhayət, məqbul olmayan tranzit qiymətləridir.  Bu günlərdə Amerika mənbələri Türkiyənin irəli sürdüyü bu şərtlərin Azərbaycanla qardaşlıq münasibətlərinə uyğun olmadığı, AKP hökumətinin Azərbaycana təzyiq göstərmək üçün “Botaş”ın payçılardan biri olduğu “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi layihəsini ləngitməsi haqda yazmışdı. Bildirilirdi ki, hazırda Rusiyanın qaz məsələsində Azərbaycana təqdim etdiyi təkliflər Türkiyənin təqdim etdiyi təkliflərdən xeyli sərfəlidir.
“Şahdəniz” yatağının ikinci fazasından qaz hasilatına 2012-ci ildə başlamaq planlaşdırılırdı. Lakin bu kimi problemlər üzündən hasilat ləngiyir. “Şahdəniz” yatağının işlənməsi üzrə konsorsiumun operatoru olan bp şirkəti bildirib ki, hasilata ən yaxşı halda 2014-cü ildə başlamaq mümkün olacaq. “Nabukko”ya məhz “Şahdəniz”in ikinci fazasından hasil edilən qaz vurulmalıydı. Rusiya isə bu qazın hamısını almaq üçün Azərbaycana kommersiya baxımından sərfəli təklif verib. Belə görünür ki, rəsmi Bakı perspektivləri qeyri-müəyyən layihə ilə bağlı problemlərin həllini gözləməkdənsə daha real və sərfəli təklif üzrə konkret danışıqlara başlamağı qərara alıb. May ayında Praqada Avropa İttifqının sammiti zamanı “Nabukko” ilə bağlı məsələlər müzakirə edilməsi və hökumətlərarası sənədin imzalanması planlaşdırılırdı. Lakin Türkiyə hökumətinin mövqeyi sayəsində bu razılaşma şübhə altında qalıb. Azərbaycan tərəfi isə belə bir vaxtda Rusiya ilə anlaşma memorandumu imzalayaraq “Nabukko”dan asılı olmaq fikrində olmadığını həm Avropaya, həm də Türkiyəyə göstərmiş olur. Eyni zamanda belə təxmin olunur ki, Azərbaycanın öz qazını Rusiyaya satmaq istiqamətində ilkin anlaşma əldə etməsi AKP hökumətinin Ermənistanla sərhədləri açmaq hazırlıqlarına cavabdır. Özü də bu cavab xeyli məntiqi və başadüşüləndir.
 
 
  • Yazılıb
  • da (də) 2009 Mar 29