Tarix : 2009 Mar 29
Kod 11349

AZƏRBAYCANDA MÜXALİFƏTİN QAPALI TOPLANTISINDA MİTİNQ MƏSƏLƏSİ MÜZAKİRƏLƏRİ

Hərəkatın qorunub saxlanması qərarlaşdırıldı; bələdiyyə seçkilərində vahid qüvvə kimi iştirak etmək üçün məsləhətləşmələr başladı
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların liderlərinin Müsavat qərargahında dünən qapalı toplantısı keçirildi. 3 saata yaxın davam edən toplantıda hansı məsələlərin müzakirə olunduğu və hansı qərarların verildiyi haqda məlumat almaq üçün tədbirdən sonra suallarımızı Müsavat Partiyasının başqanı İsa Qəmbərə ünvanladıq. İsa Qəmbər bildirdi ki, əsasən iki məsələ ətrafında fikir mübadiləsi aparılıb və qərarlar verilib.
“Birincisi, indiki mərhələdə referendumla bağlı atdığımız və atacağımız addımlar məsələsi müzakirə edildi. Bu istiqamətdə bir sıra qərarlar qəbul olundu. Müşahidəçilərimizə və ümumiyyətlə, Vətəndaş Hərəkatının fəallarına təzyiq faktları var. Onlar dəqiqləşdiriləcək və məsələ ilə bağlı bəyanat veriləcək. Bir çox dairə və məntəqələrdə saxtakarlıqlarla bağlı faktların aydınlaşdırılması tələbi ilə Mərkəzi Seçki Komissiyasının qarşısında məsələlər qaldırılacaq. MSK-ya rəsmi müraciətimiz olub, ancaq əlavə faktlar da gəlməkdə dava edir.
Eyni zamanda qərara alındı ki, referendumun total saxtalaşdırılması məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edək. Bilirsiniz ki, əvvəlki mərhələdə Konstitusiya Məhkəməsinə müraciət edib referendumun qeyri-legitimliyi məsələsini qaldırmışdıq. Konstitusiya Məhkəməsi bizə bu günə qədər cavab verməyib. Bu isə kobud qanun pozuntusudur. Çünki qanunlara görə, istənilən instansiya nəinki siyasi təşkilatın, hətta adi bir vətəndaşın da müraciətinə rəsmi cavab verməlidir. Bizim müraciətimizə cavab verilməməsi ilə bağlı Apelyasiya Məhkəməsinə müraciət etməyi qərarlaşdırmışıq. Avropa Şurası Parlament Assambleyasına və onun müxtəlif strukturlarına müraciət hazırlanması da qərara alınıb. Müraciətdə referendumla bağlı bir sıra məsələlər öz əksini tapacaq. Toplantıda müzakirə olunan birinci məsələ bu idi".
Müzakirə olunan və qərarlar verilən ikinci mövzu isə referendumdan sonrakı müddətdə birləşmiş müxalifətin əməkdaşlığı məsələsi olub: “Toplantıda iştirak edənlərin hamısı bələdiyyə seçkilərində vahid siyasi qüvvə kimi iştirak etmək fikrinə üstünlük verdiklərini bildirdilər. Bu istiqamətdə müzakirələrə start verildi”.
“Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı yaxın müddət üçün qorunub saxlanacaqmı” sualına İsa Qəmbər belə cavab verdi: “Yaxın müddət üçün mütləq qorunub saxlanacaq. Toplantımızda bu fikir də səsləndi və yəqin həmin fikir də həyata keçiriləcək ki, Vətəndaş Hərəkatı referendumdan sonrakı müddətdə də mövcudluğunu qoruyub saxlasın. Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı sırf referendumla bağlı yaransa da kifayət qədər universal xarakter daşıyan bir birlikdir. Ümumi fikir bundan ibarət oldu ki, bu hərəkat dövlətimizin, cəmiyyətimizin digər qlobal məsələləri ilə də bağlı vahid mövqedən iştirak edən bir vətəndaş hərəkatı olaraq fəaliyyətini davam etdirə bilər. Yəqin ki, belə də olacaq”.
Müsavat başqanı “Referendum öncəsi kütləvi aksiyalar keçirilməsinə icazə verilmədi. Bundan sonrakı dönəmdə mitinqlər keçirilməsi planlaşdırılırmı” sualını isə belə cavablandırdı: “Hakimiyyət referendum kampaniyası zamanı kütləvi aksiyaların keçirilməsi üçün bütün qeyri-qanuni vasitələrə əl atdı. Kütləvi aksiyalar məsələsi aktuallığını saxlayır. Bu günkü (dünənki-red.) iclasımızda da bu barədə müzakirələr aparıldı. Mitinq məsələsi çox ciddi şəkildə müzakirə edilir”.
 
  • Yazılıb
  • da (də) 2009 Mar 29