İneke Botter Livanda işləyərkən milyonlarla telefon danışığını İsrail kəşfiyyatına ötürüb; informasiya təhlükəsizliyi təhdid altındadır
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın üç mobil rabitə operatorundan biri - 1 milyona yaxın abonenti olan “Bakcell”in indiki baş direktoru İneke Botter “Mossad” əməkdaşıdır. Bu sensasiyalı məlumat bir neçə həftə əvvəl Livan qəzetlərində yer alıb. Livanda nəşr olunan “əl-Təyyar əl-Vatani əl-Hurr” adlı qəzetdə fevral ayında dərc edilmiş qalmaqallı məqalədə deyilir ki, İ.Botter bu ölkədə fəaliyyət göstərən alman “Alfa” mobil rabitə şirkətinə başçılıq edərkən milyonlarla telefon danışıqlarının dinlənilməsini təmin edərək İsrail kəşfiyyat xidmətinə ötürüb.
Dinləmə qurğularından biri də Botterin evində yerləşdirilibmiş. Onun “Mossad” agenti olması üzə çıxandan sonra İsrail kəşfiyyatının təlimatı əsasında Botter Livanı tərk edib. Bu yaxınlarda isə Botter Bakıya gələrək “Bakcell” şirkətinin baş direktoru vəzifəsinə təyin olunub. Məlumdur ki, bu şirkət İsrail iş adamlarına məxsusdur.
Livan qəzetinin məqaləsində deyilir ki, Botter Almaniyanın “Almkhaddmp” şirkətinin Livandakı iki firmasından biri olan “Alfa” mobil rabitə operatoru şirkətinin direktoru işləyib. “Mossad” bu şirkət vasitəsilə Livanda on milyonlarla telefon danışıqlarını dinləyib. “Frans Telekom” şirkətinin İsraildəki nümayəndəliyindən Livan qəzetinə verilən məlumata görə, proses 2004-cü ilin yayından başlayıb. Telefon danışıqlarının dinlənilməsi prosesinə “Alfa”nın tərəfdaşı olan alman “Detykon” şirkətinin livanlı və xarici ölkə vətəndaşları olan əməkdaşları da cəlb olunub. Lakin mənbə bildirib ki, bu prosesdə əsas liderliyi Hollandiya vətəndaşı olan (Botter bəzi mənbələrdə Danimarka vətəndaşı kimi göstərilir-red.) İneke Botter edib. Mənbənin bildirdiyinə görə, ola bilsin əməliyyat indi də davam edir, ancaq daha kiçik miqyasda. Çünki “Mossad”ın agent şəbəkəsinin rəhbəri - rezidenti Livandan qaçıb.
Bildirilir ki, qrupun dinlədiyi telefon danışıqlarına təkcə mobil rabitə vasitəsilə deyil, hətta yerüstü kabel şəbəkəsi vasitəsilə həyata keçirilən danışıqlar da daxil olub. Telefon danışıqlarını dinləmək üçün ən müasir texnologiyalara əsaslanan texniki vasitələri bu qrupa “Mossad” verib. Telefon danışıqlarını dinləmək üçün Beyrutda iki mərkəz qurulub. Botterin şəbəkəsinin dinlədiyi telefon danışıqları 2006-cı ildə İsrail ordusunun Livanda “Hizbullah”a qarşı apardığı hərbi əməliyyatlarda mühüm rol oynayıb.
Mənbə qəzetə onu da bildirib ki, şəbəkənin telefon danışıqlarını dinlədiyi adamlar arasında Livanın yüksək vəzifəli rəsmiləri də olub. Məsələn, 2004-cü ilin sentyabrında Livanın o vaxtkı prezidenti Emil Laxudla Suriya prezidenti Bəşər Əsəd arasındakı telefon danışıqları Botterin şəbəkəsi tərəfindən qeydə alınıb. Bu telefon danışıqlarında Livanın keçmiş baş naziri Rafiq Həririnin öldürülməsi hadisəsi ilə bağlı söhbətlər də yer alıb. Həmin telefon danışıqları birbaşa ya peyk vasitəsilə, ya da İsrailin Livan sahillərindəki hərbi gəmilərindəki qurğular vasitəsilə “Mossad” qərargahına ötürülüb. Bildirilir ki, dinləmə qurğularından biri Botterin Beyrutdakı evində yerləşirmiş. Ancaq ötən il noyabrın ortalarında Botter İsrail kəşfiyyatının yüksək rütbəli zabitindən aldığı siqnal əsasında evini təmizləyib və Livandan Kiprə qaçıb. Qəzet yazır ki, Botterin şəbəkəsinin həyata keçirdiyi dinləmə prosesi “Hizbullah”ın hərbi komandirlərindən olan İmad Muqniyənin bir il əvvəl Dəməşqdə sui-qəsd nəticəsində öldürülməsi ilə də üst-üstə düşür.
Versiyalardan birinə görə, Botterin şəbəkəsini “Hizbullah” kəşfiyyatı üzə çıxara bilərdi. Belə ki, ayrıca kəşfiyyat strukturuna malik olan “Hizbullah” Livandakı bütün xarici vətəndaşları izləyir. Qəzet yazıb ki, Livan ordu kəşfiyyatı da Botterin fəaliyyətindən xəbər tutub, lakin Hollandiya vətəndaşı olduğu üçün onun həbsinə tərəddüd ediblər. Elə bu vaxt agentin ifşa olunmasından xəbər tutan “Mossad” Botterə Livanı tərk etməsi haqda siqnal göndərib. Bu məsələdə Livanın Telekommunikasiya Nazirliyindəki “Mossad” agenti də rol oynayıb. Siqnalı alan kimi Botter dərhal Beyrutdan yunan Kiprinin paytaxtı Nikosiyaya uçub. Qeyri-rəsmi məlumatda isə deyilir ki, Botter Livanı Beyrut aeroportu vasitəsilə deyil, Cuniya limanından yaxta ilə tərk edib. Digər versiyaya görə isə Botterin şəbəkəsini Beyrutdakı Rusiya kəşfiyyat bürosu üzə çıxarıb və bu haqda Livan kəşfiyyatına məlumat verilib.
Livan qəzeti daha sonra Botterin şəxsiyyəti barədə araşdırma apararaq onun haqqında bir sıra məlumatlar əldə edib. Brüssel və Amsterdamdakı mənbələrdən qəzetə bildiriblər ki, 48 yaşlı xanım Botter hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə diplom alıb, dünyanın işgüzar paytaxtları sayılan London, Amsterdam və Honkonqda işləyib. SSRİ-nin dağılmasından və keçmiş sovet respublikalarında iqtisadiyyatın əsas sahələrinin mafiyaların nəzarətinə keçməsindən sonra Botter də bu şəbəkələrə cəlb olunub. 1992-ci ildə o, Ukrayna və Macarıstanda işləyib, daha sonra Çexiyaya gedib və 1998-ci ilədək Çexiyada mobil rabitə şirkətinin prezidenti olub. Qısa müddət İsveçrədə qalandan sonra Amsterdama geri dönüb, 2000-ci ilin əvvəllərində yerli “Vestal Telecom” şirkətinin icraçı direktoru olub. Ukraynadakı mənbələr isə bildiriblər ki, Botter bu ölkədə “beynəlxalq mafiyanın” simvollarından biri, habelə Odessada və Krımda işləyən İsrail biznesmenləri ilə sıx əlaqələrdə olan adam kimi tanınıb.
***
“Bakcell”in internet saytında isə İneke Botter haqda bu məlumatlar yer alır: “İneke Botter Azərbaycanın üç mobil operatorundan biri olan ”Bakcell" şirkətinin baş direktorudur. O, maliyyə və telekommunikasiya sahəsində geniş beynəlxalq təcrübəyə malikdir. Korporativ və beynəlxalq hüquq üzrə universitet dərəcələrinə malik olan İ.Botter maliyyə sahəsində fəaliyyətinə 1980-ci illərdə Amsterdamda və Londonda başlayıb.
1991-ci ildə İneke Botter ilk mobil telekommunikasiya şəbəkəsi olan KPN-nin “Ukrainian Mobile Communications” (UMC) şirkəti üçün lisenziya almaqdan ötrü Kiyev şəhərinə gedib. 1992-ci ildə o, Macarıstanın Budapeşt şəhərinə gedərək “Pannon GSM”-də hüquq və təchizat üzrə direktor vəzifəsində çalışmağa başlayıb. Macarıstanda iki il işlədikdən sonra o, İsveçrədə KPN-in birgə müəssisəsi olan “Uni Source Mobile” şirkətində işə başlayaraq müxtəlif ölkələrdə biznesin inkişafı sahəsində fəaliyyətlə məşğul olmağa başlamışdır. 1995-ci ildə xanım Botter mobil kommunikasiyalar şöbəsinin rəhbəri kimi “Czech Telecom” şirkətinə işə qəbul olunub və 1998-ci ilin əvvəlinədək Praqada işləmişdir. Daha sonra burada fəaliyyətinə son qoyaraq o zaman Honkonqun “Hutchison Whampoa” şirkətinə məxsus “Orange” şirkətində fəaliyyətə başlamışdır. O, 1999-cu ilin sonunadək “OrangeSwitzerland” şirkətində şəbəkənin genişləndirilməsi üzrə baş menecer kimi çalışmışdır. 2000-ci ildə xanım Botter Amsterdamda “Versatel Telecom NV” şirkətində naqilsiz rabitə üzrə idarəçi direktor vəzifəsində çalışmaq üçün Niderlanda geri dönmüş və eyni zamanda “Orange” şirkətinin müxtəlif heyətlərində çalışmışdır. 2001-ci ildə o, Niderlandın Amsterdam şəhərinə gedərək 3 il “Hutchison” şirkətinin digər yeni layihəsində texnika və əməliyyatlar üzrə direktor vəzifəsini tutmuşdur. O, Kosovonun Priştina şəhərində BMT-nin Kosovo Poçt və Telekommunikasiya (Post and Telecommunications Kosovo - PTK) şöbəsinin müdiri kimi çalışmış və sonra Livana gedərək 2004-cü ilin ortalarından Livan dövləti ilə idarəçilik haqqında müqavilənin müddəti bitənədək, yəni 2008-ci ilədək FDT tərəfindən idarə olunan “Alfa” şirkətində icraçı direktor vəzifəsində çalışmışdır. Bu yaxınlarda o, “Bakcell LTD.”-də baş icraçı direktor vəzifəsində çalışmaq üçün Azərbaycana gəlmişdir".
***
Bioqrafiyasından da göründüyü kimi, Botterin 2004-cü ilin ortalarından Livanda işə başladığı təsdiqlənir. Lakin bu məlumatlarda göstərilir ki, Botter Livan qəzetinin yazdığı kimi, ifşa olunaraq bu ölkədən qaçmayıb və yerli hökumətlə müqavilənin vaxtı bitdiyi üçün Beyrutu tərk edib. İnternetdə apardığımız araşdırmalar isə göstərib ki, Livan qəzetinin bu qalmaqallı məqaləsini bəzi başqa ərəb qəzetləri də dərc edib. Habelə Almaniyada ərəb qəzetlərinin icmalını hazırlayan bir sayt bu məqalə haqda məlumat verib.
İneke Botterin haqqında yayılmış bu sensasiyalı məlumatlar onun Azərbaycandakı fəaliyyətinin dövlətin informasiya təhlükəsizliyi baxımından nə dərəcədə düzgün olması haqda suallar yaradır. Bakıdakı mənbələr vasitəsilə araşdırmalar apararaq Botterin gəlişindən sonra “Bakcell” şirkətində vəziyyət haqda başqa maraqlı məlumatlar da əldə etdik.
“Bakcell” şirkətinin yerli mütəxəssisləri bizə İ.Botterin fəaliyyətindən narazı olduqlarını söylədilər. Şirkətin əməkdaşlarının sözlərinə görə, İ.Botter quruma rəhbər təyin ediləndən sonra azərbaycanlı mütəxəssislərin sıxışdırılmasına start verilib: “Botterin göstərişi ilə yerli mütəxəssislər sıxışdırılır, ən müxtəlif bəhanələrlə işdən çıxarılır. İşdən çıxarılan Azərbaycan vətəndaşlarının yerinə isə əcnəbilər işə götürülür”.
“Bakcell”in adını açıqlanmasını istəməyən əməkdaşı şirkətlərində işə götürülən əcnəbilərin planlı şəkildə ölkəmizə gətirildiyini söylədi: “İneke Botter qlobal maliyyə böhranından yararlanan beynəlxalq şəbəkənin dəstəyi ilə ölkəmizə ucuz işçi qüvvəsi gətizdirir. Əsasən geridə qalmış və inkişaf etməkdə olan ölkələrin vətəndaşları ”Bakcell"də işə götürülür. Hazırda “Bakcell”də işləmək üçün Filippin, Hindistan, Banqladeş, Tailand, Pakistan və bir sıra Şərqi Avropa ölkələrindən işçilər gətirilir".
Şirkət əməkdaşının sözlərinə görə, əcnəbilərin işə götürülməsində əsas məqsəd böyük məbləğdə pulları mənimsəməkdir: “Əcnəbilərə tutduqları vəzifələrdən asılı olaraq 8 mindən 30 min ABŞ dollarınadək məvacib verilir. Lakin həmin məvacibin heç də hamısı əcnəbilərə çatmır. Belə ki, öz ölkəsində işsiz qalan şəxsə ”Bakcell"də aldığı rəsmi məvacibin təxminən 10 faizi verilir və əcnəbi işçilərin ölkəmizdəki minimum məsrəfləri ödənilir. Bu məsrəflərə əcnəbi işçinin yemək və kirayə haqqı daxildir. Məvacibin yerdə qalan hisəsi isə rəhbərlik və tərəfdaşları arasında bölüşdürülür".
Etibarlı mənbənin sözlərinə görə, son dövrdə şirkətə yüzlərlə əcnəbi işçi qəbul olunub. Hətta şirkətin avtomaşınlarına yanacaq paylayan operator da əcnəbidir. Mənbə məvaciblərin təyin olunmasında da ayrı-seçkiliyin olduğunu bildirib: “Məvaciblərin verilməsində də ayrı-seçkilik var. Azərbaycanlı mütəxəssislər orta hesabla 800 manat məvacib alır. Şirkətdə çalışan çox az sayda azərbaycanlı mütəxəssis 1500 manat maaş alır. Lakin ali təhsili olmayan, kollec bitirən əcnəbilərin minimum əməkhaqqı 8 min dollardır. Lakin elə əcnəbi işçilər var ki, onlar 20-30 min dollar maaş alırlar”.
Bundan əlavə, xaricdən alınıb gətirilən avadanlıqların da qiymətləri şişirdilir. “Bakcell”in adını açıqlanmasını istəməyən mütəxəssisinin sözlərinə görə, maliyyə böhranından sonra telekommunikasiya avadanlıqlarının qiyməti kəskin şəkildə aşağı düşüb. Lakin şirkətin rəhbərliyi hazırda müasir sayılmayan avadanlıqları Avropadan həddən artıq baha qiymətə alıb ölkəmizə gətirir. Şirkətin əməkdaşı bizimlə söhbətində İ.Botterin Ukraynada işlədiyi dönəmdə də qaranlıq maliyyə əməliyyatlarında iştirak etdiyini vurğuladı: “İneke Botterin adı Ukraynada işlədiyi dönəmdə də maliyyə fırıldaqlarında hallanıb. Xüsusən də onun Odessa şəhərində və Krımda iri maliyyə əməliyyatlarında iştirak etdiyi söylənilir”.
Şirkət əməkdaşının sözlərinə görə, qaranlıq bir keçmişə malik olan şəxsin “Bakcell” kimi böyük bir şirkətə rəhbər təyin edilməsi anlaşılmazdır: “Onun şirkətə rəhbər təyin edilməsi gözlənilməz oldu. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti belə bir qaranlıq keçmişə malik şəxsin ölkəmizdə mühüm post tutmasına imkan yaradıb”.
Sabahkı sayımızda mövzunu davam etdirəcəyik.