Azərbaycan Respublikası ilə Qondarma Dağlıq Qarabağ Respublikasının tərəfindən özlərinin xeyrinə Amerikada lobbiçilik üçün ayırdıqları kreditin həcmi ekspertləri təəccübləndirib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikası ilə Qondarma Dağlıq Qarabağ Respublikasının tərəfindən özlərinin xeyrinə Amerikada lobbiçilik üçün ayırdıqları kreditin həcmi ekspertləri təəccübləndirib.
Belə ki, təqdim olunan rəsmi statistika ekspertlərin fikrini ABŞ-ın Qarabağ məsələsi ilə bağlı ikili siyasət yürütməsinə sövq etdirib.
Dəyərlər saytının məlumatına əsasən, ABŞ Ədliyyə Nazirliyinin lobbist şirkətlərin fəaliyyətinə dair hesabatına görə ABŞ-da fəaliyyət göstərən "Chlopak, Leonard, Schechter and Associates" şirkəti lobbiçilik üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən 39.1 min dollar alıb. "JWI" şirkəti isə Azərbaycan Beynəlxalq Bankından 108,1 min dollar əldə edib. Eyni şirkət mətbuat ilə bağlı strategiyanı analoji yolla hazırlamaq üçün Azərbaycan prezidentindən 26 min dollar əldə edib. "Livingston Group" şirkəti ABŞ Konqresi üzvləri ilə siyasi məsləhətləşmələrin təşkili və Azərbaycan-Amerika əlaqələri, habelə Azərbaycanda söz azadlığı mövzusuna həsr edilmiş tədbirlərin keçirilməsi, Azərbaycan XİN rəhbərliyinin ABŞ-a səfərlərinə yardım göstərilməsi üçün Azərbaycan XİN-dən 347.9 min dollar alıb. Azərbaycanın Amerikadakı Baş konsulluğu Los-Anceles şəhərinin KİV-ləri ilə əlaqələrin təşkili üçün "Sitrick and Company" şirkətinə 8,9 min dollar pul ayırıb.
Digər tərəfdən Qondarma "Dağlıq Qarabağ Respublikası" rəhbərliyi ABŞ-da özlərinin təşkil etdiyi "Office of the Nagorno Karabakh Republic in the USA" təşkilatına Vaşinqton rəhbərliyində olan məmurlarla münasibətlərin qurulması, ictimaiyyət və KİV-lərlə əlaqələrin yaradılması, informasiya materiallarının yayılması, sülh prosesi probleminin həll edilməsinə dair məlumatların yaradılması üçün 103,5 min dollar ayırıb. Bundan başqa, Qondarma "DQR" rəhbərliyində olan Vardan Barseqyandan göstərilməyən məbləğdə pul vəsaitini Qondarma "DQR"-in maraqları çərçivəsində fəaliyyət göstərən ictimaiyyətlə əlaqə sahəsində mütəxəssis olan Vilyam Spenser əldə edib.
Politoloq Zərdüşt Əlizadənin fikrincə, Amerika qanunlarına görə lobbi təşkilatları xarici ölkələrin maraqlarını təmsil etməməlidirlər.
"Dəyərlər"ə açıqlamasında Zərdüşt müəllim daha sonra bildirmişdir: "Azərbaycan hökumətinin mənafelərini ABŞ lobbi təşkilatları tərəfindən təmsil etmək, Amerika qanunlarının pozulması deməkdir. Amma qondarma qurum "DQR" dövlət deyil. Yəni formal olaraq bu qanun pozuntusu deyil. Bu cinayətkar rejim beynəlxalq hüquqda tanınmır. Eyni zamanda həm də Amerikadan hər il külli miqdarda maliyyə yardımı alan qurumdur. Bu il 8 milyon dollar alıb, ötən il də 8 milyon dollar almışdı. Bəzən olub ki, arada 12 milyon dollar da alıb. Yəni bu Amerikanın ianəsi ilə yaşayan cinayətkar, separat bir qurumdur. Həmin pulların da bir hissəsini elə qaytarıb Amerikada özünün münasibətlərinin qurulması üçün lobbi təşkilatlarına ödəyir.
Politoloq İlqar Məmmədovun fikrincə isə heç kimə sirr deyildir ki, bir sıra ölkələr, qeyri-formal təşkilatlar, ictimai qurumlar Amerika da belə lobbiçilik fəaliyyətləri ilə məşğul olurlar, o cümlədən Dağlıq Qarabağın erməni icması. Əslində Amerikada onların adından erməni lobbisi edir bunu. Bu heç də ondan xəbər vermir ki, qondarma "DQR" ABŞ tərəfindən tanınır. ABŞ-da qondarma "DQR"-in bir nümayəndəliyi də vardır. Amma diplomatik missiya kimi deyil, QHT kimi.