Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası 29 martda baş tutan bələfiyyə seçkilərində seçicilərin 39,1% səsini toplamaqla qalib gəlib
Türkiyə Servisi/Aran Agentliyi
Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası 29 martda baş tutan bələfiyyə seçkilərində seçicilərin 39,1% səsini toplamaqla qalib gəlib. İkinci yeri seçicilərin 23% səsini toplamaqla Cümhuriyyət Xalq Partiyası, üçüncü yeri isə 16,2% səslə Milliyətçi Hərəkat partiyası tutub, - Lenta.ru xəbər verir.
Bununla yanaşı baş nazir Ərdoğan bildirib ki, səsvermənin nəticələrindən razı deyil. “Biz xalqdan dərs aldıq və dərsdən nəticə çıxaracağıq”, - deyə baş nazir bildirmişdir və əlavə etmişdir ki, yaxın vaxtlarda hakimiyyətdə yəqin ki, müəyyən dəyişikliklər aparılacaq. Tam qələbəyə baxmayaraq partiya 2007-ci ilin parlament seçkilərindən daha az dəstək alıb. Belə ki, parlament zamanı hakim partiya seçicilərin 47% səsini toplamışdı.
***
Türkiyə seçkiləri xarici mətbuatda
BBC: BBC öz saytında “Türkiyənin baş nazirinin partiyası şeçkilərdə hər kəsi qabaqlayıb” adlı xəbərdə AKP-in qalib gəldiyini bildirsə də bəzi əsas bölgələrdə müxalifət patriyalarına uduzduğunu deyir.
“Türkiyənin baş naziri əvvəlki seçkilərdə 47 % topladıqlarını xatırladaraq indiki nəticələrə görə 40% toplamalarına belə şərh verib: “Xalqımızın bu mesajından lazımlı dərsləri çıxaracağıq”.
Faynenşl Tayms qəzeti: “Türkiyənin bələdiyyə seçkiləri yüksək ab-havada keçib. Faizin aşağı düşməsinə baxmayaraq əvvəlki şeçkilərdə qalib gələn islahatçı AKP yenə də bütün müxalif partiyalarını qabaqlayıb”.
Vaşinqton Post: “Türkiyədəki bələdiyyə şeçkilərində hakimiyyətdə olan Ədalət və İnkişaf partiyası 40%-lik göstərici ilə öndədir. Xatırladaq ki, bu partiya əvvəl ki, seçkilərdə 47 faiz səs toplamışdı” yazan qəzet enişə səbəb kimi son dövrlərdə dünya böhranının Türkiyəyə təsiri ilə əlaqədar olaraq işsizliyin artmasını göstərib.
Nyu York Tayms: “Türkiyə hakimiyyət partiyası şəhərlər üzrə qalibdir” başlıqlı məqaləsində yazır. “Baş nazir Ərdoğanın partiyası keçən seçkilərdə olduğu kimi qalib gəlib. Baş nazir isə nəticələrdən razı deyil.” Qəzet həmçinin “açar şəhər” adlandırğı İzmir, Adana Diyarbəkir, şəhərlərində AKP-nin məğlub olduğunu qeyd edir.
***
Elxan Şahinoğlu: "Türkiyədə seçkidə baş verənlər normal prosesdir"
“Atlas Araşdırmaları Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu Türkiyədə keçirilmiş son bələdiyyə seçkilərinə münasibətini açıqlayarkən hakimiyyətdə olan AKP-nin ötən seçkilərə nisbətdə daha zəif nəticə göstərməsini normal proses kimi dəyərləndirmişdir. Beləki, ekspert bunu demokratik ölkələrin normal seçki amili kimi qiymətləndirərək daha sonra “Dəyərlər”ə bildirmişdir: “Bu seçkilərdə AKP-nin qalibiyyətilə yanaşı müəyyən itkiləri də vardır. Tutaq ki, baş nazir Ərdoğan hədəf kimi İzmir və Diyarbəkir bələdiyyələrində qələbədən söz açırdı. Amma burada qələbə qazana bilmədi. İzmirdə yenə əvvəlki kmi CHP namizədi, Diyarbəkirdə isə terroçu PKK təşkilatının siyasi qanadı kimi tanınan DTP-nin namizədi qələbə qazanıb. Bu iki hədəfə hakim partiya çata bilmədi. Bundan başqa bəzi bələdiyyələr var ki, onun əlindən çıxdı; məsələn, Adana və Antalya kimi bələdiyyələrin hər ikisində hakim partiya məğlub oldu. Amma ümumilikdə, təbii ki, bu il də AKP bələdiyyə seçkilərində birinci yeri götürüb. Lakin ötən seçkilərlə müqayisə də isə
AKP təqribən 2% geriləyib. Buna rəğmən son 4 seçkilərdə - 2 parlament, 2 bələdiyyə seçkilərində bu partiya qələbə qazanıb. Son seçkidə isə AKP üçün ilk yeri tutmasına rəğmən ən zəif nəticədir”. “AKP-nin geriləməsinin səbəblərini nədə görürsünüz?” sualımızı isə Elxan bəy belə cavablandırdı: “Bunu iqtisadi böhranla da əlaqələndirmək olar. ABŞ və Avropada baş verən bu böhran Türkiyəyə də gəlib çatıb və onun iqtisadiyyatı da müəyyən böhran keçirir. Əlbəttə ki, buna etiraz əlaməti olaraq da vətəndaşlar müxalif partiyalara səs vermiş ola bilərlər. Amma bir amili də nəzərdən qaçırmamaq lazımdır ki, Türkiyə bölgənin demokratik ölkələrindən biridir. Demokratik ölkələrdə isə bir partiyanın bütün seçkilərdə daim qələbə çalması, birinciliyi qazanması qəbul olunmayan, rastlanmayan faktordur. Fakt odur ki, AKP Türkiyədə son dövrün bütün seçkilərində qələbə qazanır. Artıq bunda da faiz nisbəti ilə bir qədər geriləmə müşahidə olunur. Belə hal demokratik ölkələrə xasdır. Bu normal bir prosesdir”.