Azərbaycan servisi/Aran Agentliyi
Qlobal iqtisadi böhran və onun Azərbaycana təsirləri xarici neft şirkətlərinin də problemlərlə üzləşməsinə səbəb olub. Xəbərlərə görə, bilavasitə hasilatla məşğul olan şirkətlər xərcləri azaltmaqla vəziyyətdən çıxmağa cəhd göstərsələr də, onlara müxtəlif növ xidmətlər göstərən və sifarişləri yerinə yetirən podratçı şirkətlər daha çətin vəziyyətdə qalıblar. Bu günlərdə “bp-Azərbaycan” şirkətində işçilərin ixtisar ediləcəyi haqda xəbərlər yayılsa da, şirkətin nümayəndəsi Tamam Bayatlı bu xəbərləri təkzib edib. Ancaq o təsdiq edib ki, hasilatla məşğul olan şirkətlər iş yerlərini ixtisar etməsə də, podratçı şirkətlər bu addımı atmağa məcburdur. Çünki sifarişlərin həcmi azalıb.
Neft sənayesindəki mənbələrdən əldə etdiyimiz məlumatlara görə, belə podratçı şirkətlər arasında sifarişlərinin həcmi ən çox azalan ABŞ-ın “MakDermott” şirkətidir. Şirkət işçilərinə növbəti ixtisarlar haqda xəbərdarlıq edib, hətta onlara deyilib ki, “MakDermott” Azərbaycanda fəaliyyətini başa vura və azsaylı ştatdan ibarət ofis saxlamaqla ölkəni tərk edə bilər. Məlumatlara görə, şirkətdə azərbaycanlı işçilərin əmək haqları da azaldılıb, gözlənilir ki, yaxın zamanlarda bir neçə yüz işçi ixtisar olunacaq.
“MakDrmott” Azərbaycanda işləyən xarici neft şirkətləri arasında ən problemlisi kimi ad çıxarıb. Belə ki, yerli fəhlələrin hüquqlarının pozulması ilə bağlı şikayətlərin sayına görə "MakDermott" xarici şirkəti liderlik edir. Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatından bildirildiyinə görə, təkcə bir il ərzində şirkətdən 100-dən çox şikayət qəbul olunub. Bura MakDermott" işçilərlə əmək müqavilələrini Əmək Məcəlləsinin tələblərinə uyğun bağlamaması, "bp-Azərbaycan" şirkətilə imzalanmış müqavilədə nəzərdə tutulmuş kompensasiyanın ödənişi həyata keçirilməməsi, əmək haqqlarının ödənişi düzgün aparılmaması daxildir. 2005-ci ildə isə “MakDermott”un 3 minə yaxın işçisinin əmək hüquqlarının pozulmasına etiraz olaraq keçirdiyi tətil Azərbaycanda fəhlə üsyanı təhlükəsi haqda xarici mətbuatda yazılara səbəb olmuşdu.
Qeyd edək ki, “MakDermott”da işçi ixtisarları son illər davamlı xarakter alıb. Bunun səbəbi şirkətin sifarişlərinin azalması və əvvəlki sifarişlərin icra olunub başa çatmasıdır. Hazırda şirkətdə 1000 nəfərdən də az işçi çalışır. “MakDermott”un əsas ümidləri “Şahdəniz” yatağının ikinci fazasında hasilatın başlanmasına idi. Lakin məlum olduğu kimi, “Nabukko” qaz kəməri layihəsi ətrafında davam edən qeyri-müəyyən vəziyyət və digər səbəblərdən yataqdan qaz hasilatının ikinci fazasının başlaması 2-3 il ləngiyəcək. “MakDermott”un əsas sifarişçilərindən olan ARDNŞ-də irihəcmli investisiyaları dayandırıb və son zamanlar “MakDermott”a sifarişlər vermir. Amerika podratçı şirkəti bu ilin əvvəlindən özünə yeni bazarlar axtarmağa başlayıb. Lakin əsas ümidlərin bağlandığı Rusiyada neft şirkətləri ciddi maliyyə böhranı ilə üzləşərək sifarişlərinin həcmini kəskin azaldıblar. Qazaxıstanda da eyni vəziyyət yaşanır və bu üzdən Amerika şirkəti sifarişlər almaqda çətinlik çəkir.
Azərbaycanda işləyən xarici neft şirkətlərinə mühəndislik xidmətləri göstərən “Haliburton” şirkətində də ixtisarların olacağı gözlənilir. Şirkətdə çalışanlar deyirlər ki, “Haliburton”da da sifarişlərin həcmi azalıb, əvvəllər bağlanan müqavilələrin müddəti isə başa çatmaq üzrədir. Məlumdur ki, bu şirkət ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyniyə məxsudur və bu səbəbdən “Haliburton” Azərbaycanda vaxtilə irihəcmli müqavilələr əldə edə bilmişdi.