MSK-nın bu gün keçirilmiş iclasında çıxış edən qurumun sədri Məzahir Pənahov ümumxalq səsverməsinin yüksək səviyyədə keçdiyini, əhalinin də prosesdən razı qaldığını bildirib
Azərbaycan servisi/Aran Agentliyi
Mərkəzi Seçki Komissiyası Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçirilmiş referenduma yekun vurub.
MSK-nın bu gün keçirilmiş iclasında çıxış edən qurumun sədri Məzahir Pənahov ümumxalq səsverməsinin yüksək səviyyədə keçdiyini, əhalinin də prosesdən razı qaldığını bildirib. Narazıların olduğunu da qeyd edən MSK sədri bunun təbii olduğunu deyib. Sonra MSK katibi Natiq Məmmədov referendumun nəticələrini elan edib. N. Məmmədov ümumxalq səsverməsinə çıxarılan 29 maddəyə təklif olunan əlavə və dəyişikliklərin hamısının qəbul edildiyini bildirib: “Bütün seçki məntəqələrində səsvermə baş tutub, heç bir məntəqədə nəticələr ləğv olunmayıb”.
MSK katibi seçici siyahısında 4 milyon 917 min 805 seçicinin adının olduğunu, onlardan 3 milyon 483 min 173 nəfərin səsvermədə iştirak etdiyini, 125 Seçki Dairəsinin 5367 seçki məntəqəsində səsvermə keçirildiyini bildirib. N. Məmmədov səsvermənin rəsmi nəticələrini də açıqlayıb:
1. 12-ci maddənin I hissəsinə «azadlıqlarının» sözündən sonra «Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin» sözləri əlavə edilsin - 87.84%
2. 15-ci maddənin II hissəsinə «əsasında» sözündən sonra «sosial yönümlü» sözləri əlavə edilsin - 87.61%
3. 17-ci maddə «Ailə, uşaqlar və dövlət» adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin: « III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər . IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər .VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir» - 88.14%
4. 18-ci maddənin II hissəsində «dinlərin» sözündən sonra «(dini cərəyanların)» sözləri əlavə edilsin - 87.33%
5. 19-cu maddənin II hissəsində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin. 95-ci maddənin 15-ci bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin.
109-cu maddənin I hissəsinin 10-cu bəndində «Milli» sözü «Mərkəzi» sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
«Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir» - 87.56%
6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:
«IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula biməz, güzəştlər və ya imtiyazlar verilə bilməz , yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqla təmin edilir»- 87.85%
7. 29-cu maddənin IV hissəsindən «və ya ictimai ehtiyaclar» sözləri çıxarılsın - 87.30%
8. 32-ci maddədə:
II hissəsinin ikinci cümləsində «şəxsi həyata» sözləri «şəxsi və ailə həyatına» sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.»;
III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz»;
Aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır- 87.91%
9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:
«III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir» - 87.62%
10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
«V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz» - 87.54%
11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir» - 87.49%
12. 67-ci maddədə:
maddənin adında «ittiham edilənlərin» sözləri «təqsirləndirilən şəxslərin» sözləri ilə, maddənin mətnində «ittiham etdiyi» sözləri «təqsirləndirdiyi» sözü ilə əvəz edilsin; maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir» - 87.56%
13. 71-ci maddədə:
II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.»Aşağıdakı məzmunda IX və X hissələr əlavə edilsin:
«IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz .
X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər» - 87.71%
14. 72-ci maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər» - 87.75%
15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur» - 88.25%
16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir» - 89.25%
17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir Azərbaycan Respublikası Milli Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər» - 87.71%
18. 92-ci maddədə «daimi və başqa» sözləri «komitələr və» sözləri ilə əvəz edilsin - 87.30%
19. 95-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:
«20) bələdiyyələrin hesabatlarının dinlənilməsi».
146-cı maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
«IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər» - 87.42%
20. 96-cı maddədə:
I hissəyə «Ali Məhkəməsinə» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,» sözləri, II və IV hissələrinə «Ali Məhkəməsinin» sözlərindən sonra «Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,» sözləri əlavə edilsin;
III hissədə «orqanın» sözü «subyektin» sözü ilə əvəz edilsin;
Aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:
«VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir» - 87.35%
21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:
«V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir» - 91.76%
22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
«II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir» - 87.92%
23. 109-cu maddənin I hissəsində:
13-cü bənddə «İcra Aparatını» sözləri «Administrasiyasını» sözü ilə əvəz edilsin;
17-ci bənddə «dövlətlərarası beynəlxalq» sözləri «dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası» sözləri ilə əvəz edilsin, 95-ci maddənin I hissəsinin 4-cü bəndində «dövlətlərarası» sözündən sonra «və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası» sözləri əlavə edilsin - 87.59%
24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
«VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir» - 87.50%
25. 129-cu maddənin mövcud mətni İ hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:
«II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır» - 87.50%
26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
«Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir» - 87.69%
27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
«III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir» - 87.58%
28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II və III hissələr əlavə edilsin:
«I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz .
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir» - 87.15%
29. 149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:
«VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir» - 87.50%
MSK üzvü Akif Qurbanov isə səsvermənin nəticələrinə etiraz edərək, yekun protokolun primitiv hazırlandığını deyib. O, MSK üzvlərini protokolun əleyhinə səs verməyə çağırıb.
Sonda yekun protokol imzalanıb. 14 MSK üzvü protokolu imzalasa da, Akif Qurbanov və Almaz Qəhrəmanova bundan imtina edib.
Qeyd edək ki, referendumun keçirilməsi ilə bağlı qərar 2008-ci il dekabrın 26-da Milli Məclisdə qəbul edilib. Referendumda 9 Təşviqat qrupu iştirak edib. Onlardan 7-si Konstitusiyaya təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyib, 2-si isə əleyhinə olub.