Tarix : 2009 Apr 01
Kod 11413

PKK-nın NAXÇIVANA YOLU AÇILDI

Türkiyədə ötən bazar günü keçirilən bələdiyyə seçkilərində Azərbaycan üçün təhlükəli nəticə ortaya çıxıb
Azərbaycan servisi/Aran Agentliyi
Türkiyədə ötən bazar günü keçirilən bələdiyyə seçkilərində Azərbaycan üçün təhlükəli nəticə ortaya çıxıb. Söhbət Azərbaycanın və onun muxtar bölgəsi Naxçıvanın Türkiyə ilə sərhəd qapısı olan İqdırda bələdiyyə seçkilərini kürdlərin Demokratik Toplum Partiyasının namizədinin qazanmasından gedir. Xəbər verildiyi kimi, İqdır seçkilərində vəziyyətin mürəkkəb olduğu haqda qəzetimiz hələ seçkilərdən əvvəl ətraflı yazıb. Bölgəyə ezam olunan müxbirimiz seçkiöncəsi durumu və narahatlığını dilə gətirmişdi.
MHP-nin namizədi Əkbər Yeşil və MHP-yə xəyanət edərək, hakim partiyaya keçmiş hazırkı bələdiyyə başqanı Nurəddin Aras öz aralarında anlaşa bilməmişdilər və bu fakt da indi baş verən təhlükəli nəticənin əsas səbəbidir.
Bununla da Türkiyədə azərbaycanlı şəhəri kimi tanınan İqdır PKK-ya bağlı qüvvələrin nəzarətinə keçib. Seçkilərin nəticələrinə görə, DTP-nin namizədi Mehmet Nuri Günəş 36 faiz səslə qalib elan edilib. Azərbaycanlı namizədlər, MHP-nin irəli sürdüyü Əli Əkbər Yeşil və AKP-nin namizədi Nurəddin Aras isə birlikdə ondan çox səs yığıblar. Bildirilir ki, bu seçkilərdə səslərin parçalanmasında AKP-nin namizədinin ambisiyaları əsas rol oynayıb, çünki Aras seçkiləri uduzacağını bilsə də, namizədliyini MHP -nin xeyrinə geri götürməyib.
İqdır seçkilərinin nəticələrini şərh edən Türkiyə Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) başqanı, PKK-nın Azərbaycanda fəaliyyətləri ilə bağlı araşdırmalar aparan Sinan Oğan qəzetimizə açıqlamasında bildirdi ki, DTP-nin namizədinin qələbəsi təkcə Türkiyə və iqdırlılar üçün deyil, Azərbaycan üçün də çox ciddi nəticələr doğuracaq. O, İqdırın Türkiyənin türk dünyasına yeganə birbaşa çıxış qapısı olduğunu, eyni zamanda 3 ölkə ilə sərhəddə yerləşdiyini vurğuladı: “İqdır Ermənistanın blokadası şəraitində yaşayan Naxçıvan üçün də yeganə nəfəs borusudur. Bu seçkilərin nəticələri Azərbaycana yaxşı heç nə vəd etmir. Apreldə Türkiyənin Ermənistanla sərhədlərinin açılması gözlənilir. İndiyədək iqdırlılar sərhədlərin açılmasına qarşı çıxmaqla hökumətin bu addımdan çəkinməsində əsas rol oynayırdı. Lakin azərbaycanlıların öz aralarında çəkişərək ikiyə bölünməsi İqdırın DTP-nin əlinə keçməsinə gətirib çıxardı və sərhədlərin açılması üçün artıq heç bir maneə qalmadı”.
TÜRKSAM başqanı qeyd etdi ki, İqdır bələdiyyəsinin PKK-ya bağlı partiyanın nəzarətinə keçməsinin 3 təhlükəli nəticəsi olacaq. Bunlardan biri Ermənistanla Türkiyə arasında sərhəd qapısının açılmasıdır və Oğan bunun tezliklə baş verəcəyini deyir. Onun sözlərinə görə, seçki kampaniyası zamanı DTP Ermənistanla sərhəddin açılmasına çalışacağını vəd edib. TÜRKSAM başqanı xatırlatdı ki, azərbaycanlılar İqdırda erməni soyqırımına məruz qalanların xatirəsinə abidə ucaltmışdılar və bu abidə orada yaşayan, ermənilərlə sıx işbirliyində olan kürdləri narahat edirdi: “DTP bildirir ki, bu abidəni də götürəcək. Üçüncü nəticə isə odur ki, Türkiyə və Azərbaycan əraziləri üzərində Dağlıq Qarabağdan tutmuş Ərbilə qədər, ”Böyük Kürdüstan"  və “Böyük Ermənistan”  qurmaq planlarının yolu açılacaq".
Sinan Oğan bildirdi ki, Türkiyənin dövlət sərhədlərini əsgərlərin qorumasına baxmayaraq, İqdır bələdiyyəsinin PKK-nın nəzarətinə keçməsi terror təşkilatı mənsublarının Azərbaycanda yerləşmək planlarını da asanlaşdıracaq. O, PKK-nın İraqın şimalındakı düşərgələrinin bir hissəsini Dağlıq Qarabağda yerləşdirmək üçün hazırlıqlara başladığını xatırlatdı. Ekspert hesab edir ki, artıq bu planları həyata keçirmək PKK üçün çox asanlaşacaq: “PKK-nın Naxçıvana sızması ehtimalı da xeyli güclənəcək. Bilindiyi kimi, indiyə qədər də PKK ünsürləri Naxçıvana və Ermənistana keçmək üçün İqdırdan istifadə ediblər. Bu işdə onlara bölgədəki kürd qrupları yardım edirdi. Bələdiyyə başqanı DTP-li olandan sonra terrorçuların Naxçıvana sızması daha da asanlaşacaq. Həmçinin PKK Ermənistanla əlaqələrini, oradan silah tədarükünü daha rahat şəkildə həyata keçirə biləcək. Mən onu deyə bilərəm ki, İqdır seçkilərinin nəticələrindən Azərbaycan çox zərər görəcək”.
Oğan onu da bildirdi ki, İqdırı ələ keçirmək PKK-nın və onun həbsxanadakı lideri Abdullah Öcalanın çoxdankı arzusu olub: “Vaxtilə Öcalanın çıxışı olmuşdu; o demişdi ki, iki şəhərin açarlarını istəyir: Mersin və İqdırın. Əgər xəritəyə baxılsa, PKK-nın bu şəhərləri niyə ələ keçirmək istədiyini başa düşmək çətin deyil. Mersin Türkiyənin Ağ dənizə açılan qapısı, İqdır isə türk dünyasına, eyni zamanda, Ermənistana və İrana açılan qapısıdır. Mersin və İqdır ”Böyük Ermənistan"  və “Böyük Kürdüstan”  xəritəsində iki çıxış nöqtəsidir".
TÜRKSAM başqanı İqdırın yeni bələdiyyə başqanının PKK ilə hansı bağlantılarının olduğu  haqda onda konkret məlumatların olmadığını dedi və bildirdi ki, bu şəxs haqqında məlumatları toplamaq dövlət qurumlarının üzərinə düşür. Ancaq DTP-nin PKK ilə bağlantıları məlumdur və bu partiya terror təşkilatının siyasi qanadı kimi fəaliyyət göstərir.
Qeyd edək ki, DTP-nin İqdır bələdiyyə başqanlığına namizəd Mehmet Nuri Günəşin seçki kampaniyasına partiyanın bu bölgə üzrə millət vəkili Pervin Buldan da dəstək verib. Buldan Günəşlə birlikdə qatıldığı Novruz bayramı mərasimlərində çıxışı zamanı deyib ki, 2010-cu ildə Abdullah Öcalan da onlarla birlikdə İqdır meydanında olacaq. “Mən sizə söz verirəm, 2010-cu ildə İqdırdakı növbəti azadlıq yürüşümüzdə Abdullah Öcalanı qarşılayacağıq. Bunun üçün sizlərə söz verirəm”,  deyə o, bildirib. İqdır seçkilərində MHP-nin namizədi olmuş Əkbər Yeşillə danışmaq isə mümkün olmadı. Məlumatlara görə, seçkilərin nəticələri iqdırlılar və MHP üçün böyük məyusluq yaradıb. Yerli mənbələr bələdiyyənin DTP-nin əlinə keçməsindən sonra şəhərin kürdləşdiriləcəyindən də ehtiyat edir.
***
İqdırın Azərbaycan üçün strateji əhəmiyyətini bir daha qabardaraq eyni zamanda onu da qeyd etmək olar ki, oradakı seçkilərin nəticələri  Naxçıvandakı PKK-ya bağlı çevrələr üçün də yeni imkanlar yaradır. Dəfələrlə mətbuatda Naxçıvan üzərindən PKK-ya pul, ərzaq ötürülməsi haqda yazılıb. Vaxtilə Naxçıvandan İqdıra qaçaq yolla yanacaq daşınması kimi sərfəli biznesin də PKK-ya bağlı qrupların nəzarətində olduğu barədə məlumatlar yayılırdı. Həmçinin Azərbaycana sızan PKK elementlərinin İqdır üzərindən Naxçıvana keçdiyinə dair çoxlu faktlar tapmaq mümkündür. Ehtimal olunur ki, İqdır bələdiyyəsinin PKK-nın nəzarətinə keçməsindən sonra terror təşkilatı Naxçıvanda möhkəmlənmək planlarını həyata keçirmək üçün yeni imkanlar qazanacaq. O cümlədən İraqın şimalından PKK düşərgələrinin İqdır üzərindən Ermənistana, oradan isə Dağlıq Qarabağa yerləşdirilməsi asanlaşacaq. Ötən il Türkiyə kəşfiyyatı terror təşkilatının Dağlıq Qarabağda düşərgələr qurduğu haqda məlumatlar yaymışdı. Bildirilirdi ki, İraqın şimalında Türkiyə və İran ordularının zərbələri qarşısında ciddi itkilər verən PKK öz düşərgələrini Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində yerləşdirməyə başlayıb. Bu yaxınlarda isə Türkiyə prezidenti Abdullah Gül İraqda danışıqlar apararaq ölkənin şimalındakı PKK yaraqlılarına qarşı birgə mübarizənin vacibliyi məsələsində anlaşma edib. Bu baxımdan İraqın şimalında sıxışdırılan PKK yaraqlılarının bir hissəsinin Dağlıq Qarabağa yerləşdirilməsi mümkündür və İqdırdakı seçki nəticələri terror təşkilatının işini asanlaşdırır.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 01