MSK tələm-tələsik iclas keçirib nəticələri təsdiq etməklə hakimiyyətin əlində oyuncaq aparat olduğunu təsdiqləyib
Azərbaycan servisi/Aran Agentliyi
Mərkəzi Seçki Komissiyasının 18 mart referendumunun nəticələrini təsdiq etməsi və bunun üçün keçirilən iclas haqda Qarabağ və Respublika Uğrunda Hərəkatdan daha bir və “Respublikaçılar” təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə əvvəlcədən heç bir məlumat verilməməsi birləşmiş müxalifətin narazılığına səbəb olub. Vətəndaş Hərəkatının bu barədə yaydığı bəyanatda bildirilir ki, iclas haqqında başqalarından məlumat alan səlahiyyətli nümayəndələr Gülağa Aslanlı və Həsən Kərimov özlərini MSK-ya çatdırsalar da, onları iclasa buraxmayıblar.
Bir saat ərzində bir neçə dəfə müraciət edilməsinə baxmayaraq, MSK rəhbərliyi onların iclas zalına keçməsin təmin etməyib: “Məlum olub ki, 18 martda keçirilən referendumda yol verilən qanun pozuntuları və həyata keçirilən saxtakarlıqları təsdiq edən sənədlər və MSK-ya təqdim edilən şikayətlər hərtərəfli araşdırılmadan əsassız hesab edilib. Araşdırmanın nəticəsi barədə şikayətçi tərəflərə heç bir sənəd təqdim olunmayıb. Birinci iclasdan sonra 10 dəqiqəlik fasilə elan olunub. Sonra komissiya üzvlərinə ikinci iclasın gündəliyi təqdim olunub. Bu iclasda referendumun nəticələri heç bir seçki məntəqəsinin nəticələri ləğv olunmadan, geniş müzakirəyə imkan vermədən təsdiq olunub. Müzakirələr zamanı bu nəticələrin əleyhinə çıxış etmək istəyən həqiqi və məşvərətçi səs hüquqlu komissiya üzvlərinə yalnız qərar qəbul edildikdən sonra söz verilib”.
Vətəndaş Hərəkatı hesab edir ki, bütün bunlar beynəlxalq təşkilatların və KİV nümayəndələrinin gözü qarşısında baş verib: “Bu fakt bir daha təsdiq edir ki, 18 mart referendumu zamanı çoxlu sayda qanun pozuntuları və saxtakarlığa yol verilib, yetərsay alınmayıb və nəticədə referendum baş tutmayıb. Təqdim olunan şikayətlər araşdırılacağı halda bu faktların təsdiq olunacağından ehtiyat edən MSK tələm-tələsik iclas keçirib nəticələri təsdiq etməklə hakimiyyətin əlində oyuncaq aparat olduğunu təsdiqləyib”.
Sənədin sonunda vurğulanır ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi partiyalar və ictimai təşkilatlar 18 mart referendumunun nəticələrinin ləğvini tələb edirlər: “Referendum azad və ədalətli olmayıb, seçicilərin yalnız 15 faizdən azı iştirak etdiyindən yetərsayın alınmadığını bir daha bəyan edirik, bu referendumu baş tutmamış hesab edir və nəticələrinin ləğv olunmasını tələb edirik”.