Ötən cümə “İslam mədəniyyətinin paytaxtı - 2009” olan Bakıda İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar
Azərbaycan servisi/Aran Agentliyi
Ötən cümə “İslam mədəniyyətinin paytaxtı - 2009” olan Bakıda İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun imamlığı ilə möminlər və möminələr növbəti cümə namazını qılmışlar. Cümə namazının azanı səsləndikdən dərhal sonra mömin və möminələr cümə xütbələrini dinləmişlər.
Cümə xütbələrinin birincisində xətib, o cümlədən, ilk öncə özünü, sonra isə bütün müsəlmanları ilahi təqvaya riayət etməyə dəvət edərək, həyatın hər çalarında bu mübarək keyfiyyətə riayət etməyin əhəmiyyətliliyini vurğulamış və Uca Allahdan bu keyfiyyətə sahib olmaq tofiqatının nəsib olmasını diləmişdir.
Təqvanın tərkib hissəsi olaraq, şükür etmə mədəniyyətinə toxunan xətib, buna aid Əmirəlmöminindən (ə) hədis nəql etdi: "İnsanların ən qənaətcili – onların ən çox şükür edənidir. Onların (insanların) nemətlərə ən nadürüstü isə - ən hərisləridir".
Xətib mübarək hədisdə toxunulan əsas nöqtələrə cəmin diqqətini cəlb etdi. Bunlardan birincisi – şükür etməyin qənaətcilliklə vücudi bağlılığıdır. Dinimiz vurğulayır ki, şükr etmək sadəcə dildə olmur. Bu – şüküretmənin ibtidai mərhələsidir. Şüküretmənin kamil forması - bunu əməldə yaşatmaqdır. Beləliklə, qənaət edən əməldə şükür etmiş olur.
Hədisdə vurğulanan ikinci nöqtə - qənaətcil insanın əksi olaraq, hərislik xislətinə malik şəxs göstərilib. Yəni, insan qənaətcilik durumundan çıxdıqda, onun məntiqi yolu hərisliyə doğrudur.
Üçüncü nöqtə ki, mübarək hədisdə toxunulub – nemətlərə nisbətdə qənaətcil olmayanın “nadürüstlük” kimi bir ağır anlayışla səciyyələnməsidir. Yəni, ilahi nəzərdə bu o qədər çirkin sifətdir ki, insanı nadürüst duruma gətirib çıxara bilir.
Xətib bildirdi ki, hal-hazırda dünyanlın yaşadığı ən böyük böhranlar məhz hədisdə vurğulanan aspektlərə diqqət yetirməməyin məhsuludur. İnsanlar o zaman qənaətcil olmağa başlayırlar ki, ehtiyac artıq qapılarını döyur. Çox az toplumlar var ki, qənaətçiliyi bir dəyər olaraq imkanlılıq halında yaşadır. Şüküretmənin qənaətçiliyə vücudi bağlılığına gəldikdə isə, dinimiz şüküretməni Allahın verdiyi neməti nemət sahibinin müəyyən etdiyi yerdə sərf etmək kimi təqdim edir. Bu baxımdan istrafçılıq naşükürlüyün ən bariz formalarından biridir. Beləliklə, İslam məntiqində daha çox qənaət edən - daha çox çükür edən olur; ən naşükür isə - ən israfçıdır.
Cümə xütbəsinin ikinci hissəsində xətib, o cümlədən, özünü və hər bir müsəlmanı ilahi təqvaya riayət etməyə dəvət etdi. O, Allahdan bütün müsəlmanlar üçün bağışlanma istədi.
Xətib dünyada son aylarda yaşanan iqtisadi böhrana diqqət çəkərək, bunun bazisində ilahi dəyərlər sisteminin unudulmasının durduğunu vurğuladı: “Bu gün dünya artıq başa düşür ki, belə davam edə bilməz. Dəyərlərə yenidən baxılmalıdır, insının sürdüyü həyata yenidən baxılmalıdır. Həyatın hər bir sahəsində unudulmuş olan dəyərlərin öz müvafiq yerini tutmasına doğru gedir bugünkü dünya”.
İmam-camaat bu ilin İslam aləmində “Məsrəflərin islahı” ili kimi elan olunmasını məclisə cəm olanların diqqətinə çatdırdı: “Mahiyyət etibarilə, bu – bütün sahələrdə, istər maddi, istər mənəvi sahələrdə məsrəflərin optimallaşdırilmasına bir qlobal dəvətdir. Hər bir müsəlman gündəlik həyatında bu prinsipləri yaşadarsa, o cümlədən, olan resursların istifadəsinin rasionallaşdırılmasına diqqət yetirərsə, ümumilikdə toplum, daha sonra ümmət, nəticədə bəşəriyyət hazırkı böhran durumundan həqiqi rifah durumuna keçid edə bilər”.
Bununla da xütbələr yekunlaşdıqdan sonra Hacı İlqar İbrahimoğlunun imamlığı ilə mömin və möminələr cümə namazını qılmış, zikrlər, dualar etmiş, salavatlar zikr etmiş, sonda “Fərəc” duasını oxumuşlar.