Tarix : 2009 Apr 03
Kod 11427

İLHAM ƏLİYEVDƏN ANKARAYA SƏRT XƏBƏRDARLIQ

Sərhədlər açılsa, Azərbaycan Türkiyəyə verdiyi qazı kəsəcək
Azərbaycan servisi/Aran Agentliyi
Aprelin 16-sı Türkiyənin Azərbaycanla münasibətləri və Cənubi Qafqaz regionundakı siyasəti baxımından dönüş nöqtəsi olacaq. Belə ki, həmin gün Türkiyə Ermənistanla sərhədlərini açmağa və diplomatik münasibətlərin qurulacağını elan etməyə hazırlaşır. Bu barədə neçə vaxtdır Türkiyə hökumətinə yaxın qaynaqların yaydıqları xəbərləri artıq Qərb mənbələri də təsdiqləyir. ABŞ-ın nüfuzlu “Wall Street Cournal” qəzeti dünən Brüsseldəki diplomatik mənbələrə istinadən xəbər verib ki, Ankara və İrəvan böyük razılaşma imzalamağa hazırlaşır.
Türkiyə və Ermənistan rəsmiləri bu xəbərlərə şərh vermirlər, ancaq Brüsseldəki diplomatlar bildiriblər ki, sərhədlərin açılmasını, diplomatik münasibətlər qurulmasını nəzərdə tutan ikitərəfli sazişin mətni razlaşdırılıb və İrəvanda hər iki ölkənin xarici işlər nazirləri tərəfindən elan ediləcək.
Diplomatlar bildiriblər ki, razılaşmaya sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və bir sıra mübahisəli məsələlər üzrə komissiyaların yaradılması daxildir. Onların arasında hansısa xüsusi mübahisəli məsələ olduğu vurğulanır. Lakin diplomatlar məsələnin son dərəcə həssas olduğunu nəzərə alaraq onun nədən ibarət olduğunu açıqlamayıblar. Qəzet yazıb ki, sərhədlərin açılması Cənubi Qafqazda münasibətləri canlandıracaq və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək.  Razılaşma həmçinin Türkiyənin regiondakı rolunu da gücləndirəcək. “Wall Street Journal” Türkiyə və Ermənistan rəsmilərinin məsələ ilə bağlı şərh vermək istəmədiklərini, ancaq baş nazir Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə hökumətin siyasi qərarını elan edə biləcəyini də yazıb. Ehtimal olunur ki, Ərdoğan Ermənistanla münasibətlərin qurulması haqda ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfəri zamanı bəyanatla çıxış edə bilər.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əli Babacanın Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısında iştirak etmək üçün aprelin 16-da İrəvana səfər edəcəyi haqda artıq məlumat yayılıb. Lakin belə görünür ki, sözügedən təşkilatın toplantısı Babacanın İrəvana səfər etməsi üçün sadəcə bəhanədir, əsl səbəb isə Ermənistanla münasibətlərin qurulmasına dair rəsmi sazişi imzalamaqdır. Türkiyə mənbələrinin məlumatlarına görə, hazırda tərəflər diplomatik kanallarla ikitərəfli rəsmi münasibətlərin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tutan sazişin texniki tərəfləri ilə bağlı müzakirələri davam etdirirlər. Türkiyədə AKP hökumətinə bağlı media isə bu cür ictimai rəy formalaşdırmağa çalışır ki, Ermənistanla sərhədlərin Dağlıq Qarabağ münaqişəsinin həllini gözləmədən açılması Ankaranın Qafqaz siyasətini Azərbaycandan asılı olmaqdan qurtaracaq, bununla Türkiyə regionda daha geniş imkanlara malik oyunçu kimi çıxış edəcək, sonda isə sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması Qarabağ münaqişəsinin nizamlanmasına da kömək göstərəcək. Bildirilir ki, Türkiyənin Ermənistanla apardığı proseslər Brüssel və Vaşinqtonla əlaqələndirilir. Ankara bu prosesləri  son zamanlaradək Azərbaycanla da əlaqələndirib. Ancaq belə görünür ki, rəsmi Bakı Türkiyə hökumətinin Ermənistanla sərhədləri Qarabağ münaqişəsinin həllini gözləmədən açmaq barədə  mövqeyindən narazı qalıb. Hazırda Azərbaycanda rəsmi media da Türkiyənin siyasi kursunu tənqid edir, bununla belə, Ankaranın İrəvanla münasibətlər qurmağa hazırlaşması yüksək səviyyədə rəsmən tənqid edilmir. Ancaq bu günlərdə Azərbaycan Rusiya ilə qaz anlaşması imzalayaraq işarə edib ki, Ermənistanla sərhədlərin açılması Türkiyənin regiondakı enerji maraqlarına zərbə vura bilər.
Türkiyənin iqtisadiyyat üzrə ixtisaslaşmış nüfuzlu qəzetlərindən olan “Referans” isə Ermənistanla sərhədlərin açılmasına Bakıdan sərt cavab verilə biləcəyi haqda sensasion xəbər yayıb. Qəzetin yazdığına görə, prezident İlham Əliyev üçüncü tərəflərlə görüşlər zamanı bildirib ki, əgər Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş olmadan Türkiyə Ermənistanla sərhədlərini açsa, o zaman Azərbaycan Türkiyəyə verdiyi qazı kəsəcək. Bildirilir ki, İ.Əliyevin bu xəbərdarlığı artıq Ankaraya çatdırılıb. Qəzet ötən həftə Azərbaycanın Rusiya ilə qaz anlaşması imzalamasını da Türkiyə ilə bu sahədə əməkdaşlığı kəsə biləcəyi yönündə ciddi işarə kimi şərh edir: “Ancaq Türkiyə Ermənistanla münasibətlərin qurulması məsələsində anlaşmaya çox yaxındır. Tərxəflər arasında qarşılıqlı münasibətlərin qurulmasına və sərhədlərin açılmasına dair protokolda Dağlıq Qarabağ münaqişəsinə dair bənd də var. Lakin bu bənd Azərbaycanı qane etməkdən çox uzaqdır və ümumi xarakter daşıyır. Türkiyənin Dağlıq Qarabağ məsələsində təzyiqləri qarşısında isə Ermənistan geri addım atmır. Ermənistan hakimiyyəti hesab edir ki, Türkiyə ABŞ-ın aprelin 24-də ”erməni soyqırımı"nı tanıya biləcəyindən narahat olaraq protokolu indiki məzmunda imzalayacaq. ABŞ tərəfi də uzlaşmanın qısa zamanda əldə edilməsini istəyir və bildirir ki, yalnız bu zaman prezident Barak Obama ermənilərə verdiyi vəddən geri çəkilmək üçün tutarlı səbəb tapa bilər".
“Referans” yazıb ki, bu üzdən Türkiyə dilemma qarşısındadır. Əgər Ermənistanla uzlaşma əldə edilsə Azərbaycan məyus olacaq, həmçinin Rusiyaya meyl edərək Türkiyənin enerji dəhlizinə çevrilməsi yönündə mühüm layihə olan “Nabucco”nu təhlükəyə düşürəcək. Qəzet yazıb ki, Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycan ictimaiyyətini çox qəzəbləndirib: “Mətbuat hər gün AKP hökumətini və baş nazir Ərdoğanı topa tutur” deyə yazıda bildirilir.
Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə bildirib ki, ermənilər işğal altındakı Azərbaycan torpaqların boşaltmayınca Ankaranın İrəvanla sərhədləri açması milli maraqlarımıza ziddir. E.Məmmədyarov bunu rəsmi Ankaranın da diqqətinə çatdırdıqlarını deyib.
  • Yazılıb
  • da (də) 2009 Apr 03