Tarix : 2009 Apr 03
Kod 11428

KƏMALƏDDİN HEYDƏROV AVROPAYA PUL PAYLAMAĞA GEDİB

“Fövqəlnazir”ə referenduma etiraz edən təsisat və şəxsləri ələ almaq tapşırılıb
Azərbaycan servisi/Aran Agentliyi
Martın 18-də Azərbaycanda müddətsiz prezidentliyə yol açan referendum keçirildi. Referendumla bağlı hakimiyyətin ünvanına Qərb ölkələrindən, Avropadan kifayət qədər tənqidi münasibət sərgiləndi. Bunu hakimiyyət olimpində oturanlar da yaxşı bilir. Ölkə daxilindəki etirazçı qüvvələr isə zəif və əlverişsiz vəziyyətdə olduqlarından referenduma çıxarılan və faktiki Azərbaycanı krallığa çevirən dəyişikliyin qarşısını ala bilmədilər.
Bütövlükdə iqtidarın ölkədaxili etirazları boğacağı əvvəlcədən hamıya bəlli idi. Lakin Qərb ictimai rəyini razı salmaq, yaxud boğmaq elə də asan deyil, əslində mümkünsüzdür. Qərbin münasibəti isə hakimiyyətdən ötrü heç də əhəmiyyətsiz məsələ deyil. Bunu büruzə verməsələr də. O üzdən bu münasibəti yumşaltmaq üçün iqtidar zaman-zaman böyük paralara əl atmaqdan belə çəkinməyib.
Bizə çatan məlumatlar bunu bir daha təsdiq edir. Aldığımız məlumata görə, ekstremal vəziyyətlərdə hakimiyyəti düşdüyü kritik durumdan çıxarmaq üçün həmişə olduğu kimi yenə “fövqəlnazir” kara gəlib. İnandığımız bir qaynağın iddiasına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu referendumdan bir neçə gün əvvəl Avropaya göndəriblər. Onun qarşısına qoyulan məsələ isə referendumla bağlı Avropa qurumlarında söz deyə biləcək bütün səlahiyyətlilərin kəskin çıxışlarının qarşısını almaq olub.
K.Heydərovun bu işin öhdəsindən necə gəldiyi göz önündədir. Seçkiyədək Avropadan hakimiyyətin ünvanına hər halda sərt bəyanatlar eşidilməyib. Halbuki ən azı Avropa Şurasından belə bir bəyanatın səslənməsi gözlənilirdi. Əvəzində seçkidən 1 gün sonra Avropa Şurasının yerinə onun alt qurumu - Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Yan Mikallef bir qədər sərt bəyanatla çıxış etdi. Bildirdi ki, prezident seçilməyə heç bir limit olmasa, prezidentin diktatora çevrilməsi faktıyla qarşılaşa bilərik.
Eyni zamanda, Y.Mikallef hər bir dövlətin demokratiyanın əsas prinsiplərinə uyğun olaraq idarə olunmasını vacib şərt adlandırdı və Azərbaycanın Avropa Şurasına üzv olarkən bu öhdəliyi götürdüyünü xatırlatdı. Qeyd etdi ki, rəhbərlik etdiyi Konqres olaraq Azərbaycanın qurumdan xaric olunması üçün tələb olunan prosedurlara ÿbaşlamağa hazırlaşırlar. Azərbaycanda isə belə bir açıqlamanı Yan Mikallefin əvəzinə Avropa Şurasının rəhbərliyindən gözləyirdilər.
Ümumiyyətlə isə Kamaləddin Heydərov ona tapşırılan problemlərin öhdəsindən gəldiyini ölkə daxilində dəfələrlə isbat edib. Məsələn, 2008-ci ildə Azərbaycanda kəskin taxıl qıtlığının yaranacağı labüd idi. Kənd Təsərrüfatı Nazirliyinin bu problemin qarşısında aciz duruma düşməsi K.Heydərovun işə cəlb edilməsi ilə nəticələndi və ölkədə taxıl problemi yaşanmadı. “Fövqəlnazir”ə Azərbaycanın tikinti sektorundakı qarmaqarışıq vəziyyətin təhlükəsiz vəziyyətlə əvəz olunmasını tapşıranda da məsələ yenə müsbət həllini tapdı. Belə faktların sayını artırmaq da olar.
Bizdəki məlumata görə, K.Heydərov Avropadan dünənə qədər qayıtmayıb. Görünür, orada hələ də “fövqəlnazir”in səxavət kisəsinə göz dikib ütülü müsahibələr, bəyanatlar verənlərin növbəsi bitməyib.
 
 
  • Yazılıb
  • da (də) 2009 Apr 03