Azərbaycanın dövlət başçısı tədbirdə iştirakdan imtina edib. Prezidentin Türkiyədə keçirilən toplantıda iştirakdan imtina etməsi bu ölkənin Ermənistanla sərhədləri açmağa ...
Azərbaycan Servisi/Aran Agentliyi
Aprelin 6-7-də Türkiyədə “Mədəniyyətlər İttifaqı” layihəsinin toplantısı keçiriləcək. Toplantıya Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub.
Lakin APA-ya daxil olan qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycanın dövlət başçısı tədbirdə iştirakdan imtina edib. Prezidentin Türkiyədə keçirilən toplantıda iştirakdan imtina etməsi bu ölkənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına etiraz jesti kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, “Wall Street Journall” qəzeti Türkiyənin xarici işlər naziri Əli Babacanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İrəvanda keçiriləcək toplantısına qatılmaq üçün aprelin 16-da İrəvana gedəcəyi və səfər çərçivəsində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair anlaşma memorandumunun imzalanacağı haqqında məlumat yayıb. Bundan başqa, “Hürriyyət” qəzeti Türkiyənin Ermənistanla sərhədlərini açmaq niyyətinin Azərbaycanda ciddi narazılığa səbəb olduğunu, bu addım atılacağı təqdirdə, Azərbaycanın Türkiyəyə qaz nəqlini dayandıracağını bildirib.
Bu günlərdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da erməni mətbuatına verdiyi açıqlamada Türkiyə ilə sərhədlərin açılmasına dair danışıqların yaxın zamanlarda məntiqi sonluqla başa çatacağını deyib. Türkiyənin Ermənistanla sərhədləri açacağı və sərhədyanı ticarətə başlayacağı barədə digər açıqlama AKP İğdır millət vəkili Əli Günərin dilindən səslənib. Əli Günər bələdiyyə seçkiləri ərəfəsində seçicilərlə görüşü zamanı İğdırda sərbəst ticarət zonasının yaradılacağını, digər ölkələrlə yanaşı, Ermənistandan olan iş adamlarının da sərhədyanı ticarət əməliyyatları həyata keçirəcəyini, Ermənistan və İranla sərhəddə ticarət əməliyyatlarının gömrük vergisindən azad olunacağını bildirib.
Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığını Avropa İttifaqındakı mənbələr də təsdiqləyib. İki gün əvvəl “Euronews” agentliyi Avropa Birliyindəki yüksək vəzifəli bürokratlara istinadən rəsmi Ankaranın Ermənistanla sərhədlərin açılması barədə qərar qəbul edəcəyini yazıb. Məlumatda qeyd olunur ki, ABŞ prezidenti Barak Obamanın Türkiyəyə apreldə gerçəkləşəcək səfərindən sonra Ankara Ermənistanla sərhədləri aça bilər. Mənbə bu addımın Türkiyə-Avropa Birliyi münasibətlərinə müsbət təsir göstərəcəyini və Avropada pozitiv qarşılaşacağını vurğulayıb. Bütün bu amillər Türkiyənin Azərbaycanın mövqeyini nəzərə almadan, Dağlıq Qarabağ münaqişəsi həllini tapmadan Ermənistanla sərhədləri açmaq niyyətində olduğunu təsdiqləyir və bu addım İlham Əliyevin Türkiyədə “Mədəniyyətlər İttifaqı” layihəsinin toplantısına qatılmaqdan imtinasının səbəblərindən biri kimi nəzərdən keçirilə bilər.
Təbii ki, səfərdən imtinanın prezidentin iş qrafiki və ya digər hansısa məsələ ilə əlaqəli olması da istisna deyil. Amma indilik görünən əsas versiya kimi Türkiyə-Ermənistan münasibətlərinin son istiləşməsi və sərhədlərin açılması ilə bağlı məlumatlara Türkiyə rəsmilərinin heç bir təkzib verməmələridir.
Qeyd edək ki, BMT baş katibinin himayəsində həyata keçirilən “Mədəniyyətlər İttifaqı” layihəsinin həmsədrləri İspaniyanın baş naziri Xose Luis Zapatero və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandır.