Tarix : 2009 Apr 04
Kod 11445

NATO AZƏRBAYCAN ƏRAZİSİ İLƏ ƏFQANISTANA YÜK GÖNDƏRƏCƏK

NATO-ya məxsus yüklər Azərbaycan ərazisindən Əfqanıstana TRACECA dəhlizi ilə hərəkət edəcək Poti-Bakı-Aktau konteyner qatarı ilə daşınacaq
Azərbaycan Servisi/Aran Agentliyi
NATO-ya məxsus yüklər Azərbaycan ərazisindən Əfqanıstana TRACECA dəhlizi ilə hərəkət edəcək Poti-Bakı-Aktau konteyner qatarı ilə daşınacaq.
Bunu açıqlamasında Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) rəisi Arif Əsgərov bildirib. A.Əsgərovun sözlərinə görə, Poti-Bakı-Aktau konteyner layihəsi ilə bağlı müzakirələr müsbət nəticələnərsə, Azərbaycan üzərindən Əfqanıstana NATO-ya məxsus böyük həcmdə yüklər ötürüləcək.
«Bu gün Əfqanıstana göndəriləcək yükün ilk partiyası Azərbaycandadır və Xəzər dənizi üzərindən bərə ilə Aktauya (Qazaxıstan), oradan da Əfqanıstana yola salınacaq. TRACECA dəhlizinə NATO-nun böyük həcmdə yük axını gözlənilir», - deyə A.Əsgərov qeyd edib.
A.Əsgərov ADDY-nin və Xəzər Dəniz Gəmiçiliyinin hazırda bu yüklərin Azərbaycan üzərindən ötürmək iqtidarında olduğunu bildirib. ADDY rəisinin sözlərinə görə, yük axınının artmasını nəzərə alaraq bu il dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində yenidənqurma işlərinin aparılması da planlaşdırılır.
Qeyd edək ki, Poti-Bakı-Aktau konteyner qatarı layihəsi ilk dəfə 2005-ci ildə gündəmə gəlib, 2006-cı ilin əvvəlində isə layihə üzrə ilk konteyner qatarı Avropadan Qara dəniz vasitəsi ilə Poti limanına (Gürcüstan), buradan dəmir yolu vasitəsi ilə Bakıya, Bakıdan isə bərələr vasitəsi ilə Aktau limanına (Qazaxıstan) yola salınıb. Lakin sonradan yüklərin bu marşruta cəlb edilməsində problem yarandığından layihənin icrası reallaşmayıb.
  • Yazılıb
  • da (də) 2009 Apr 04