Tarix : 2009 Apr 04
Kod 11465

DEVAMM bəyanatla çıxış edib

Hər bir halda, əgər məscidin binası artıq inşa edilmişdirsə və hansısa sənədlər qaydasında deyilsə, bu halda məscidi uçurtmaq yox, sənədləri qaydaya salmaq lazımdır
Azərbaycan servisi/Aran Agentliyi
DEVAMM-a daxil olan xəbərə görə, icra hakimiyyətinin nümayəndələri Murtuza Muxtarov küçəsi 190 ünvanında yerləşən “Peyğəmbərimiz Muhəmməd (s) məscidi”ni sökməyə başlamışlar. Öz əməllərinə əsas kimi, icra hakimiyyətinin nümayəndələri onların iddiası əsasında çıxarılan məhkəmə qərarını səbəb gətirirlər.
DEVAMM-ın sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun bununla bağlı yaydığı bəyanatda bildirilir: “Daxil olan xəbər, hamı kimi bizi də sarsıdıb və heyrətləndirmişdir. Bildiyimiz kimi, Bakı şəhərində nəinki əhəmiyyətli tikilini, hətta balaca köşkü də müvafiq qurumların icazəsi olmadan inşa etmək mümkün deyil. Əgər sözügedən məbədin tikintisi bir neçə il aparılıbsa, kim inana bilər ki, müvafiq qurumların bundan xəbəri olmayıb?! Sözsüz ki, hər hansı formada müəyyən razılaşma var idi. Digər tərəfdən hətta – bu, qətiyyən inandırıcı olmasa da – tikinti icazəsiz aparılırdısa da, bu halda əlaqədar qurumlar neçə ildir hara baxırdılar?!”


“Hər bir halda, əgər məscidin binası artıq inşa edilmişdirsə və hansısa sənədlər qaydasında deyilsə, bu halda məscidi uçurtmaq yox, sənədləri qaydaya salmaq lazımdır. Biz yenə də məmur savadsızlığının və idarəetmə yetərsizliyinin növbəti halı ilə qarşılaşırıq. Məmurlar fərqinə varmalıdılar ki, məscid sökmək kimi bir əmələ qol qoymaq - mənəviyyat və inanc ziddinə olmaqla yanaşı, İslam mədəniyyətinin builki paytaxtı olan Bakıda törədilməklə, ölkənin nüfuzunu yetərincə sarsıdan bir məsələdir. Etiqad ünvanları ilə belə davranmaq qətiyyən yolverilməzdir”, - deyə DEVAMM sədri bəyan etmişdir.(Deyerler.org)
 
  • Yazılıb
  • da (də) 2009 Apr 04