Tarix : 2009 Apr 22
Kod 11479

İslam Konfransı Təşkilatına üzv ölkələrin Bakı Bəyannaməsi qəbul olunub

İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransının yekununda Bakı Bəyannaməsi qəbul olunub
Azərbaycan servisi/Aran Agentliyi
İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransının yekununda Bakı Bəyannaməsi qəbul olunub.

Trend News-un məlumatına görə, bəyannamədə İKT üzv ölkələrinin hüquq-mühafizə orqanları arasında müxtəlif formatlarda birbaşa əlaqələrin o cümlədən texniki yardım, qabaqcıl təcrübə mübadiləsi, hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair qanunvericilik sahəsində tədqiqatlar üzərində əməkdaşlıq nəzərdə tutulub.

Trend News-un arayışı: Aprelin 21-22-də Bakıda İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransı keçirilib.

Konfrans hüquq-mühafizə sahəsində İslam Konfransı Təşkilatına üzv olan dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərinin müəyyən edilməsinə yönəlib.

Konfrans zamanı İKT üzv dövlətlər arasında transmilli mütəşəkkil cinayətkarlıq, xüsusilə beynəlxalq terrorçuluq, ekstremizm, təcavüzkar separatizm, silahların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi, korrupsiyanın qarşısının alınması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bəyannamədə İKT üzv dövlətlər arasında qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlıq mexanizminin hazırlanması üzrə fikir mübadiləsinin aparılması və bu sahədə müvafiq sənədlərin tərtib edilməsi qeyd olunub.

Sənəddə İKT üzv ölkələrinin hüquq-mühafizə orqanları rəhbərlərinin konfransının iki ildə bir dəfə keçirilməsi, üzv dövlətlərin hər hansı bir müraciəti əsasında, üzv dövlətlərin üçdə iki səs çoxluğu ilə konfransın fövqəladə sessiyalarının keçirilməsi vurğulanıb.

Bəyannamədə həmçinin, İKT üzv dövlətlərin transmilli və mütəşəkkil cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizə aparması, separatçı rejimlərə və qruplara qarşı mübarizədə səylərin birləşdirilməsi nəzərdə tutulub.

" İKT transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və qarşılıqlı hüquqi yardım sahəsində digər beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsində maraqlıdır", - Bəyannamədə qeyd olunub.
  • Yazılıb
  • da (də) 2009 Apr 22