Türkiyə servisi/Aran Agentliyi
Bu ölkənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Rafet Akgünayı geri çağırılıb.
Lent.az-ın Türkiyənin “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Ottavadakı səfir “məsləhətləşmələr üçün” təcili kod adı altında geri çağırılıb. Buna səbəb Türkiyə hökumətinin xəbərdarlıqlarına baxmayaraq, Kanada hökumət nümayəndələrinin qondarma “erməni soyqırımını anma” gecəsində iştirak etməsidir.
Belə ki, həmin tədbirə kanadalı nazirlər də qatılıb. Tədbir Kanadadakı erməni lobbisinin bu ölkənin parlamentinin “soyqırımı” rəsmən tanımasının beşinci ildönümü münasibətilə keçirilib. Gecəyə dəvətli olan baş nazir Stefen Harper də öz növbəsində ermənilərə mesajlar göndərib.
Diplomatiyada səfirin “məsləhətləşməyə” geri çağırılması əslində “de-fakto diplomatik münasibətlərin kəsilməsi” mənasını verir.
Xatırladaq ki, Kanada parlamenti 1915-ci il hadisələrini 2004-cü il aprelin 21-də rəsmən “soyqırım” olaraq tanıyıb.