Azərbaycan servisi/Aran Agentliyi
“Azərkimya”nın anbarlarında külli miqdarda təhlükəli maddələr yığılıb; çənlər tezalışan prokondensat, PPF və ağır qətranla doludur
İqtidar mənsublarının “beynəlxalq böhran Azərbaycana təsir etməyəcək” iddiaları özünü doğrultmur. Hökumətin iddialarının əksinə olaraq onlarla zavod, yüzlərlə xırda müəssisə bağlanıb. Orta və xırda sahibkarlıq tamamilə sıradan çıxmaq üzrədir. Zavod-fabriklərin bağlanması onsuz da ağır şəraitdə yaşayan minlərlə fəhlənin həyatını dözülməz edib. Hakimiyyət isə antiböhran konsepsiyası hazırlamaq əvəzinə, əhalini şirin yalanlarla aldatmaqda davam edir. Böhrandan ən çox Sumqayıt zərər çəkib.
Bu sənaye və kimya şəhərindəki zavodların demək olar ki, hamısı bağlanıb. Minlərlə ailə faktiki olaraq işsiz-çörəksiz qalib. Bu barədə bizə tez-tez çeşidli xəbərlər daxil olur. Sumqayıta gedib bağlanan müəssisələrin vəziyyəti ilə yerində tanış olmaq və işsiz fəhlələrlə görüşmək qərarına gəldik.
Böhranın “vurduğu” zavodlar
Sumqayıt əhalisinin əhəmiyyətli hissəsi “Azərkimya” Dövlət Şirkətinin zavodlarında işləyir. Şirkətin 4 zavodu - Etilen-Polietilen Zavodu, Sintez-Kauçuk Zavodu, Səthi Aktiv Maddələr Zavodu və Üzvi Sintez İstehsalat Birliyi fəaliyyətini dayandırıb. İşini dayandıran zavodlar siyahısına “Superfosfat” Səhmdar Cəmiyyəti və “Kimya” zavodu da daxildir.
Sumqayıtın nəhəng zavodlarından biri də “Azəralüminium” Dövlət Şirkətinə məxsusdur. 1500 əməkdaşı olan Sumqayıt Alüminium Zavodu da bağlanıb. Zavodun əməkdaşları öz hesablarına məzuniyyətə göndərilib. “Azərboru” SC-nin işini dayandırması isə 1300 fəhləni işsiz qoyub. Sumqayıtda işini hələ böhrandan əvvəl dayandıran nəhəng zavodlardan biri şüşə emalı zavodudur. İri zavodlardan başqa onlarla xırda fabrik və sexlərin də bağlandığı bildirilir.
Bundan başqa, minlərlə şəhər sakininin çalışdığı ticarət və xidmət sektoru da tənəzzül dövrünü yaşayır. İşsizlik və səfalət isə ölkənin yeganə fəhlə şəhərini sosial partlayışa sürükləyir. Bu faktorlardan başqa şəhər rəhbərliyinin qanunsuzluqları və məmur özbaşınalığı da sumqayıtlıların əsəblərini tarıma çəkir.
“Məcid Kərimovla görüşmək istədik, üstümüzə polis gətirdilər”
Sumqayıtda ən dözülməz vəziyyət “Azərkimya” Dövlət Şirkətinə məxsus zavodlarda hökm sürür. Zavod direktorları fəhlələri ağlasığmaz bəhanələrlə işdən qovur. Elə bu səbəbdəndir ki, Sumqayıt şəhər Məhkəməsində baxılan şikayətlərin əksəriyyəti “Azərkimya” əməkdaşlarının iddialarıdır. Qəribəsi budur ki, şirkətə qarşı qaldırılmış iddialar Sumqayıt şəhər Məhkəməsində təmin olunsa da Sumqayıt Apelyasiya Məhkəməsi bir qayda olaraq şirkətin xeyrinə qərarlar verir.
Dövlət şirkətinə məxsus Sintez-Kauçuk Zavodunun bir qrup qadın əməkdaşı da rəhbərliyin qanunsuz qərarı ilə işdən azad olunub. Zavodun rəhbərliyi azərbaycanlı qadını sərxoşluqda (!-red.) günahlandıraraq onu işdən qovub. Haqsızlıqla üzləşən xanımlardan Süsən Dünyamalıyeva, Südabə Cabbarova, Səbirə Tahirova və Şahnaz Yaqubova bu barədə qəzetimizə ətraflı məlumat verdilər. Onlar 2008-ci il dekabrın 31-də gecə növbəsində olublar: “Növbədə olarkən 2 nəfər seximizə gəldi. Onlar özlərini təqdim etmədən növbə rəisinin yanına girdilər. Yanvarın 1-də bizi zavoda çağırdılar. Zavodda bizə dedilər ki, növbə rəisiniz içkili olub. Bizi isə bu barədə rəhbərliyə xəbər verməməkdə suçladılar. Zavodun hüquqşünası Böyükağa Ağayev bizdən izahat aldı. Biz ona dedik ki, növbə rəisinin ickili olmasından xəbərimiz olmayıb, çünki o, sərxoş deyildi. Biz yad kişinin ağzını iyləyəsi deyildik ki?! Sonrakı günlər bizi Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən azad etdilər”.
Həmin qadınlar Sumqayıt şəhər Məhkəməsinə işə bərpa edilmələri tələbi ilə müraciət ediblər. Məhkəmə onların iddiasını təmin etsə də zavod rəhbərliyi inadından əl çəkməyib: “Rəhbərlik məhkəmənin qərarından apelyasiya şikayəti verib. Biz yanvarın 31-də şirkətin rəhbəri Məcid Kərimovla görüşmək istədik. Lakin bizim üstümüzə iki maşın polis gətirdilər. Bundan başqa, zavod rəhbərliyi bizim haqqımızda nalayiq ifadələr işlədir. Bizi təhqir edir. Zavodun direktoru Qurban Mikayılov bizi alkoqolik adlandırıb. Hər birimiz bir ailənin qadınıyıq, nənəyik, bir kişinin qayınanasıyıq. Bizi belə təhqir etmək kişiliyə yaraşan iş deyil”.
İşdən çıxarılan qadınlar ailə vəziyyətlərinin ağır olduğunu söylədilər. Onlar aldıqları məvaciblərin də az olduğunu deyirlər. Zavodun zərərli sexlərində çalışan fəhlələr 120 manat maaş aldığı halda şirkətin süpürgəçiləri 200 manat alır. Zavodda lazımsız ştatlarda calışanların əməkhaqqı isə daha yüksəkdir. Bunlardan əlavə, şirkətin fəhlələri 2 aydır maaş almır.
Sumqayıt üçün böyük təhlükə var
“Azərkimya”nın zavodlarında işin mayın 5-də dayandırılacağı bildirilib. Etilen-Polietilen Zavodunun işi aprelin 21-dən bərpa edilib. Lakin “Azərkimya”nın aparıcı mütəxəssisləri zavodların işləməsinin müvəqqəti olacağını söyləyir. Onların sözlərinə görə, istehsal olunan məhsullar satılmır, şirkətin anbarları malla doludur.
Etilen-Polietilen Zavodunda polietilen materialların hazırlanmasında istifadə olunan “yüksək təzyiqli polietilen” adlı məhsulun 1 tonu xaricilərə 300-400 manata satıldığı halda yerli sahibkarlara 800 manata satılır. Bu da həm zavoda, həm də iş adamlarına zərər vurur. Polietilen məhsulları istehsal edən şirkətlər xammalın baha olması üzündən İran, Türkiyə və Rusiyaya üz tutur. Bu isə “Azərkimya”nın istehsal etdiyi məhsulun satılmamasına səbəb olur.
Digər tərəfdən, xaricdən gətirilən hazır sellofan torbaların yerli məhsuldan ucuz olması bu sahədə çalışan sahibkarlara ciddi zərər vurur.
“Azərkimya” şirkətinin mütəxəssisləri şirkət tərəfindən istehsal olunan maye məhsulların ümumiyyətlə satılmadığını söylədi: “Şirkətin anbarlarında külli miqdarda təhlükəli maddələr yığılıb. Çənlərin hamısı tezalışan prokondensat, PPF, ağır qətran və 60 min ton benzinlə doludur. Sadaladığımız məhsullar üçün təhlükəli qızma həddi var. Havalar isindikcə çənlər də qızır. Bu isə olduqca təhlükəlidir. Prokondensat adlanan məhlul müəyyən dərəcədə buxarlanır. Həmin buxar havada avtomatik olaraq alışır. Odun mənbəyə keçmə ehtimalı yüksəkdir. İstehsal olmadığından çənlərdə 60 min ton benzin də yığılıb. Bu təhlükəni istehsalatda çalışanlar yaxşı dərk edir və gecələr də evlərində rahat yata bilmirlər. Yəni təhlükə o qədər böyükdür. Bu problem ”Azərkimya"nın prezidenti Məcid Kərimovdan başqa hamını narahat edir. Hesab edin ki, Sumqayıt dəhşətli dağıdıcı gücü olan bir bomba üzərində “oturub”. Havalar qızdıqca bu təhlükə daha da artır".
“Bizi hakimiyyətin yalanları əsəbiləşdirir”
Sumqayıtda işini dayandıran zavodlardan biri də “Azərboru” SC-dir. Zavodda 1300 nəfər çalışıb. Hazırda zavodun əməkdaşları öz hesablarına məzuniyyətə buraxılıb. Onlar bizimlə söhbətində daha çox maliyyə böhranının olmaması barədə deyilən fikirlərdən hirsləndiklərini söylədilər: “Bizi daha çox hakimiyyətin yalanları əsəbiləşdirir. Maliyyə böhranı yoxdursa, zavodumuz niyə dayandı? Bizim zavod rəhbərliyin səhvi üzündən yox, sırf maliyyə böhranı nəticəsində işini dayandırdı”.
Zavodun əməkdaşı Yunis Abdullayev müddətsiz məzuniyyətə buraxıldıqlarını söylədi: “Zavodumuzda gərgin vəziyyət keçən ilin noyabrında başladı. Yanvarın 10-dan bizi 2 aylıq öz hesabımıza ezamiyyətə buraxdılar. Şikayətlərimizdən sonra martın 17-dək olan məvacibimizin 67 faizini verdilər. Martın 31-də rəsmi şəkildə bizə bildirdilər ki, maliyyə böhranı ilə əlaqədar zavod işini dayandırır. Bizi öz hesabımıza müddətsiz məzuniyyətə buraxdılar”.
Y.Abdullayev zavodun dövlət qayğısına ehtiyacının olduğunu söylədi: “Zavodumuz neft sənayesi üçün borular hazırlayır. Lakin Dövlət Neft Şirkəti müxtəlif bəhanələr gətirərək bizdən boru almır. Neft Şirkəti zavodumuzda bütün ölçülərdə boru hazırlanmadığını əsas gətirir. Əslində bu, bir bəhanədir. Zavodun bütün növ borular istehsal etməsi üçün maliyyə köməyinə ehtiyacı var. Bizdə olan məlumata görə, zavodun direktoru Əzim Əzimov zavodun bərpa edilməsi ilə bağlı təkliflər paketi hazırlayaraq İqtisadi İnkişaf Nazirliyinə təqdim edib. Lakin nədənsə lazımsız işlərə milyardlar xərcləyən hakimiyyət 1300 ailənin çörək yeri olan zavodumuza pul ayırmır”.
Y.Abdullayev zavodda orta aylıq əməkhaqqının 220-230 manat olduğunu və fəhlələrin 30 faizinin yataqxanalarda yaşadığını söylədi.
Başıbəlalı alüminium zavodu
Sumqayıt Alüminium Zavodunda 1500 nəfər çalışıb. Zavod aprelin 21-də fəaliyyətini tam dayandırıb. Sumqayıtda olarkən zavodun əməkdaşları ilə də görüşdük. Onlar bizə alüminium zavodunun əvvəldən qalmaqallı olduğunu söylədilər: “Zavod uzun illər dayandıqdan sonra 2002-ci ildə işini bərpa etdi. O zaman zavod ”Fondel Metal" şirkətinə 25 illiyə icarəyə verilmişdi. Müqaviləyə əsasən icraçı tərəf 25 il müddətinə zavoda 3 milyard dollar sərmayə yatırmalı idi. İlkin olaraq müasir standartlara uyğun 2 korpus tikilməli idi. Həqiqətən də şirkət 3-cü və 4-cü korpusları inşa etdi. Sonrakı mərhələdə 1, 2, 5 və 6-cı korpuslar müasir standartlara uyğun inşa edilməli idi. Yeni korpuslar işə düşən ərəfədə alüminiumun tonu 3400-3500 dollara qalxdı. Vəziyyəti belə görüb “Fondel Metal”ı qovdular. Buna görə Beynəlxalq Məhkəmədə Azərbaycanı cərimə etdilər. Sonra rəhbərlik yeni korpusları köhnə texnologiya əsasında qurdu. O zaman Rusiyanın “Rusal” şirkətində işləyən azərbaycanlı mütəxəssis Vaqif İsparovu zavoda dəvət etdilər. Lakin zavodun o zamankı rəhbərliyi Vaqif müəllimi də yola vermədi. O da zavodu tərk etdi. Bacarıqsız mütəxəssislər isə zavodu pis günə qoydular".
Fəhlələr yeni rəhbərliyin də işi düzgün qurmadığını deyir: “Zavodun direktoru Vidadi Məhərrəmov yalnız özünü düşünür. Martda işçilərin məvacibini 25 faiz aşağı saldılar. Apreldə məvaciblər 50 faiz aşağı salındı, ayın 10-dan etibarən isə zavodun 60 faiz işçisini öz hesabına məzuniyyətə göndərdilər. İndi zavod işini tam dayandırıb. Ümumilikdə ”Azəralüminium"un 5000 əməkdaşı işsiz qalib".
Zavodun sürücüləri də narazıdır. Onlar maşınlarının icarəyə verilməsini, yaxud özlərinə satılmasını tələb edir: “2002-ci ilə qədər maşınları bizə icarəyə vermişdilər. Zavod işə düşəndən sonra biz də işə qayıtdıq. Zavodun 40-dan artıq ”KamAZ"ı isə parkda qaldı. O maşınlar yararsız vəziyyətə salındı. İndi biz maşınları yenidən icarəyə götürmək istəyirik. Həm ailəmizi dolandıraq, həm də maşınlar sıradan çıxmasın. Lakin rəhbərlik nədənsə maşınların dağıdılmasına razıdır, icarəyə verməyə isə yox".
Zavodun sürücüsü ƏIiheydər Mənsimov 6 ildir ki, öz hesabına məzuniyyətdədir: “Bu illərdə 10-dan artıq şəxs sürücü kimi işə qəbul edilib. Lakin rəhbərlik məni işə dəvət etmək əvəzinə ərizə ilə işdən çıxmağımı tələb edir”.
Sürücülər məvaciblərinin də ədalətlə verilmədiyini söylədilər: “Uzaq məsafələrə on tonlarla yük daşıyan ”KamAZ" sürücülərinə ayda 237 manat maaş verilir. Lakin rəhbərliyi daşıyan xidməti avtomobillərin sürücüləri ayda 400 manat məvacib alır".