Türkiyə servisi/Aran Agentliyi
Erməni mətbuatı
Monitorinqimizin obyektiv olmasını təmin etmək üçün araşdırmanı erməni mətbuatından başladıq. Müşahidələrimizin nəticəsində məlum oldu ki, Ermənistanın hökümət yönümlü mətbuatı sərhədlərin açılmasının lehinə, müxalifət yönümlü mətbuatı isə əleyhinədir.
Ermənistanın xəbər saytlarından olan “Panorama.am” saytı sərhədlərin açılmasına erməni məntiqinə görə pessimist yanaşır. Belə ki, saytda çıxan bir xəbərdə Türkiyə prezidenti Abdulla Güldən sitat gətirilir. Sitatda Abdulla Gül deyir: "Azərbaycan narahat olmasın. Biz heç vaxt qonşu ölkələrlə, o cümlədən Ermənistanla qardaş azərilərin narazılığına səbəb olan əlaqələr qurmarıq”.
Digər bir mətbu orqanın - “Həftəlik Ermənistan” qəzetinin verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan ölkəsinin Dağlıq Qarabağ məsələsinin həll olunmayanadək sərhədlərin açılması ilə bağlı heç bir müsbət addım atmayacağını deyib. Məsələ ilə bağlı şərh verən qəzet qeyd edir ki: "Ermənilər xarici siyasətində heç bir ölkənin həmçinin Türkiyənin şərtlərini qəbul edə bilməz. Dağlıq Qarabağın isə sərhəd siyasətinə heç bir aidiyyəti yoxdur. Qarabağ öz müqəddəratını özü həll eləməlidir".
Digər bir erməni saytı “Armadio.am” isə Ermənistan prezidenti Sarkisiyanın Türkiyə ilə sərhədlərin açılmasını Amerika rəsmisi ilə müzakirə etdiyini yazır. Prezidentin mətbuat şurasının verdiyi məlumata görə Sarkisiyan Obamanın müşaviri Co Bayden ilə telefon əlaqəsi saxlayıb və sərhəd məsələsini onunla müzakirə edib.
Bu məsələ ilə bağlı ən sərt reaksiyanı isə "Gündəlik Ermənistan" qəzeti verir. Qəzet Obamanın Türkiyəyə səfərində Ermənistanla sərhədləri açılması barədəki söz-söhbətin yalnış olduğunu yazır. Mətbuat nümayəndəsi türkləri qəddar millət adlandıraraq qeyd edir ki: "Ermənilərlə türklərin əlaqələri qurula bilməz, çünki türklər çox qəddar millətdir. Onlar öz məktəblərində şagirdlərə bizə qarşı nifrət təbliğ edirlər. Türklər bizim mənəviyyatımızı oğurlayırlar. "Sarı gəlin" mahnısının da özlərinin olduqlarını iddia edirlər”.
Dünya mətbuatı
Erməniprəst saytları nəzərə almasaq deyə bilərik ki, dünyanın aparıcı xəbər agentlikləri Türkiyə Ermənistan sərhədlərini obyektiv işıqlandırmağa çalışıblar.
Məsələn, məşhur "Röyters" agentliyi Ankara ilə İrəvanın əlaqələrinin yaxşı olmadığını bildirir. Saytın bu haqda olan əksər xəbərlərində verilən məlumatlarda ermənilərin bu əlaqələri yaxşılaşdırmaq üçün can atdığı qeyd edilir. "Ancaq Türkiyə cənubi Qafqazda sabitliyi pozmamaq üçün ermənilərə heç bir müsbət reaksiya vermir"- deyə agentlik xəbər verir.
Digər bir qərb qəzetlərindən biri "İnterneyşnl Nyus" isə Əli Babacanın Ermənistana səfərini işıqlandırarkən yazır: “Türkiyəli nazir Əli Babacan Ermənistana səfər edib. Ankara Azərbaycanın müttəfiqidir, buna görə də Ermənistanda səfərdə olan Əli Babacan sərhədlərin açılması ilə bağlı heç bir müsbət söz deməyib”.
Sərhədlər haqqında xəbər verən digər bir dünya KİV nümayəndəsi isə "Tayms Onlayn". Türkiyə, Azərbaycan və Ermənistan əlaqələrinə toxunan qəzet sərhəd məsələlərini Obmanın gəlişi ilə əlaqələndirir. Xəbərə görə bu mövzunun Obamanın səfəri əsnasında qızışması hansısa mənanı ifadə edir. Ermənistan Türkiyə əlaqələrinin tarixinin əks olunduğu xəbərdə həmçinin "Qondarma Erməni soyqırımıdan" da danışılır. Eyni zamanda bildirilir ki, beynəlxalq aləmdə daima Azərbaycanın yanında olan AKP Türkiyəsi heç vaxt Ermənistanla sərhədlərini aça bilməz.
Xatırladaq ki, Türk mətbuatı da bu mövzularda aktiv iştirak edib. Bəzi türk saytları hadisəni pisləsələrdə əksər xəbər agentlikləri AKP-nin heç vaxt belə səhv etməyəcəyini bildirib.
Ümümiyyətlə qeyd etmək yerinə düşər ki, sərhəd mövzusu ortaya atıldığı vaxtdan www.turkiye-ermenistan-kapilar-acilmasin.org adlı sayt da yaradılmışdı. Sayta 4 gün ərzində 25 min insan daxil olmuş və sərhədlərin açılmamasını dəstəkləmişdi.