Azərbaycan servisi/Aran Agentliyi
“Azərbaycanda narkomaniya, narkobizneslə mübarizə sahəsində yaxşı işlər görülüb”
“Son iki ildə Əfqanıstanda narkotik vasitələrin istehsalı əhəmiyyətli şəkildə artıb və bu, Azərbaycanda narkobiznesin genişlənməsində də özünü göstərir. İndi Azərbaycanda ən çox venadaxili narkotikdən istifadə halları artıb”.
Lent.az-ın məlumatına görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Mərkəzi Asiya üzrə regional nümayəndəsi Ceyms Kallahan Bakıya səfərinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında belə deyib. Təşkilatın nümayəndəsi bildirib ki, bu səfər çərçivəsində o, Bakıda keçirilən İslam Konfransı Təşkilatının hüquq-mühafizə orqanlarının rəhbərləri ilə, o cümlədən daxili işlər naziri Ramil Usubovla görüşüb. Onun sözlərinə görə, hökumət nümayəndələri ilə keçirdiyi görüşlərdə narkotika və narkobiznesə qarşı mübarizə tədbirləri geniş müzakirə olunub.
“Bakıda keçirdiyim görüşlərdə Azərbaycanda narkomaniya və terrorizmlə mübarizə sahəsində görülən işlər, mövcud vəziyyətlə yaxından tanış olmaq imkanı qazandım. Hazırda biz bu sahədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə birgə bir neçə layihə həyata keçiririk. Məncə, Azərbaycanda narkomaniya, narkobizneslə mübarizə sahəsində yaxşı işlər görülüb. Ancaq bu tədbirləri bir qədər də təkmilləşdirməyə və sürətləndirməyə ehtiyac var. Çünki Azərbaycan narkotiklərin daşınması marşrutlarında tranzit ölkədir və Əfqanıstanda narkotika istehsalının artması regionda nəzarətin gücləndirilməsini tələb edir” - deyə, Ceyms Kallahan qeyd edib.
UNODC-un nümayəndəsi bildirib ki, hazırda dünyada istehsal olunan narkotiklərin 95 faizi təkcə Əfqanıstanın payına düşür. Bu isə Azərbaycanda və işğal altında olan Dağlıq Qarabağ ərazilərində narkobiznesin genişlənməsinə şərait yaradır. Onun sözlərinə görə, təmsil etdiyi mərkəzin dövlətlərarası əməkdaşlıq və məlumat mübadiləsi sahəsindəki işinin nəticəsi olaraq, Türkiyənin hüquq-mühafizə orqanları ilə əlaqələndirilmiş 2 müxtəlif əməliyyat zamanı Azərbaycanda 41, Türkmənistanda isə 28 kiloqram heroin müsadirə edilib. Ümumiyyətlə isə mərkəzlə əlaqələndirilmiş əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-dan artıq qrup ləğv edilib. Bundan başqa, 200 kiloqrama yaxın heroin müsadirə edilib və narkokuryerlər yaxalanıb: “Hazırda Azərbaycan Mərkəzi Asiya üzrə Regional İnformasiya-Əlaqələndirmə Mərkəzi İnterpol, Avropol və Ümumdünya Gömrük təşkilatı ilə sıx əlaqəyə malikdir, onların məlumat bazalarına müvafiq çıxışları var”.
Ceyms Kallahan onu da qeyd edib ki, təmsil etdiyi təşkilat ümumi büdcəsi 4 milyon dollar olan “2006-2009-cu illərdə mərkəzi Asiya və Azərbaycanda əhalinin həssas təbəqələri arasında HİVAİDS-in səmərəli profilaktikası və müalicəsi” adlı layihə həyata keçirir. Layihə HİV-in müalicəsi üçün narkotiklərdən asılı vəziyyətdə olanlara və məhbuslara çoxşaxəli xidmətlərin göstərilməsinə yönəldilib. Onun sözlərinə görə, bu layihə çərçivəsində UNODC milli qanunvericiliyin təkmilləşdirilməsi işində də Azərbaycana texniki yardım göstərir.