Tarix : 2009 Apr 24
Kod 11501

AZƏRBAYCAN DAĞLIQ QARABAĞI İTİRİR

Ekspertlər Brayzanın İrəvandakı bəyanatından bu nəticəni çıxarırlar
Azərbaycan servisi/Aran Agentliyi
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Ermənistanda mediaya açıqlamasında Qarabağ münaqişəsinin həllinə dair ilkin razılaşmanın imzalanmasına az qaldığını deyib: «İndi mən hiss edirəm ki, münaqişənin nizamlanmasının baza prinsiplərində razılaşdırılmamış məqamların da müzakirəsi ilə biz artıq yeni mərhələyə daxil oluruq. Biz bu prosesin sonunda bir razılaşmanın imzalanmasına nail olacağıq. Həmin razılaşmanın əsasında Helsinki Yekun Aktının ərazi toxunulmazlığı, millətlərin öz müqəddəratını təyinetmə hüququ və silahdan istifadə etməmək prinsipləri dayanır».
Ümumiyyətlə, keçən ilin sonlarından başlayaraq , Qarabağ probleminin həlli ilə bağlı danışıqlara dair açıqlamalarda 2009-cu ilin may və ya iyun aylarında hansısa razılaşma əldə olunacağından bəhs edilir. Bu, mümkündürmü və ehtimal olunan razılaşma Azərbaycana nə vəd edir?
Milli Strateji Araşdırmalar Mərkəzinin sədri Natiq Miri  bildirdi ki, Brayzanın İrəvandakı açıqlamasında Helsinki Yekun Aktına əsaslanaraq söylədiyi ərazi toxunulmazlığı, millətlərin öz müqəddəratını təyinetmə hüququ və silahdan istifadə etməmək prinsipləri əslində, bir-birilə ziddiyyət təşkil edir: «Söhbət Azərbaycanın ərazi bütövlüyündən və suverenliyindən gedirsə, öz müqəddəratını təyin etmək prinsipi hüquqi prosedur olaraq seçki və referendumun keçirilməsini özündə ehtiva edir. Bunun da içərisindən ermənilər üçün müstəqillik çıxacağı heç kimə sirr deyil. Bunu necə uzlaşdırırlar-uzlaşdırsınlar, bunun kökündə mahiyyət etibarı ilə strateji olaraq separatçı regionun müstəqil subyekt olması və bir türk toplumu olaraq Azərbaycanın zəiflədilməsi əsas yer tutur. Əslində «öz müqəddəratını təyin etmək» prinsipi Qərbin əhalisi xristian olan ölkələr üçün nəzərdə tutduğu ikili standartdır. Şərqi Timor və digər modellər bunun tipik örnəyidir".
Ekspertin fikrincə, Qarabağ probleminin həlli planı ilə Ermənistan və Türkiyə sərhədlərinin açılması məsələsinə bir bütün olaraq yanaşılmalı və çözülməlidir. Əgər bu məsələlərin bir-birindən ayrı-ayrılıqda həlli nəzərdə tutulursa, Brayzanın dediyi kimi, problemin yaxın müddətdə həlli mümkün olmayacaq: «Məhz Qərbin bu cür yanlış yanaşmasının nəticəsi olaraq Azərbaycan problemin çözümünü Rusiyada axtarmağa başladı. Bu baxımdan, Rusiya ilə enerji sahəsində anlaşmanın əldə edilməsi və Dağlıq Qarabağ məsələsində Moskvanın təşəbbüsü ələ alması sadə faktlar deyil. Rusiyada belə bir təsəvvür var ki, Dağlıq Qarabağla əlaqədar proseslər Moskvanın ssenarisi üzrə getməlidir və gedir. Hər bir halda rəsmi Vaşinqtonun oynamaq istədiyi rolun təmiz olmadığı qənaəti getdikcə daha da güclənir. Çünki ədalətli dövlət Ermənistanı yola gətirib, qonşu dövlətlərin ərazisindən çıxmağı və Türkiyəyə qarşı əsassız iddialardan əl çəkməyi tələb etməli idi».
Sülh və Münaqişələrin Həlli Mərkəzinin sədri Elxan Mehdiyev  də bu fikirdədir ki, Brayzanın haqqında danışdığı razılaşma Azərbaycanın zərərinədir: «Azərbaycan nominal ərazi bütövlüyü prinsipi qorunmaqla mini-dövlət yaradılmasına razılıq verib. Ermənistan isə Laçınla Dağlıq Qarabağın Azərbaycandan tamam ayrılmasını istəyir. İrəvan üçün bu, qırmızı xətdir və geri çəkilmək niyyətləri yoxdur. Metyu Brayza da belə düşünür. Həmsədrlər məsələni o nöqtəyə gətirib çıxarıblar ki, Azərbaycan Qarabağın itirilməsinə yönəlik sazişə imza atmağa məcbur olsun. Azərbaycan hakimiyyətinin belə bir sazişə imza atmağa cəsarət etməyəcəyini düşünürəm».
Konfliktoloq Arif Yunus isə «Media forum» saytına deyib ki,  may və ya iyun ayında razılaşmanın olacağına dair açıqlamalara inanmaq lazım deyil: «Bunlar boş sözlərdir. Keçən ay da tarix verirdilər ki, aprelin 16-da Türkiyə Ermənistanla sərhədləri açacaq. Qarabağ məsələsinin həlli ilə bağlı da dəfələrlə hansısa tarixlər açıqlanıb. Mən həmin açıqlamaların hamısını arxivimdə saxlamışam. Dəfələrlə olub ki, həmsədrlər, ölkə başçıları, rəsmilər tarix açıqlayıblar, amma heç bir nəticə olmayıb - sadəcə, biz bunları unuduruq. Vəziyyət o qədər də yaxşı deyil ki, yaxın illərdə sülh əldə olunsun».
A.Yunus inamsızlığını iki faktora bağlayır: «Birincisi, nə Azərbaycan, nə də Ermənistan güzəştə hazır deyil. İkincisi, Qarabağ məsələsində çox şey bizdən asılı deyil - bu münaqişə artıq geosiyasi rəqabətin bir parçasıdır. ABŞ və Rusiyanın mövqeyi bu məsələdə həlledicidir. Ola bilər ki, keçən il Moskvada imzalanan sənədə oxşar hansısa ümumi sənəd imzalansın. Amma bu, həll demək deyil».
Politoloqun sözlərinə görə, danışıqların hazırkı mərhələsində Azərbaycana Dağlıq Qarabağdan faktiki imtina təklif edilir: «Ermənilər vaxtilə Dağlıq Qarabağın ətrafındakı rayonlardan 5-ni tədricən boşaltmağa hazır olduqlarını deyirdilər. İndi «güzəşt» bundan ibarətdir ki, onlar Laçın istisna olmaqla 6 rayonu tədricən boşaltmağa, bu bölgədə sülhməramlı qüvvələrin yerləşdirilməsinə, Dağlıq Qarabağın statusunun isə 10-15 il sonra keçiriləcək referendumla həll olunmasına, yalnız bu mərhələdən sonra Laçından çıxmağa razılaşırlar".
A.Yunusun fikrincə, Azərbaycan tərəfi də faktiki olaraq Dağlıq Qarabağdan imtina demək olan bu şərtlərə razıdır: «Danışıqların indiki mərhələsində Azərbaycan tərəfinin qəbul etməyə meyilli olduğu güzəşt Dağlıq Qarabağdan imtina deməkdir».
Politoloq Azərbaycanın bu duruma düşməsinin səbəbini ciddi siyasətin olmamasında görür: «Azərbaycanda siyasət yoxdur, reaksiya, emosiya var. Xoşum gəlmir, Türkiyəyə getmirəm, onun acığına Rusiyaya gedirəm - bu axı siyasət deyil... Biz ya düşünürük ki, problemimizi kimsə bizim əvəzimizə həll etməlidir, ya da mümkün olduqca uzadırıq ki, bəlkə nə zamansa ermənilər yumşalar. Bu təfəkkürlə də Dağlıq Qarabağı itiririk».
 
  • Yazılıb
  • da (də) 2009 Apr 24