Türkiyə servisi/Aran Agentliyi
Türkiyənin Ermənistanla gizli anlaşma əldə etdiyi və bu razılaşmada Qarabağ şərtinin yer almadığı haqda neçə gündür yazılanlar aprelin 23-nə keçən gecə rəsmi təsdiqini tapdı. Gecə yarısı iki ildir məxfi danışıqların aparıldığı İsveçrənin, Türkiyənin və Ermənistanın xarici işlər nazirlikləri birgə bəyanat yayaraq, İrəvanla Ankara arasında münasibətləri normallaşdırmaq üçün razılaşma əldə edildiyini bəyanlayıblar. Birgə bəyanatda bildirilir ki, İsveçrənin Cenevrə şəhərində aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib və tərəflər barışıq planını nəzərdə tutan «yol xəritəsini» razılaşdırıblar.
«Ermənistan və Türkiyə, İsveçrənin vasitəçiliyi ilə ikitərəfli əlaqələrin yaxşılaşdırılması və mehriban qonşuluq, qarşılıqlı hörmət ruhunda inkişafı üçün fəaliyyət göstəriblər. Bununla da bütün regionda sülh, stabillik və təhlükəsizliyin təmin olunması üçün ciddi addım atılıb».
Bəyanatda qeyd olunur ki, bu prosesdə hər iki tərəf ciddi tərəqqi və qarşılıqlı anlaşmaya nail olub: «Danışıq aparan tərəflər razılığa gəldilər ki, hər iki tərəfi razı salacaq qədər münasibətləri yaxşılaşdırsınlar». Sənəd müəllifləri qeyd edirlər ki, tərəflərin razılaşdıqları prinsiplər danışıq prosesinin davam etdirilməsinə müsbət perspektiv yaradır. «CNN Türk» xəbər verir ki, XİN-in bu bəyanatından az əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğanla xarici işlər naziri Əli Babacan 3 saatlıq görüş keçiriblər. Habelə İrəvan, Ankara, Cenevrə və Vaşinqton arasında intensiv telefon danışıqları gedib.