Ermənistan prezidentinin fikrincə, Moskvadakı görüşlərində Rusiyanın sərhədlərin açılmasının tərəfdarı olduğunu görüb
Ermənistan servisi/Aran Agentliyi
«Yeni Şərq»in Türkiyənin "Sabah" qəzətinə istinadən verdiyi məlumata əsasən, Ermənistan prezidenti Serj Sarkisyan "Wall Street Journal"a verdiyi müsahibəsində bildirib: "Əgər sərhədlər açılsa və ya açılma ərəfəsində olsa, Türkiyə-Ermənistan millilərinin cavab oyununa baxmaq üçün Türkiyəyə gedəcəm. Ancaq Türkiyəyə sadə bir turist və ya bir futbol tərəfdarı kimi səyahət etmək fikrim yoxdur".
Sarkisyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağ məsələsi həll olunmadan sərhədlərin açılmasının mümkün olmadığı barədə bəyanatını şərh edərək bildirib ki, "Türkiyə baş nazirinin bəyanatı bizim razılığa uyğun deyil".
"Sərhədlərin açılması ilə Ermənistanın Dağlıq Qarabağ məsələsinə münasibəti dəyişməyəcək", deyə Sarkisyan bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ qarşılıqlı əlaqələr vasitəsilə həll oluna bilər. Ermənistan prezidentinin fikrincə, Moskvadakı görüşlərində Rusiyanın sərhədlərin açılmasının tərəfdarı olduğunu görüb. Sarkisyan bu məsələdə ən çox ABŞ-ın səy göstərdiyini qeyd edib və onu da əlavə edib ki, ABŞ lazım bildiyi an qondarma erməni “soyqırımını” tanıyacaq.
Qeyd edək ki, Türkiyə və Ermənistan milli komandaları arasında görüş sentyabrın 6-da İrəvanda keçirilib. Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə Türkiyə prezidenti Abdulla Gül də Ermənistana gedərək futbol matçını seyr etmişdi. Daha sonra Abdulla Gül Serj Sarkisyanı Türkiyədə keçiriləcək cavab oyuna birgə baxmağa dəvət etmişdi.