Tarix : 2009 Apr 28
Kod 11569

Bu ilin ilk rübündə Bakı şəhərində 2578 cinayət hadisəsi qeydə alınıb

Ümumi cinayətlərin açılması 76,4 faiz, ağır növ cinayətlərin açılması 74,9 faiz olmuş, 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 35 nəfərdən ...
Azərbaycan Servisi/Aran Agentliyi
Bu ilin ilk rübü ərzində Bakı şəhərində 2578 cinayət hadisəsi qeydə alınıb. Bu barədə məlumat Azərbaycanın Baş Polis İdarəsində (BŞBPİ) cari ilin birinci rübünün yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində verilib. BŞBPİ rəisi, polis general-mayoru Rafiq Abbasov Bakı Polis Qarnizonunun cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi sahəsində ölkənin qanunlarından, prezidentin fərman və sərəncamlarından, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmr və göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi işini məqsədyönlü şəkildə davam etdirdiyini qeyd edib. BŞBPİ-nin rəis müavini, polis general-mayoru Yaşar Əliyevin məruzəsində bildirilib ki, onların 86,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 13,2 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə adam öldürmələr 13,3 faiz, ölümə sui-qəsdlər 14,3 faiz, quldurluq 20,5 faiz, xuliqanlıq 8,1 faiz, dələduzluq 31,2 faiz, dövlət və bələdiyyə əmlakının oğurluğu cinayətləri 4,5 dəfə, yol-nəqliyyat hadisələri zamanı xəsarət alanların sayı 16,8 faiz azalıb. Onların sayının azalmasına səbəb isə aparılmış profilaktik tədbirlər olub.
Ümumi cinayətlərin açılması 76,4 faiz, ağır növ cinayətlərin açılması 74,9 faiz olmuş, 28 soyğunçuluq və quldurluq cinayəti törətmiş 35 nəfərdən ibarət 16 qrup, eləcə də 28 mənzil oğurluğu ilə məşğul olan 7 nəfərdən ibarət üç qrup ifşa edilib.
Bununla yanaşı, paytaxtda uzun müddət geniş ictimai rezonans doğurmuş, ayrı-ayrı vətəndaşların avtomaşınlarının şüşələrini sındırmaq yolu ilə külli miqdarda pul oğurlamaqla məşğul olan 9 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib, həmin dəstənin törətdiyi 18 cinayət faktının üstü açılıb.

Bundan əlavə hesabat dövründə qanunsuz dövriyyədən 72 kiloqramdan çox narkotik vasitə çıxarılıb. Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində 33 kiloqram 860 qram narkotik vasitəni aşkarlayaraq götürüblər. Axtarışda olan 708 cinayətkarın 39 faizi tutulub.

Cari ilin I rübündə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılmışdır. Bu müddətdə şəhər miqyasında keçirilən 84 kütləvi tədbirdə, o cümlədən ölkə həyatında ən mühüm ictimai-siyasi hadisə olan ümumxalq referendumunun keçirilməsi, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 15-dən çox tədbir və mərasim zamanı ictimai asayiş nümunəvi təmin olunub. Ümumi cinayətkarlığın tərkibində ictimai yerlərdə, o cümlədən küçələrdə qeydə alınmış cinayətlərin xüsusi çəkisi 7,5 faiz olmaqla, keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz azalıb.

Hesabat dövründə vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu məsələsi xüsusi diqqətdə saxlanılıb. BŞBPİ-yə daxil olmuş 2503 ərizə və şikayət araşdırılmış, müraciətlərdə qaldırılan məsələlərin böyük əksəriyyəti öz müsbət həllini tapıb.

İlin ötən üç ayında kadrların yerləşdirilməsi, təqdimatlara vaxtında baxılıb həll edilməsi, polis əməkdaşlarının fiziki, döyüş və peşə hazırlığı səviyyəsinin artırılması məsələləri daim nəzarətdə saxlanılıb. Bakı şəhər və ərazi polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən, DİN-in Polis Akademiyasını bitirən əməkdaşların orta rəis heyəti vəzifələrinə irəli çəkilmələri üçün püşkatma tədbiri keçirilib. Nəticədə 14 əməkdaşın xidmət üzrə irəli çəkilməsi barədə təqdimatlar DİN rəhbərliyinə göndərilmiş və onlar orta rəis heyəti vəzifələrinə təyin olunub.

Yol Patrul Xidməti (YPX) inspektoru və post patrul xidmətinin polis nəfəri vəzifələrinə şəffaflıq və alternativ seçim əsasında xidmətə qəbul üzrə aparılmış müsabiqələrin nəticələrinə uyğun olaraq 15 nəfər YPX inspektoru, 15 nəfər post-patrul xidmətinin polis nəfəri vəzifələrinə, 10 nəfər isə digər xidmətlərə qəbul edilib.

BŞBPİ-nin rəis müavini mövcud nöqsanların aradan qaldırılmasının planlı şəkildə həyata keçirilməsi sahəsində görülən işlərdən də danışıb.
Məruzə ətrafında çıxış edən BŞBPİ-nin idarə rəisləri mövcud nöqsanların qısa müddətdə aradan qaldırılacağına söz veriblər.

Rafiq Abbasov BŞBPİ-nin şəxsi heyətinin cinayətkarlığa qarşı mübarizəni bundan sonra da davam etdiriləcəyini, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində rəhbərliyin qarşıya qoyduğu bütün tapşırıq və vəzifələri əzmlə yerinə yetirəcəyini bildirib.
 
 
 
  • Yazılıb
  • da (də) 2009 Apr 28