Tarix : 2009 Apr 28
Kod 11594

Məscidlərin dağıdılması heç cür qəbul edilə bilməz

Bildiyiniz kimi Yasamal rayonunda “Peyğəmbər” məscidi adlı ibadət ocağı bir neçə gün əvvəl sökülməyə başlasada...
Azərbaycan servisi/Aran Agentliyi
Bildiyiniz kimi Yasamal rayonunda “Peyğəmbər” məscidi adlı ibadət ocağı bir neçə gün əvvəl sökülməyə başlasada, müəyyən olmayan səbəblərə görə məscidin sökülməsi dayandırılmışdı. Lakin artıq bu məscidin sökülməsi barədə məlumat aldıqdan sonra, bu ünvana yollandıq. Məscid yerlə yeksan edilmişdi...

Islam-Azeri.az internet qəzeti bu mövzu ilə bağlı ekspertlərə müraciət edib.

Müsahibimiz, Milli Mənəvi Dəyərlər İctimai Birliyinin sədri Hacı Abgül Suleymanovdan sökülən məscidlə bağlı münasibət öyrəndik.

Hacı məscidin sökülməsinə münasibətinizi öyrənmək istərdik
Bismillahir Rəhmanir Rəhim.
Əlbəttə ki, Məscidlərin dağıdılması heç cür qəbul edilə bilməz. Bu cür ürək ağrıdan məsələlər ilk hallar deyil. Buna oxşar hallara çox rast gəlmişik. Məscidlərin bağlanması, məscidlərin həyətinin satılması, məscidlərdən gələn azan səslərinin kəsilməsi, məscidə soxularaq günahsız möminlərin həbs edilməsi və s.

Hacı xahiş edirik bu barədə təfərrüatları qeyd edəsiniz

Öncə qeyd edək ki, İçərişəhər Cümə məscidinə polis məmurları tərəfindən kobudcasına ayaqqabı ilə girərək pak möminləri nalayiq söyüşlərlə söyüb və İmam camaatı namaz qılan halda əl-ayaqlarından tutaraq sürüyə-sürüyə aparmaları həmçinin sonda məscidin bağlanmasının şəxsən şahidi olmuşam.

Həmçinin Yevlax şəhərində Cümə məscidinin həyəti satılıb.Buna etiraz edən möminlər isə həbs ediliblər. Göründüyü kimi bu cür hadisələr ölkəmizdə ara-sıra baş verir.

Hal hazırda Şəhidlər xiyabanında Türkiyə səfirliyi tərəfindən bina olmuş “Cümə” məscidinin fəaliyyətinin dayandırılması da maraqlı məqamlardandır. Artıq Hürriyət qəzetinin yaydığı məlumata görə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da bundan narahat olduğunu bildirmişdir.
Hal hazırda isə Peyğəmbər nəslindən olan Mir Saleh adlı şəxsin İslam Mədəniyyətinin paytaxtı adlanan şəhərimizin mərkəzi küçələrindən birində “Peyğəmbər” adlı məscidi tikməklə İslam Mədəniyyətinin paytaxtı adını zinətləndirmək və xalqın hidayət olması üçün zəhmətlərinin puç edilməsi, kobudcasına insan haqlarının pozulması, milli-mənəvi dəyərlərimizin tapdaq altına alınmasının şahidi oluruq. Çox təəssüflər olsun ki, məscidin yuxarısında olan Quranın dağıdılması hadisəsi düşmən ermənilərin işğal etdikləri ərazilərimizdəki məscidlərdə etdikləri cinayətlərə daha çox oxşayır. Mən şəxsən bu cür halları qəti olaraq pisləyir, məscid sökmək və bağlamaq kimi işləri ölkənin içində müsəlmanları dövlət ilə üz-üzə qoymaq, radikallaşmağa meyli artırmaq və Müsəlman dünyasında ölkənin siyasi imicinin aşağı düşməsinə səbəb olan amil kimi dəyərləndirirəm.
Mən bütün Dini alimləri, İmam Cümələri,müsəlmanları, məscid axundlarını, dini icmalar, təşkilatlar və siyasi partiyaları bu cür ürək ağrıdan hadisələrə göz yummamağa çağırıram və bu məmur özbaşnalığına laqeyd qalmamağa səsləyirəm.
 
 
  • Yazılıb
  • da (də) 2009 Apr 28