Azərbaycan servisi/Aran Agentliyi
Bu gün Bakıda Azərbaycan Dövlət Neft Akademiyasının binasına silahlı basqın olub. ANSPRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, atışma nəticəsində hələ ki, yeddi nəfər həlak olub, 14-15 nəfərin isə xəsarət aldığı məlumdur. İlkin məlumata görə, hadisə iki silahlı şəxs tərəfindən törədilib. Onlardan biri isə daha sonra özünü güllələyib. Silahlı şəxslərin birinci mərtəbədən yuxarı mərtəbələrə qədər atəş aça-aça qalxdıqları deyilir. Xəsarət alanların sayı arta bilər.
ANSPRESS-in müxbirinin verdiyi məlumata görə, hazırda hadisəni törədən şəxsin zərərsizləşdirilməsi üçün hadisə yerinə snayperlər gətirilib.
Bakı şəhər təxirə salınmaz və tibbi yardım stansiyasından ANSPRESS-ə verilən məlumata görə, hadisə ilə bağlı xəstəxayana 8-ə yaxın yaralı daxil olub. Amma xəstəxanaya yaralı şəxslərin gətirilməsi prosesi davam edir.
ANSPRESS-in əməkdaşının verdiyi məlumata görə, hazırda hadisə yerində polis və xüsusi təyinatlı dəstələr əməliyyat keçirirlər.