Tarix : 2009 Apr 30
Kod 11638

Sökülən məscid ətrafında xəbərlər

İstənilən halda məscidin bağlanması və ya sökülməsi yaxşı hal deyil. Əgər tikinti zamanı hər hansısa qanunsuzluğa yol verilibsə...
Azərbaycan servisi/Aran Agentliyi
Haci Yusif Bağırov - ilahiyyatçı-alim, "Qələm" nəşriyyatının direktoru:
- İstənilən halda məscidin bağlanması və ya sökülməsi yaxşı hal deyil. Əgər tikinti zamanı hər hansısa qanunsuzluğa yol verilibsə, yaxud icazə verilmirdisə, bu məsələni həll etmək də olardı. Müvafiq icazə alına bilərdi. Hər halda, ümumiyyətlə, məscidin sökülməsi çox mənfi haldır. Məscidlər müsəlmanların ibadət yeridir. Orada camaat xalq üçün, millət üçün, gələcəyi üçün dualar edirlər. Bu məsələyə münasibətim müsbət deyil.

Hacı Mir Cəfər ağa Əyyubzadə - ilahiyyatçı-alim:
- Mən Gəncədən yeni qayıtmışam. Həm Gəncə, həm də Yevlax camaatının Yevlaxda baş verənlərlə bağlı çox dərin etirazı var. Sadəcə olaraq öz etirazlarını bildirməkdən çəkinirlər ki, bunu dini ekstremizm və sairə ilə hallandırarlar. Gəncə və Yevlax camaatı, mən özüm də bu fikirdəyəm, bütün bunları məmur özbaşınalığıdır. Bizim bir sıra məmurlarımız elə bilirlər ki, yerlərdə ağadırlar. Qədim mülkədarlıq, bəy-xan dövrünü yaşatmaq istəyirlər. Ona görə də camaatın dini etiqad azadlığını kəskin formada pozurlar. Bu işləri çox pisləyirəm. Onlar bilməlidirlər ki, onların da həyatlarının davamı var. Bu dünyada da, axirətdə də bu onların bədbəxtçiliklərinə səbəb olacaq.

Hacı Əhliman Rüstəmov - ilahiyyatçı-alim, “Hacı Cavad” məscidinin imam-camaatı:
- Bu gün mən televiziyada MM-in sədri Oqtay Əsədovun bunula bağlı açıqlamasına diqqət etdim. O, belə bir fikir səsləndirdi ki, “məscidi bağlamaqla bağlı heç bir söhbət yoxdur”. Güya onun fəaliyyəti təmirlə əlaqədar saxlanılıb. Sonuncu məscid sökülməsini də bunun üstünə gəlsək, əslində nə baş verdiyini demək çətindir. Amma həqiqətdə bu özü İslam mədəniyyəti paytaxtlığı ilə əlaqədar olmasaydı da, bütün bunlar xoşagələn hadisələr deyil. Bir ölkədə məscidlərin bağlanması, sökülməsi əlbəttə ki, çox pis haldır. Sektaların təbliğinin qarşısı alınmadığı bir halda, məscidin belə məzhəblərə aidiyyəti olmadığı bir halda, Allah evi ilə bu cür rəfdar çox pis əlamətlərdir.

2009-04-28 11:19:41
Hacı İlqar: Belə hallar başa düşülən deyil və ölkədə radikallığın və ekstremizmin güclənməsinə səbəb ola bilər
Yasamalda uçurulan məscidin sahibi azadlığa buraxıldı


Mirvaleh Mövsümov gecəni təcridxanada keçirib

Xəbər verdiyimiz kimi, srağagün Yasamal rayonu Murtuza Muxtarov-190 ünvanındakı “Peyğəmbər Məhəmməd (s) məscidi” adlı məbəd sökülüb. Məscidin gözətçisi Məmməd İsgəndərov qəzetimizə dünənki açıqlamasında artıq məscidin minarəsinin də uçurulduğunu dedi.

Onun sözlərinə görə, söküntü əraziyə gətirilmiş ağır texnika hesabına həyata keçirilib. ANSpress.com saytının verdiyi məlumata əsasən, yaxınlıqda yaşayan sakinlər aprelin 26-sı axşamdan həmin ərazidə yolların bağlandığını və nəqliyyatın hərəkətinin dayandırıldığını söyləyiblər.

Xatırladaq ki, məscidi inşa etdirən Mirvaleh Mövsümov Yasamal rayon 27-ci polis bölməsinə aparılmışdı. Məmməd İsgəndərovun verdiyi məlumata görə, dünən səhər o, azadlığa çıxıb. Amma təəssüf ki, M. Mövsümovla əlaqə saxlaya bilmədik.

Əlavə edək ki, Yasamaldakı məscidin sökülməsi ilə bağlı rayon məhkəməsi qərar çıxarmışdı. M. Mövsümov həmin qərardan Apelyasiya Məhkəməsinə şikayət etsə də, sonuncu işi icraata götürməmişdi. Öz növbəsində Mövsümov Avropa Məhkəməsinə müraciət edəcəyini bildirmişdi. /Yeni Müsavat/
***


28 aprel, 09:25
ANS TV-nin polis zorakılığına məruz qalan əməkdaşları ifadə veriblər


Məsələ artıq daxili işlər naziri Ramil Usubovun da diqqətinə çatdırılıb

Ötən gecə Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən peşə fəaliyyətini yerinə yetirərkən zorakılığa məruz qalmış ANS TV-nin üç əməkdaşı-müxbir Nicat Süleymanov, operator Elmin Muradov, şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev artıq ifadə veriblər. Məsələ daxili işlər naziri Ramil Usubovun da diqqətinə çatdırılıb. Hadisə zamanı ANS TV-yə 1770 manat ziyan dəyib. Polislər tərəfindən müsadirə olunmuş çəkiliş kaseti isə bu gün günorta saatlarında şirkətə qaytarılıb. Kaset geri qaytarılarkən hadisə ilə bağlı lentə alınmış kadrlar pozulub.

Xatırladaq ki, aprelin 27-nə keçən gecə saat 00.00 radələrində ANS TV-nin əməkdaşları Yasamal rayonu ərazisində Murtuza Muxtarov 190 ünvanında "Məhəmməd Peyğəmbər məscidi" adlanan məscidin söküntüsü ilə bağlı çəkiliş apararkən zorakılığa məruz qalıb. Belə ki, müxbir Nicat Süleymanov müsahibə almaq məqsədi ilə Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev və həmin rayonun Polis İdarəsinin rəisi Möhübbət Hüseynova yaxınlaşıb. Başçı və rəis məlumat verməkdən imtina ediblər. Polis rəisi Möhübbət Hüseynov isə tabeçiliyində olan polis əməkdaşlarına çəkiliş qrupundan kamera və kasetin əllərindən alınması əmrini verib. Bu tələbin qeyri-qanuni olduğunu bildirərək onu yerinə yetirməkdən imtina edən əməkdaşlarımız ərazidə olan təqribən 30 polis işçisinin yumruq və təpiklərinə tuş gəliblər. 3 nəfərdən ibarət çəkiliş qrupuna 10 dəqiqə ərzində zor tətbiq edilikdən sonra kamera və kaset onlardan alınıb. Polislər hətta jurnalistləri idarəyə aparacaqları ilə hədələyiblər. Çəkiliş qrupunun kamerası isə yararsız hala salınıb.
 
  • Yazılıb
  • da (də) 2009 Apr 30