Tarix : 2009 May 04
Kod 11704

Azərbaycan Hüquq-mühafizə orqanlarının Neft Akademiyasına silahlı basqınla bağlı rəsmi məlumatı

Mayın 4-də Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla əlaqədar yeni məlumat yayıb
Azərbaycan servisi/Aran Agentliyi
Mayın 4-də Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqınla əlaqədar yeni məlumat yayıb.

Cari il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında günahsız insanların qəsdən öldürülməsi və həyatlarına sui-qəsd faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İstintaq qrupu tərəfindən hadisə yeri və Dövlət Neft Akademiyasının 2-ci korpusu tam müayinə olunmuş, maddi sübut kimi cinayəti törətmiş şəxsin üzərində olan “Makarov” tapançası, habelə patron, giliz, qan nümunələri və digər maddi sübutlar götürülərək çoxsaylı ekspertizalar keçirilmişdir.

Müəyyən olunmuşdur ki, cinayəti törətmiş Qədirov Fərda Əsəd oğlu 1980-ci ildə Gürcüstanın Marneuli rayonunun Daştəpə kəndində anadan olmuş, uzun müddət Rusiya Federasiyasında yaşamaqla 2008-ci ilin oktyabrında doğulduğu kəndə qayıtmışdır. 2009-cu il martın 12-də “Marneuli-Bakı” sərnişin avtobusunun sürücüsünün köməkçisi işləyən Marneuli şəhər sakini Qabulov Ariz Zahid oğlu ilə həmin şəhərdə görüşən Fərda Qədirov Bakıda kirayə mənzil axtardığını bildirmişdir. Ariz Qabulov paytaxtın Nizami rayonu, Çobanzadə küçəsində yerləşən, qardaşı - Marneuli şəhər sakini Arif Qabulova məxsus birotaqlı mənzili ona kirayəyə verməyə razılaşmışdır. Ertəsi gün onlar avtobusla Bakıya gəlmiş və Fərda Qədirov həmin mənzili təhvil almışdır.

Həmin ünvanda aparılmış axtarış zamanı mənzildən hər biri bir ədəd olmaqla 9 mm kalibrli patron, üzərində canavar təsviri olan sintetik materialdan hazırlanmış qara rəngli maska və istifadə olunmuş rezin tibb əlcəkləri aşkar edilib götürülmüşdür.

Ariz və Arif Qabulov qardaşlarının baş vermiş cinayətdə əlaqələrinin olub-olmaması yönümündə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində Fərda Qədirovun köməkçisi qismində iştirak etmiş həmkəndlisi Əliyev Nadir Şirxan oğlu müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Araşıdrmalar göstərmişdir ki, Fərda Qədirov Qazax rayonu, Daş Salahlı kənd sakini Kazımov Mədət Qafur oğlunun adına sənədləşdirilmiş mobil telefonla Nadir Əliyevlə müntəzəm telefon əlaqəsi saxlamışdır. Sonuncu martın 15-də Bakı şəhərinə gələrək Fərda Qədirovla mütəmadi görüşmüşdür.

Nadir Əliyev yarana biləcək maneələri aradan qaldırmaq və planlaşdırılmış cinayətin həyata keçirilməsinə şərait yaratmaq məqsədilə aprelin 30-u saat 9.30 radələrində odlu silahla silahlanmış Fərda Qədirovla birlikdə Dövlət Neft Akademiyasının inzibati binasının qarşısına gələrək cinayətin törədilməsində iştirak etmişdir. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Nadir Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə cinayəti törətmiş Fərda Qədirovla qohumluq əlaqələri olan və hadisədən əvvəl onunla müntəzəm əlaqə saxlamaqla martın 12-də Bakı şəhərinə gəlmiş Marneuli rayonunun Şulaveri qəsəbə sakini Amirov Cavidan Fərman oğlu da müəyyən edilərək istintaqa cəlb olunmuşdur. Onun yaşadığı mənzildə aparılmış axtarışla “AKM” avtomatına və “Makarov” tapançasına aid 12 ədəd patron, habelə 5,04 qram çəkidə narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülmüşdür. Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Cavidan Amirov barəsində də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Onun törədilmiş cinayətlə əlaqəsinin olub-olmaması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Prosessual araşdırmalar zamanı 300-dən artıq şahid, o cümlədən hadisəni mobil telefonlarının videokamerasına yazmış şəxslər müəyyən edilərək dindirilmiş və müvafiq videoçəkilişlər onlardan götürülmüşdür.

Xüsusi qeyd olunmalıdır ki, maddi sübut olan giliz və güllələrin ilkin tədqiqatı nəticəsində onların yalnız bir silahdan – “Makarov” tapançasından atıldığı müəyyən edilmiş, habelə hadisə yerində digər hər hansı silah və ya giliz aşkarlanmamışdır. Aparılmış ekspert müayinələri ilə tapılmış giliz və güllələrin Fərda Qədirovun üzərindən götürülmüş “Makarov” tapançasından atıldığı, eləcə də onun cinayətdə istifadə etdiyi məhz bu silahla gicgah nahiyəsinə bir atəş açmaqla özünü öldürməsi sübuta yetmişdir.

Hadisənin şahidləri və zərərçəkmişlər Fərda Qədirovun tanınmaya təqdim edilmiş fotoşəkli əsasında cinayətin məhz onun tərəfindən törədildiyini birmənalı olaraq göstərmişlər. Həmçinin bu qanlı cinayəti törədənin atası Rusiya Federasiyasında yaşayan Əsəd Qədirov da tanınma üçün təqdim edilmiş meyitin oğlu Fərda olduğunu təsdiqləmişdir.

Bütün bunlara baxmayaraq, son günlər sözügedən cinayətlə əlaqədar bəzi kütləvi informasiya vasitələrində bir çox hallarda peşə davranışı qaydalarına riayət olunmadan, bəzən də hadisə barədə insanlarda yanlış fikirlər, cəmiyyətdə çaşqınlıq yaradan və reallığa söykənməyən məlumatlar yayılır. Qərəzli şəkildə və ya bilməyərəkdən ortaya çıxan belə məlumatlar bu ağır cinayətdə bəzi xarici qüvvələrin iştirakının olub-olmaması fərziyyəsinin yoxlanılıb əsl həqiqətin müəyyən edilməsinə maneçilik törədən zərərli cəhdlər kimi qiymətləndirilir.

O da qeyd olunmalıdır ki, məhkəmə-ballistik ekspertiza ilə Fərda Qədirovun üzərindən götürümüş “Makarov” tapançasından Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, mərhum general-leytenant Rail Rzayevin qəsdən öldürülməsində istifadə olunması təsdiqlənməmişdir.

Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, digər iştirakçılarının və törədilmə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri intensiv şəkildə davam etdirilir.

Müvafiq cinayət işi ilə əlaqədar istintaq-əməliyyat qrupunun müəyyən etdiyi digər zəruri məqamlar barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcəkdir.
 
  • Yazılıb
  • da (də) 2009 May 04