Tarix : 2009 May 05
Kod 11728

Azərbaycanda çörək və çörək məhsullarının istehlakı azalıb

Ötən il Azərbaycanda əvvəlki illə müqayisədə çorək və çörək məhsullarından başqa bütün növ ərzaq məhsullarının adambaşına orta illik istehlakı artıb
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən il Azərbaycanda əvvəlki illə müqayisədə çorək və çörək məhsullarından başqa bütün növ ərzaq məhsullarının adambaşına orta illik istehlakı artıb. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi apardığı tədqiqatlar nəticəsində belə qənaətə gəlib. Tədqiqatlar Dünya Bankının metodologiyasına və tövsiyələrinə uyğun olaraq bütün iqtisadi rayonları əhatə etməklə reprezentativ seçmə üsulu ilə ev təsərrüfatlarında sorğu üsulu ilə aparılıb. Tədqiq edilmiş ailələrin 29,0 %-i iri şəhərlərdə, 21,8 %- i rayon mərkəzlərində, 49,2 %-i isə kənd yaşayış məntəqələrində məskunlaşıb. 2008-ci ildə ərzaq məhsullarından kartof, meyvə və giləmeyvə, ət və ət məhsulları əvvəlki illərdən daha çox istehlak edilib. Artım müvafiq olaraq 1,3, 3,9 və 3,5 % təşkil edib.

2008-ci ildə gündəlik qida rasionunun kaloriliyi əvvəlki ilə nisbətən artaraq sutkada adambaşına 2529,6 kilokalori təşkil edib, bu isə Minimum İstehlak Səbətinin tərkibində müəyyən olunmuş ərzaq məhsulları toplusunun minimal həddindən (sutkada adambaşına 2258 kilokalori) 271,6 kilokalori, yaxud 12 % yüksəkdir.

Əhali tərəfindən ərzaq məhsulları istehlakının artması, qida rasionunun quruluşunu dəyişdirərək, onun tərkibi daha rasional və zəngin olan çoxkalorili, zülallı modelə çevirib. İstehlak edilmiş məhsulların tərkibində sutkada adambaşına zülallı maddələr 73,9 qram, yağlar 68,3 qram, karbohidratlar isə 459,9 qram olub.
 
  • Yazılıb
  • da (də) 2009 May 05